Media

Azərbaycan Notariat Palatasının təşkilatçılığı ilə notariuslar üçün növbəti regional seminar keçirilib

Mayın 16-da Azərbaycan Notariat Palatasının təşkilatçılığı ilə Göygöl rayonunda “Notariat fəaliyyətinin aktual məsələləri” mövzusuna həsr olunmuş seminar keçirilib.
Azərbaycan Notariat Palatasının sədri Hüseyn Məmmədov seminarı giriş nitqi ilə açaraq mövzuların notariat fəaliyyəti üçün aktuallığını və təcrübədə sual doğuran məsələlərdə vahid yanaşmaların zəruri olmasını vurğulayıb. 
Hibrid formatda təşkil olunan seminarın 1-ci hissəsində hüquqi şəxslərin iştirakı ilə həyata keçirilən notariat hərəkətlərinin qanunvericilik əsasları, bu əməliyyatların xüsusiyyətləri və aparılması zamanı təcrübədə yaranan suallar, habelə hüquqi yanaşmaların əsaslandırılmasının vacibliyi məsələləri ətrafında məruzələr edilib və müzakirələr aparılıb.
Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsinin (NQRBİ), Qeydiyyat və reyestr baş idarəsinin Qeyri-kommersiya qurumları şöbəsinin rəisi Müslüm Şəfiyev “Hüquqi şəxslər və onların fəaliyyətinin tənzimlənməsi üzrə qanunvericiliyin aktual müddəaları”, NQRBİ-nin baş məsləhətçisi İsmayıl Mahmudov “Hüquqi şəxslərin təsis paylarının özgəninkiləşdirilməsinin nəzəri və praktiki məsələləri”, böyük məsləhətçisi Müşfiq Cəfərov “Hüquqi şəxslərin iştirakı ilə aparılan əməliyyatlara “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə” haqqında Qanunun tələblərinin icrası ilə bağlı əsas tələblər”, Sumqayıt şəhəri 1 saylı notariat ofisinin notariusu Rəşad Haqverdiyev isə hüquqi şəxslərin fəaliyyətinin tənzimlənməsində notariusun iştirakının təcrübi məsələləri” mövzularında çıxış ediblər.
Seminarın 2-ci hissəsində notariat təcrübəsində vərəsəlik işlərinin aparılmasının aktual məsələləri ətrafında məruzələr dinlənilib və disskusiyalar aparılıb.
Palatanın İdarə heyətinin üzvü, Bakı şəhəri 50 saylı notariat ofisinin notariusu Kənan Rəhmanov “Hazırki dövrdə vərəsəlik işlərinin aparılmasının xüsusiyyətləri, yeni tənzimləmələr”, Etika şurasının sədri, Qəbələ regional “ASAN xidmət” mərkəzində notariat ofisinin notariusu Tamerlan Qurban isə vərəsəlik işlərinin aparılması zamanı respublikanın bölgələrində rastlaşılan xüsusiyyətlər və onların həlli təklifləri” mövzuları üzrə çıxışlar ediblər.
Seminar mövzuları ətrafında geniş diskussiyalar aparılıb və təkliflər verilib.
Seminarda 40-a yaxın notarius canlı, 100-ə yaxın notarius onlayn qaydada, həmçinin NQRBİ-nin və Azərbaycan Notariat Palatasının əməkdaşları iştirak ediblər.
Seminar iştirakçıları tədbirin notariat fəaliyyətinin hüquq tətbiqi praktikasının təkmilləşdirilməsi və notariat əməliyyatlarının icra olunması prosesində vahid yanaşmaların müəyyən olunmasına həm nəzəri, həm də praktiki baxımdan dəstək olmasını vurğulayıblar.