Media

Peşənin gələcəyi: niyə görə hüquqşünaslar mediasiyasız keçinə bilməyəcəklər?

Mediasiya müasir peşəkarlar üçün nəinki sərfəli, həm də sözün əsl mənasında zəruridir. Bu institutun populyarlığının səbəbləri və hüquq elminin gələcəyi haqqında LF Akademiyanın ekspertləri danışıblar.

 

Soft skills-ə böyük təcrübə qədər dəyər verilən dünyada mediasiya gözlənildiyi kimi, populyar instituta çevrilir. Ekspertlər hüquqşünasların gələcəyinin mediasiyasız praktik olaraq təsəvvüredilməz olması məsələsində həmfikirdirlər və qlobal peşəkar ictimaiyyət bunu artıq dərk edir. İri beynəlxalq şirkətlər getdikcə məhkəmədə qalib gəlməkdən daha çox münaqişə tərəflərini barışdırmaq qabiliyyətinə malik mütəxəssislər axtarmağa üstünlük verirlər. “Onlar məhkəmədə işləri udan hüquqşünaslar deyil, işi məhkəməyə çatdırmayan hüquqşünaslar tapmaqda maraqlıdırlar. Peşəkar hüquqşünasın effektivliyi beynəlxalq praktikalarda məhkəmədə udulmuş işlərin sayı ilə deyil, məhkəməyə çatdırılmamış işlərin sayı ilə müəyyən edilir”, – professor, RF Ali Məhkəməsi yanında Elmi-konsultasiya şurasının üzvü, sertifikatlaşdırılmış mediator Svetlana Zaqaynova qeyd edir.

 

Mediasiyanın artan populyarlığı və müvafiq profilli hüquqşünasların zəruriliyi qlobal trendlərlə yanaşı bir sıra səbəblərlə şərtlənir ki, onların da arasında Svetlana Zayqanova aşağıdakıları qeyd edir:

 

  • Müştərilər üçün effektivlik. İstənilən prosesin iştirakçısına konkret məhkəmə qərarının qəbul edilməsi faktından daha çox onun real nəticəsi, məsələn, mala görə ödəniş və ya baş tutmuş tədarük vacibdir. “Mediasiyada biz konkret subyektlərin maraqları nəzərə alınmaqla işlənib hazırlanmış qərar əldə edirik. Məhkəmə qərarı şəxsə qarşı laqeyddir <…> Mediasiyadan söhbət gedirsə, burada onların şəxsiyyəti, fərdiliyi, şəxsi maraqları nəzərə alınır. Buna görə də, mediasiya çərçivəsində qərarların işlənib hazırlanmasından danışarıqsa, o həmişə konkret şəxsin maraqlarını nəzərə alır. Təkcə qərar modelinin özü deyil, həm də dərhal bu qərarın praktikada gerçəkləşdirilməsi işlənir. Və görünür bizdə bu cür razılaşmaların praktikada icra edilmə faizinin bu qədər yüksək olması bununla bağlıdır. RF AM-in mediasiya haqqında qanunun əməli tətbiqinin ümumiləşdirilməsinə dair arayışlarına baxsaq, görərik ki, praktik olaraq bütün mediasiya razılaşmaları könüllü icra olunur və bu cür razılaşmaların etibarsız hesab edilməsi, mübahisələndirilməsinə dair iddialar demək olar ki yox səviyyəsindədir”, - Svetlana Zaqaynova şərh edir.
  • Böyük məhkəmə yükü. “Hər il məhkəmələrdə işlərin sayının iki milyon artmasını başa düşürüksə, deməli, bu ədalət məhkəməsinin keyfiyyətində də əks olunur. Buna görə də, bu gün dövlətin siyasəti mübahisənin məhkəmədənkənar tənzimlənməsinə yönəldilib. Hüquqşünas olaraq, istəyib, istəmədiyimizdən asılı olmayaraq, biz bu şəraitdə işləməyə məcburuq”, - ekspert hesab edir.
  • Müştərilərin qorunub saxlanması və iqtisadi fayda. Mediasiya prosesi sadələşdirməyə və məhkəmə araşdırmalarına sərf oluna biləcək vaxta qənaət etməyə və deməli, xərcləri əhəmiyyətli dərəcədə azaltmağa imkan verir. Effektivlik və fərdi yanaşma ilə birlikdə bütün bunlar hüquqi firmaların müştərilərinə böyük üstünlüklər verir. Bu cür nailiyyətlər hüquqşünaslara əla reputasiyanı qoruyub saxlamağa və münaqişə vəziyyətində müştərilərin daimi müraciətlərini təmin etməyə imkan verir.

 

Rusiya hüquq firmaları mediasiyanın qəbul edilməsindən hələ çox uzaqdırlar, MDU-nun mülki proses kafedrasının professoru, Barışdırıcı prosedurların (mediasiya prosedurunun) tənzimlənməsinin təkmilləşdirilməsi üzrə İdarələrarası işçi qrupunun ekspert seksiyasının üzvü Yelena Borisova etiraf edir. Nümunə olaraq o beş ən iri yerli hüquq bürosunun rəsmi saytlarının təhlilini gətirir. “Beş saytdan yalnız birində “Mübahisələrin həlli” bölməsində, sonda, axırdan əvvəlki yerdə hətta “mediasiya” sözü belə qeyd edilmədən “sülh tənzimlənməsi” göstərilib. Dörd ən iri hüquq bürosunda bu sətir ümumiyyətlə yoxdur. Bu müasir hüquq ictimaiyyətinin, vəkillər cəmiyyətinin adı çəkilən beş büronun simasında mediasiya prosedurunun imkanları, perspektivlərinə necə münasibət bəsləməsinin göstəricisidir. Mediasiyaya tələbatın yaranması üçün o, ilk növbədə, hüquq cəmiyyəti tərəfindən qəbul edilməlidir”, - Yelena Borisova deyir.

Onun fikrincə, mediasiya proseduruna etinasız yanaşma, birincisi, şirkət üçün iqtisadi nəticələr doğura bilər – müştərilər, o cümlədən, xarici müştərilər çox zaman bu cür xidmətin olması və ya olmamasına diqqət yetirirlər. İkincisi, mediasiyanı praktikanın inkişafı kimi nəzərdən keçirmək və müəyyən dərəcədə mübahisənin məhkəməyəqədər tənzimlənməsinə bərabər tutmaq olar ki, bu da iddia zamanı onun verilməsi və rəsmiləşdirilməsi prosedurunu sadələşdirəcək. Belə ki, professor, Voronej dövlət universitetinin mülki proses kafedrasının müdiri, VDU-nun Hüquqi innovasiyalar və barışdırıcı prosedurlar mərkəzinin rəhbəri Yelena Nosırevanın qeyd etdiyi kimi, mediasiya artıq ali məhkəmələr səviyyəsində tanınıb və onların mövqeyi göstərir ki, bu gün mediasiya proseduruna müraciət etmək olar və lazımdır.

Bu cür vəziyyətə rusiyalı hüquqşünasların hamısı hazır deyil. “Biz praktikada tərəflərin əməkdaşlığa, razılaşmağa hazır olduğu, iştirak edən vəkillərin isə nə təmsil etdikləri şəxs, nə də digər tərəflə əməkdaşlığa hazır olmadıqları və müəyyən şəkildə mane olduqları vəziyyətlərlə rastlaşırıq. Hüquqşünasların hansı mövqe ilə gəlməsi çox vacibdir”, - Yelena Nosıreva şərh edir. Lakin ekspertlər belə nəticəyə gəlirlər ki, gec-tez hüquqşünasların sadəcə başqa çıxış yolu qalmayacaq. “Bizim fikrimizcə, hüquqşünasların hüquqi mübahisələrin həlli üzrə peşəkarlar kimi gələcəyini mediasiyasız təsəvvür etmək mümkün deyil. Tendensiyanı davam etdirsək və kimin məhkəmədə nə qədər iş udduğunu hesablasaq, fikrimcə, 20-30 il sonra biz hüquq peşəsi ilə vidalaşa bilərik”, Svetlana Zayqanova qeyd edir.

Hətta hüquqşünasın mediator olmağı planlaşdırmadığı halda belə, o gec-tez prosedurda iştirak etmək zərurəti ilə qarşılaşa bilər. Bu proses, Yelena Nosıreva qeyd edir, ilk baxışdan yüngül görünə bilər. Reallıqda isə mütəxəssisə istər proses haqqında ixtisaslaşdırılmış biliklər, istərsə də mediativ texnikalar tələb olunacaq. Bununla belə, bu təkcə zərurət deyil, həm də böyük üstünlüklər, məsələn, soft skills vərdişlərinin inkişaf etdirilməsidir. “Bu gün fayda çox böyükdür. Mediativ texnikalar – istənilən peşə fəaliyyətində istifadə edilə biləcək kommunikativ vərdişlər dəstidir. Bu gün onlar soft skills vərdişlərinə aiddirlər. Dinləmək bacarığı, aktiv və ya şüurlu dinləmə, tərəflərin ehtiyaclarının müəyyən edilməsi məqsədi ilə düzgün suallar formalaşdırmaq bacarığı, təkliflər vermək, güzəştlərə getmək bacarığı – bütün bunlar münaqişə ilə səmərəli işi təşkil edir. Hüquqi təhsil “biz yalnız məhkəməyə gedəcəyik” stereotipindən uzaqlaşmalıdır”, - Yelena Nosıreva qeyd edir.

 

Yelena Borisova ixtisas artırmanın eyni zamanda bir neçə üstünlüyünü göstərir:

  • Məmnuniyyət. “Bu sürəkli mübarizə nəticəsində deyil, barışıq yolu ilə əldə edilmiş müsbət nəticədir”, - ekspert vurğulayır;
  • Problemin səs-küysüz həll edilə bilmə mümkünlüyünün başa düşülməsi;
  • Yaxşı qazanc.

Mənbə: www.lfacademy.ru