Notary activities banner

Azərbaycan haqqında

Azərbaycan tarixi

Azərbaycan Respublikası 1991-ci il oktyabrın 18-dən özünün dövlət müstəqilliyini bərpa edərək dövlətçilik fəaliyyətini uğurla davam etdirir. Xəzər dənizi hövzəsinin qərbində yerləşən Azərbaycan şimaldan Rusiya (Dağıstan), şimal-qərbdən Gürcüstan, qərbdən Ermənistan, cənub-qərbdən Türkiyə və cənubdan İran ilə həmsərhəddir. Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir.

 

Azərbaycan Respublikasının ərazisi rəsmən 86 600 kv.m-dir, əhalisi isə 10 000 000 nəfəri ötmüşdür. Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. Azərbaycan Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurası, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, GUAM, Müstəqil Dövlətlər Birliyi, İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Avropa Yenidənqurma və İnkişaf Bankı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, və digər əhəmiyyətli təşkilatların üzvüdür.

 

Azərbaycan Respublikası əhalisinin gündəlik ünsiyyət vasitəsi və rəsmi dövlət dili Azərbaycan dilidir. Azərbaycan dili geneoloji təsnifata görə türk dillərindən biri olub, həmin dil ailəsinin oğuz qrupuna daxildir və ən yaxın qohumları olan türk, türkmən və qaqauz dilləri ilə birlikdə ərazi prinsipinə görə türk dilləri arealının cənub-qərb qrupunu təşkil edirlər.

 

Azərbaycan ərazisində ilk ibtidai insanların 1,7-1,8 milyon il bundan əvvəl yaşadığına dair ən qədim arxeoloji və paleontoloji materiallar tapılmışdır. Azərbaycanın cənub-qərbindəki Kiçik Qafqaz dağlarının cənub-şərq yamacında yerləşən Azıx mağarası Daş dövrü insanlarının yaşayış yeri kimi məşhurdur.Azərbaycan xalqı təqribən 5 min illik dövlətçilik tarixinə malikdir. Azərbaycan ərazisində ilk dövlət qurumları və ya etnik-siyasi birliklər hələ eramızdan əvvəl IV minilliyin sonu - III minilliyin əvvəllərindən başlayaraq Urmiya hövzəsində yaranmışdır.

 

Burada meydana gəlmiş ən qədim Azərbaycan dövlətləri bütün regionun hərbi-siyasi tarixində mühüm rol oynamışdır.Eramızdan əvvəl I minillikdə - bizim eranın I minilliyinin əvvəllərində Azərbaycan torpaqlarında Manna Atropatena və Albaniya kimi dövlətlər mövcud olmuşdur. Bu dövlətlər Azərbaycanda dövlət idarəçiliyi mədəniyyətinin daha da yüksəldilməsində və ölkənin iqtisadi-mədəni tarixində mühüm rol oynamışlar.III əsrdə Azərbaycan ərazisi Sasanilər İmperiyası, VII əsrdə isə Ərəb xilafəti tərəfindən işğal edildi. İşğallar ölkəyə İrandan və Ərəbistandan İran və ərəb mənşəli əhalinin köçüb gəlməsinə səbəb oldu. Eramızın ilk yüzilliklərində ölkə əhalisinin əksəriyyətini təşkil edən və hərbi-siyasi cəhətdən daha mütəşəkkil və daha qüvvətli olan türk etnosları vahid xalqın təşəkkülü prosesində mühüm rol oynadılar. Türk etnosları içərisində oğuz türkləri üstünlük təşkil edirdi. Həmin dövrdən başlayaraq türk dili Azərbaycan ərazisində yaşayan və sayca az olan xalqlar, etnik qruplar arasında da başlıca ünsiyyət vasitəsinə çevrilərək əlaqələndirici rol oynayır, xalqın formalaşması prosesində iştirak edirdi. Bu amilin o zaman vahid xalqın təşəkkülü prosesində çox mühüm rolu olmuşdur.

 

Azərbaycan xalqı XI əsrdə tam formalaşmışdır.IX əsrin ortalarında Azərbaycan torpaqlarında Sacilər, Şirvanşahlar, X əsrdə isə Salarilər, Rəvvadilər, Şəddadilər dövlətləri yaranmışdır. XI əsrdən etibarən isə Azərbaycan ərazisi Səlcuqların yürüşlərinə məruz qalmış və bütün Azərbaycan torpaqları vahid Səlcuq dövləti altında birləşdirilmişdir. Bu dövrlərdə yaranan və fəaliyyət göstərən Azərbaycan Atabəylər Dövləti çox böyük əraziləri birləşdirərək Azərbaycan dövlətçiliyində böyük rol oynamışdır. XIII əsrdən isə Monqollar Azərbaycan ərazisinə yürüş etməyə başlamışlar. Bunların nəticəsi olaraq monqol əsilli Hülakülər dövləti bu ərazilərdə hökmranlıq etməyə başlamışdır. Hülakülər sülaləsinin ardınca isə Azərbaycan ərazisində Cəlairilər sülaləsinin hakimiyyət dövrü başlamışdır.

 

Azərbaycan tarixi