Media

15 iyun – Milli Qurtuluş günüdür!

Hər il respublikamızda iyunun 15-i Milli Qurtuluş Günü kimi qeyd olunur. Cəmiyyətin bütün təbəqələrinin nümayəndələri müasir Azərbaycanda sabitliyin, iqtisadi inkişafın, sosial rifahın, milli həmrəyliyin əsasının qoyulduğu Qurtuluş Gününü fərəh və məmnunluq, həmçinin minnətdarlıq hissi ilə qeyd edir.

Bu şanlı tarix səhifəsini yaradan isə yenə də Azərbaycanımızın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan bir şəxsiyyət – Heydər Əliyevdir.

Zamanında məsul vəzifələrdə çalışaraq Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sədri olmuş (1969-1982), daha sonra Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olmuş Heydər Əliyev hakimiyyətə qayıtdı. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu.

Milli qurtuluş sözün geniş mənasında Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyini təmin etdi. Xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdı. Ulu Öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bununla da, ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olundu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd olunur.

Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu Öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi. Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ onu qoruyub inkişaf etdirmək idi və bu, Ümummilli Liderin iradəsi sayəsində reallığa çevrildi. Heydər Əliyev milli dövlətçiliyimizin konsepsiyasını yaratdı. Bütün maneələrə baxmayaraq ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu. Heydər Əliyev iyunun 20-də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə yerli və xarici jurnalistlər üçün brifinq keçirdi. İyunun 21-də isə bir sıra ölkələrin diplomatları ilə görüşdü. Bu sahədə yürüdülən siyasət respublikanı informasiya blokadasından çıxardı. Dünyada ölkəmizlə bağlı formalaşan fikir müsbət yönümdə dəyişdi. Məhz belə bir mürəkkəb siyasi şəraitdə Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi. Ümummilli Liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, xarizması, qətiyyəti, uzaqgörənliyi böhrana son qoydu, xalqımız Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdi. Ümummilli Liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyuldu, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas oldu. Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi, Azərbaycanın dünya birliyinə inteqrasiyası başlandı.

Ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçmişdir. Ölkəmizin inkişaf strategiyası məhz ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmişdir. Bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi Azərbaycandır. 

Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Bu günün fövqündən baxanda Azərbaycanın gələcəyi daha işıqlı və firavan görünür.

Xalqımızı Milli Qurtuluş günü münasibətilə təbrik edir, dövlətimizə əbədi və sarsılmaz müstəqillik arzulayırıq!

 

Mənbə:

 

Prezidentin Kitabxanası,

Azərbaycan Milli Elmlər Akademiyası