Media
Noyabr ayının 22-si ədliyyə işçilərinin peşə bayramı günüdür
1918-ci il may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə Azərbaycanda dövlətçiliyin yeni mərhələsi-demokratik idarəçilik ənənələrinin formalaşması prosesi başlandı və mütərəqqi ictimai-siyasi görüşlərə söykənən dövlətçilik ənənələrinin Şərqdə təməli qoyuldu. İlk müstəqil demokratik dövlətin qurulması ilə eyni gündə Ədliyyə Nazirliyi təsis olunmuş, 1918-ci il noyabr ayının 22-də isə onun Əsasnaməsi təsdiq edilmişdir. Ədliyyə Nazirliyi Cümhuriyyətin mövcud olduğu 23 ay ərzində ölkənin hüquq sisteminin, ədliyyə və məhkəmə fəaliyyətinin bərpası və təkmilləşdirilməsi, dövlət dili olan Azərbaycan dilini bilən şəxslərin işə cəlb olunması, mühüm qanun layihələrinin hazırlanması və s. istiqamətlərdə misilsiz xidmətlər göstərmişdir.
Azərbaycanda ədliyyə sisteminin yenidən inkişafı ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edir. 27.12.1970-ci il tarixdə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyinin yenidən yaradılması Azərbaycan ədliyyəsinin tarixində mühüm rol oynamış və bu sahədə formalaşan təcrübə bugünkü ədliyyə sisteminin qurulmasına öz töhfəsini vermişdir.
1991-ci ildə SSRİ-nin süqutundan sonra Azərbaycan dövlət müstəqilliyini bərpa etmiş, dövlət quruculuğunun, müstəqilliyimizin möhkəmləndirilməsi yolunda daha qətiyyətli addımlar atılmışdır.
Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə ictimai həyatın bütün sahələrində köklü islahatlar həyata keçirilmiş, islahatların ən geniş vüsət aldığı sahələrdən biri də hüquq sistemi olmuşdur.
Ulu Öndər Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə noyabr ayının 22-si ədliyyə işçilərinin peşə bayramı günü təsis edilmişdir.
Hazırda təkmil bir struktur kimi formalaşaraq inkişaf edən Ədliyyə Nazirliyi Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan mütərəqqi məhkəmə-hüquq islahatları çərçivəsində müasirləşir, yeni-yeni nailiyyətlərə imza atır. Ədliyyə sahəsində həyata keçirilən islahatların davam etdirilməsini, ədliyyə orqanlarının və məhkəmələrin fəaliyyətinin daha da təkmilləşdirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan ədliyyəsinin inkişafına dair 2019-2023-cü illər üçün” Dövlət Proqramı qəbul edilmişdir. Həmin proqramda ədliyyə və məhkəmə fəaliyyətini tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsi, ədliyyə orqanlarının fəaliyyətində insan hüquq və azadlıqlarının, şəffaflıq prinsiplərinin təmin olunması, beynəlxalq təsisatlar və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın genişləndirilməsi, ədliyyə sahəsində vətəndaş məmnunluğunun yüksəldilməsi və bu sahədə İKT-nin tətbiqinin gücləndirilməsi əsas fəaliyyət istiqamətləri olaraq təsbit olunmuşdur.
Azərbaycan Respublikasında ədliyyə sistemində aparılan davamlı islahatlara uyğun olaraq son illər xüsusi notariat institutunun inkişafı ilə bağlı bir sıra qanunverici və təşkilati tədbirlər həyata keçirilmişdir. Bu tendensiyaya uyğun olaraq, notariat fəaliyyətinin inkişaf etdirilməsi, qanunvericiliyin təkmilləşdirilməsi, notariat fəaliyyəti üçün zəruri olan kadrların tədris işinin təşkil edilməsi, həmçinin notariat sahəsində beynəlxalq əməkdaşlığın aparılması məqsədilə notariusları peşə birliyi şəklində birləşdirən Notariat Palatası yaradılmışdır.
2019-cu ildə elektron xidmət olaraq "Mobil notariat" tətbiqinin istifadəyə verilməsi təkcə ölkəmizdə deyil, dünyanın bir sıra ölkələrində yaşayan Azərbaycan vətəndaşlarına notariat xidmətlərindən qısa zaman kəsiyində yararlanmağa imkan yaratmışdır.
44 günlük Vətən müharibəsi dövründə ədliyyə orqanlarının, o cümlədən notariat ofislərinin çoxsaylı əməkdaşları hərbi xidmətə könüllü olaraq yollanmış, onlar arasında yaralanan və qəhrəmancasına şəhid olanlar da olmuşdur. Torpaqlarımızın işğalda olduğu dövr ərzində Ədliyyə Nazirliyi tərəfindən Ermənistanın ölkəmizə qarşı müharibə cinayətlərinin dünya ictimaiyyətinin diqqətinə dolğun və hərtərəfli çatdırılması istiqamətində məqsədyönlü işlər həyata keçirilmişdir. 70-ə yaxın dövlətin ədliyyə nazirlərinə, dünya prokurorlarına, nüfuzlu beynəlxalq təşkilatlara, o cümlədən 140 ölkəni birləşdirən Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyası, Dünya Bankı, UNICEF, Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi, Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti, Ümumdünya Səhiyyə Təşkilatı və digər qurumlara, habelə Beynəlxalq Hakimlər Assosiasiyasına müraciətlər ünvanlanmış, xarici ölkələrin səfirləri ilə görüşlər təşkil olunmuş, ərazilərimizin 20 faizinin işğal olunaraq azərbaycanlıların etnik təmizləməyə və soyqırıma məruz qalması, dədə-baba yurdlarından didərgin salınması, xalqımıza qarşı törədilmiş müharibə və insanlıq əleyhinə cinayətləri vurğulanmışdır.
Bu gün, zəngin tarixi yol keçən Azərbaycan ədliyyəsinin yaranmasından 104 il ötür. Bu münasibətlə ədliyyə işçilərini təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzu edirik.
Digər Xəbərlər
6-7 dekabr 2024-cü il tarixlərində Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində “Notariat və müasirlik: nikah-ailə münasibətlərinin tənzimlənməsində notariusun rolu” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.
A Memorandum of Cooperation has been signed between the Notary Chamber of Azerbaijan and the Notary Chamber of Belarus
Azərbaycan Notariat Palatasının üzvlərinin diqqətinə