Media

13.09.2021-ci il tarixdə Azərbaycan Notariat Palatasının “Elektron notariatın inkişafı üzrə” İşçi qrupunun geniş iclası keçirilmişdir.

İclasa sədrlik edən Azərbaycan Notariat Palatasının İdarə heyətinin sədri Hüseyn Məmmədov iclası açaraq bildirdi ki, hazırda rəqəmsal inkişaf cəmiyyətin bütün sahələrinin hərəkətverici qüvvəsidir və rəqəmsal inkişaf istiqamətində ədliyyə sahəsində, o cümlədən notariat fəaliyyətdə son illər ardıcıl, hərtərəfli işlər görülməkdədir. Notariat Palatasının tərkibində yaradılan “Elektron notariat inkişafı üzrə” İşçi qrupunun əsas fəaliyyət istiqaməti də məhz notariatın elektron (rəqəmsal) imkanlarının genişləndirilərək notariat fəaliyyətinin səmərəliliyinin artırılması və vətəndaşlara daha rahat, operativ xidmət göstərməklə bu sahədə qarşıya qoyulan vəzifə və tapşırıqların təmin edilməsindən ibarətdir.

 

İşçi qrupunun iclasında Azərbaycan Notariat Palatasının  “Elektron notariatın inkişafı üzrə” İşçi qrupunun sədri Kənan Rəhmanov (Bakı şəhəri 50 saylı notariat ofisinin notariusu),  İşçi qrupun koordinatoru və elektron notariat məsələləri üzrə təşkilatçısı Zaur Həsənov (Qeydiyyat və notariat baş idarəsinin məsləhətçisi), üzvlər- Aytəkin Qasımova (1 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin notariusu), Sübhi Bektaşi (Bakı şəhəri 34 saylı notariat ofisinin notariusu), Süleyman Məmmədov (Bakı şəhəri 17 saylı notariat ofisinin notariusu), Dəyanət Tağıyev (Qusar rayon notariat ofisinin notariusu), Əmirəli Əmirəliyev (Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisinin notariusu) və Xanım Camalova (Notariat Palatasının əməkdaşı) iştirak etmiş və elektron notariatın təkmilləşdirilməsi ilə bağlı geniş müzakirələr aparmışlar.

 

İşçi qrupunun iclasında elektron notariatın aktual məsələləri- elektron reyestr və vahid nömrələnmə qaydasının tətbiqi, “Elektron notariat” informasiya sisteminin imkanlarının genişləndirilməsi, operativləşdirilməsi və vaxt itkisinin azaldılması üçün təkliflər, eləcə də mövcud çatışmazlıqlar müzakirə edilmişdir. Həmçinin, etibarnamənin əsli olmadan surəti əsasında notariat hərəkətlərinin rəsmiləşdirilməsinin elektron imkanları, elektron notariat platformasında daktiloskopik eyniləşdirmə ilə bağlı təkliflər üzrə müzakirələr aparılmışdır.

 

Bundan başqa, “Elektron notariat” informasiya sisteminə məlumat axtarışında yeni axtarış parametirlərinin əlavə edilməsi və aktivləşdirilməsi, daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilələrə xitam verilməsi üçün funksionallığın hazırlanması, açılmış vərəsəlik işlərinin ərizələrinin elektron sistem vasitəsi ilə avtomatik qaydada tərtib edilməsi, tərcüməçilərin elektron imzası məsələsi və tərcüməçilərinin reyestrinin yaradılması zərurəti və digər bir sıra yeniliklərin əlavə olunması üzrə təkliflərin hazırlanması və bu istiqamətdə işlərin görülməsi nəzərdə tutulmuşdur.

 

Həmçinin “Mobil notariat” tətbiqinin imkanlarının genişləndirilməsi, o cümlədən yeni notariat hərəkətlərinin tətbiqə əlavə edilməsi, “Mobil notariat” tətbiqində tez-tez verilən suallar bölməsinin yaradılması, tətbiq vasitəsi ilə əmlakın özgəninkiləşdirilməsinə dair razılıq ərizəsinin ləğvi, tətbiqi qiymətləndirmək imkanı yaratmaq və digər yeniliklərin hazırlanması barədə müzakirələr aparılmışdır.