Media

Rusiyanın Yuqra (Xantı-Mansiysk) şəhərində XII Beynəlxalq İT Forumu keçirilmişdir.

15-18 iyun tarixlərində  Rusiya Federasiyasının Xantı-Mansiysk Muxtar Dairəsinin Yuqra şəhərində XII Beynəlxalq İT Forumu çərçivəsində BRİKS və ŞƏT ölkələrinin, o cümlədən Rusiya Federasiyasının dövlət orqanları nümayəndələrinin, ali təhsil müəssisələrinin, banklar, Rusiya Federal Notariat Palatası və Avstriya, Almaniya, Azərbaycan və Qazaxıstan notariat palatalarının nümayəndələrinin iştirakı ilə canlı və onlayn formatda geniş miqyaslı tədbir keçirilmişdir.

 

Açılış nitqi ilə tədbirdə Xantı-Mansiysk Muxtar Dairəsinin qubernatorunun müavini Yuliya Konyayeva çıxış edərək rəqəmsal texnologiyaların tətbiqinə əhali arasında tələbatın artdığını və elektron xidmətlərin inkişafı vətəndaşlara göstərilən dövlət xidmətləri və aparılan notariat hərəkətləri zamanı kağız daşıyıcıda olan arayışlardan və digər sənədlərdən istifadəni aradan qaldırdığını qeyd etmişdir.

 

Rusiya Federasiyası Ədliyyə Nazirliyinin Sverdlovsk vilayəti üzrə Baş İdarəsinin rəisi Dmitri Pavin notariat ictimaiyyəti qarşısında çıxış edərək elektron notariatın düzgün istiqamətdə inkişaf etdiyinə əminliyini ifadə edərək və hüquqşünas peşəsinin, xüsusilə notarius peşəsinin gələcək istiqamətlərindən, yeni texnologiyaların bu peşəyə tətbiqi, elektron notariata keçidin notariat üçün təbii təkamül yolu olduğunu, notariat hərəkətlərinin məsafədən və distant formada aparılmasının hüquqi münasibətlərin təhlükəsizliyini və etibarlılığını təmin edəcəyini, vətəndaşlar və biznes üçün daha rahat xidmətlər yaradacağını bildirmişdir.

 

Rusiya Federal Notariat Palatasının prezidenti Konstantin Korsik beynəlxalq konfransının iştirakçılarını onlayn rejimdə salamlayaraq qeyd etmişdir ki, notariuslar elektron notariata keçidlə öz məsul missiyasını yerinə yetirməyə davam edirlər. Notarius dövlətin nümayəndəsidir və yeni formatlarda o, vətəndaşlara, biznes nümayəndələrinə notariat xidmətlərinin tətbiqi yolu ilə öz hüquqlarının müdafisini daha rahat və təhlükəsiz şəkildə həyata keçirməyə köməklik göstərdiyini vurğulamışdır.

 

Almaniya Federativ Respublikasının Martin Lüter adına Qalle-Vittenberq Universitetinin hüquq və iqtisadiyyat fakültəsinin Beynəlxalq İqtisadi hüquq və müqayisəli hüquqşünaslıq üzrə professoru Azər Əliyev öz məruzəsində daşınmaz əmlaka dair məlumatların kağız sənəddə və elektron məlumat bazalarında fərqlənməsi ilə bağlı aktual problem qaldırmışdır. Qeyd edilmişdir ki, Rusiyada Rosreestr orqanları kağız sənəddə Daşınmaz Əmlak haqqında məlumatları daha düzgün hesab edirlərsə, Almaniyada əksinə hakimlərin apardığı elektron reyestrlərə üstünlük verilir.

 

Qazaxıstan Respublikasının, Nur-Sultan şəhərindən olan notarius - Oleq Polumordvinov və Avstriyanın Vayndhofen-an-der-Taya şəhərindən olan notarius Mihael Mülner öz ölkələrində notariat hərəkətlərinin rəqəmsallaşma vəziyyətindən bəhs etmişlər.

 

Azərbaycan Notariat Palatasını tədbirdə “Notariat xidmətləri sahəsində idarələrarası elektron qarşılıqlı fəaliyyətin təşkil olunması” mövzusunda Azərbaycan Notariat Palatasının İdarə Heyətinin üzvü, Bakı şəhəri 28 saylı notariat ofisinin notariusu Elmar Kərimov və Azərbaycan Notariat Palatasının “Elektron notariatın inkişafı” üzrə işçi qrupunun üzvü, Bakı şəhəri 34 saylı notariat ofisinin notariusu Bektaşi Sübhi təmsil etmişlər.

 

E.Kərimov öz çıxışında elektron notariatın imkanları barədə ümumi məlumat verərək vurğulamışdır ki, Elektron notariatın təkmilləşdirilməsi notariat fəaliyyətinin ən vacib inkişaf istiqamətlərindən biridir və bu istiqamət daim diqqətdə saxlanılır. Bununla bağlı, Azərbaycan Respublikasında həm qanunvericilik, həm də informasiya-texniki imkanların artırılması istiqamətində ardıcıl işlər görülür.

 

Daha sonra, S.Bektaşi mövzunu davam etdirərək, Azərbaycan Respublikasında notariat hərəkətlərinə dair bütün sənədlərin, bütün notariat hərəkətlərinin istisnasız olaraq “Elektron notariat” informasiya sistemi vasitəsilə tərtib və təsdiq edildiyini, arxivləşdirildiyini və bu sistemin, həmçinin bütün notariusları vahid şəbəkədə birləşdirdiyini bildirmişdir.  O, Azərbaycan Respublikasında dövlət orqanlarının 10-dan çox informasiya sisteminin, onların informasiya və texniki resurslarının və funksiyaların elektron notariatla inteqrasiya olunması imkanlarından, həmçinin “Elektron notariat” müstəvisində hazırlanan və  tətbiq edilən, dünyada ilkin təcrübə kimi qəbul edilən yeniliklərdən ətraflı bəhs etmişdir.

 

Yekun olaraq, konfrans iştirakçıları Xantı-Mansiyskdə keçirilən beynəlxalq İT-forumun rəqəmsal notariatın inkişafı ilə bağlı mövzuları müzakirə etmək üçün yaxşı fürsət olduğunu, həmçinin Rusiya və xarici notariuslar tərəfindən informasiya texnologiyalarının istifadəsinin müasir vəziyyətini və perspektivlərini təhlil etməyə imkan yaratdığını və faydalı təcrübə mübadiləsi olduğunu bildirmişlər.