Media
Notariusların peşə hazırlığının və ixtisas səviyyəsinin artırılması istiqamətində təlimlərin keçirilməsi davam etdirilir
Azərbaycan Notariat Palatası Beynəlxalq Notariat İttifaqının Beynəlxalq Notarial Əməkdaşlıq Komissiyası ilə birgə 11 oktyabr 2021-ci il tarixdə “Notariat təcrübəsində çirkli pulların yuyulmasının qarşısının alınması” mövzusunda notariusların iştirakı ilə videokonfrans formatında onlayn təlim təşkil etmişdir.
Azərbaycan Notariat Palatasının İdarə Heyətinin sədri Hüseyn Məmmədov videokonfrans iştirakçılarını salamlayaraq bildirdi ki, Azərbaycan Respublikasında notariatın təkmilləşdirilməsi yönündə ardıcıl işlər davam etdirilir və bu tədbirlər içərisində notariusların peşə hazırlıgının və ixtisas səviyyəsinin artırılması xüsusi əhəmiyyət daşıyır.
H.Məmmədov görüşün mövzusuna diqqət çəkərək bildirdi ki, çirkli pulların yuyulmasına qarşı mübarizə tədbirləri mülki dövriyyənin şəffaflığının təmin edilməsini şərtləndirən amillərdəndir.Notariat icraatı, müəyyən olunmuş qaydalar çərçivəsində çirkli pulların yuyulmasının hüquqi yollarla qarşısının alınması prosesinin həlqələrindən biridir.
Sonra, videokonfrans proqram çərçivəsində çıxış etməsi üçün Litva Notariat Palatasının prezidenti Marius Straçkaytisə söz verilmiş və o öz məruzəsində qeyd etmişdir ki, Litvada çirkli pulların yuyulmasına qarşı mübarizənin həyata keçirilməsi baxımından notariusların vəzifələri 1998-ci ildə, Litvada “Çirkli pulların yuyulmasının qarşısının alınması və terrorçuların maliyyələşdirilməsi haqqında” Qanunun qüvvəyə minməsi ilə müəyyən edilmişdir. Mövcud hüquqi tənzimləməyə uyğun olaraq, “Çirkli pulların yuyulmasının və terrorçuların maliyyələşdirilməsinin qarşısının alınması haqqında” Qanuna əsasən notariusların yerinə yetirilməli olduqları əsas öhdəliklər bu qaydada fərqləndirilir: 1)Müştərinin şəxsiyyətinin müəyyən edilməsi; 2)Maliyyə Cinayətlərinin Araşdırılması Xidmətinə məlumat verilməsi.
Cənab Marius Straçkaytis çıxışını davam etdirərək bildirmişdir ki, Litva notariusları "Çirkli pulların yuyulması haqqında" Qanunda müəyyən edilmiş xüsusi öhdəlikləri sistematik şəkildə həyata keçirirlər - hüquqi şəxsin benefisiarını müəyyənləşdirir, müştərinin şəxsiyyətini müəyyən etmək üçün genişləndirilmiş tədbirləri görür, həmçinin şübhəli sövdələşmələr və nağd əməliyyatlar haqqında məlumatı Maliyyə cinayətlərinin araşdırılması Xidmətinə ötürürlər. Bu funksiyaların düzgün yerinə yetirilməsi yalnız milli miqyasda çirkli pulların yuyulması ilə mübarizə üçün təsirli və dayanıqlı bir sistemin təmin edilməsi üçün, eləcə də notariusun cinayət əməlləri törətmiş şəxslərin notarial qaydada təsdiqin böyük hüquqi qüvvəyə malik olduğu hüquqi vasitələrdən istifadə etmək cəhdlərindən qorunması üçün son dərəcə vacibdir.
Daha sonra, Almaniya Federal Notariat Paltasının eksperti xanım Maria Meyer “Notariat təcrübəsində çirkli pulların yuyulmasının qarşısının alınması” mövzusunda çıxış edərək, çirkli pulların yuyulmasının qarşısının alınmasının notariuslar üçün aktuallığından bəhs edərək bildirmişdir ki, notariuslar “Çirkli pulların yuyulması haqqında” Qanun daxilində xüsusi «öhdəlik daşıyanlar» hesab olunurlar. “Çirkli pulların yuyulması haqqında” Qanuna əsasən, öhdəliklərin pozulması inzibati xəta və vəzifə səlahiyyətlərinin pozulması deməkdir. Vəsaitlərin qanunsuz mənşəyi müəyyən edildiyi təqdirdə, notariuslar çirkli pulların yuyulması işində iştiraka görə cinayət məsuliyyəti daşıyırlar.
Maria Meyer davam edərək qeyd etdi ki, notariuslar “Çirkli pulların yuyulması haqqında” Qanununun müddəalarını daşınmaz əmlakın alqı-satqı müqavilələri, qəyyumluq və bu sahələrdə xüsusi etibarnamələri təsdiq edərkən xüsusilə nəzərə almalıdırlar.
Daha sonra, Avstriya notariusu və eyni zamanda Beynəlxalq Notariat İttifaqının (BNİ) “Çirkli pulların yuyulmasının qarşısının alınması üzrə” İşçi Qrupunun üzvü Alexander Winkler Beynəlxalq Notariat İttifaqının çirkli pulların yuyulmasının və terrorçuluğun qarşısının alınması sahəsində gördüyü bir sıra işlərdən bəhs edərək bildirmişdir ki, BNİ-nın tərkibində fəaliyyət göstərən İşçi qrupu bir sıra Avropa ölkələrinin, xüsusən də Almaniya, Fransa, İspaniya, Belçika, Avstriya kimi ölkələrdə çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində müvafiq təcrübəni ümumiləşdirərək notariat sahəsində tətbiqini həyata keçirməkdədir. Həmçinin, İşçi qrup tərəfindən notariusların stolüstü kitabı hesab oluna bilən “Notariat sahəsində çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair qəbul edilmiş normalar” və “Notariat sahəsində risk xəbərdarlığı” adlı qaydalar hazırlanmışdır.
Çıxışlardan sonra, mövzu ətrafında müzakirələr aparılmışdır.
Videotəlimin sonunda Azərbaycan Notariat Palatasının sədri Hüseyn Məmmədov faydalı məlumatlara və təcrübə mübadiləsinə görə məruzəçilərə, həmçinin birgə təşkilatçılığa görə Beynəlxalq Notariat İttifaqının Katibliyinə və Beynəlxalq Notarial Əməkdaşlıq Komissiyasına təşəkkürünü bildirmişdir. H.Məmmədov, təlimlərdə əldə edilən biliklərin hər bir notariusun ixtisasının artırılmasına və peşə hazırlığının yüksəldilməsinə müsbət töhvə verəcəyinə əminliyini vurğulamış və belə maarifləndirici təlimlərin davam etdiriləcəyinin nəzərdə tutulduğunu videokonfrans iştirakçılarının diqqətinə çatdırmışdır.
Digər Xəbərlər
Azərbaycan Notariat Palatası ilə ADA Universiteti arasında Əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilib.
31 may 2024-cü il tarixdə Azərbaycan Notariat Palatasının videoformatda Ümumi yığıncağı keçirilib
Azərbaycan Hakimlər İttifaqı və Azərbaycan Notariat Palatasının birgə təşkilatçılığı ilə “Vərəsəlik hüququ: Müasir çağırışlar” mövzusunda elmi-praktik konfrans