Media

Azərbaycan Notariat Palatasının Elmi-Metodiki Şurasının növbəti iclası keçirilmişdir

25 fevral 2022-ci il tarixdə Azərbaycan Notariat Palatasının Elmi-Metodiki Şurasının növbəti iclası keçirilmişdir.

 

İclasın işinə başlamazdan əvvəl Şura üzvləri xalqımızın qan yaddaşına yazılmış Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar faciə qurbanlarını bir dəqiqəlik sükutla yad etdilər.

 

Elmi-Metodiki Şuranın sədri H.Məmmədov iclası açaraq gündəliyə daxil edilən məsələlərlə bağlı Şura üzvlərini bir daha məlumatlandırdı.

 

Gündəlikdə olan “Rəqəmsal hüquqlar” mövzusu üzrə müzakirələr davam etdirildi, mövzu ilə əlaqədar Şura üzvlərinin fikir və təkliflərinin ümumiləşdirilməsi qənaətinə gəlindi.

 

“Etibarnamə ilə bağlanılan əqdlərdə xarakterinə görə yalnız şəxsən bağlana bilən əqdlərin dairəsinin müəyyən edilməsi” mövzusu üzrə müzakirələr gedişində üzvlər yekdilliklə bildirdilər ki, məhz Mülki Məcəllədə göstərilən hallarda əqdlərin etibarnamə ilə bağlanılması mübahisəsizdir. Digər halların müəyyən olunması üçün isə, sual doğuran əməliyyatların dairəsinin sorğu keçirilməsi yolu ilə dəqiqləşdirilməsi və daha sonra mövzunun müzakirəsinin davam etdirilməsi məqsədəuyğun hesab edildi.

 

Sonra “Sübutların notarius tərəfindən təmin edilməsinin hüquqi imkanları barədə” mövzu müzakirə edildi və mövcud gerçəkliyə və xarici təcrübəyə istinad olunmaqla notarius tərəfindən sübutların təmin edilməsi imkanlarının genişləndirilməsinin zəruriliyi vurğulandı.

 

“Vərəsənin qanunvericiliklə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etməməsi halında notarius tərəfindən ərizə götürülməsinin zəruri olub-olmaması” məsələsinin müzakirəsində isə, üzvlər 6 ay keçdikdən sonra belə ərizələrin alınmasının hüquqi əhəmiyyətinin olmamasını bildirdilər.

 

Daha sonra Şura sədri H.Məmmədov Şuranın əvvəlki iclasında müzakirəsi təxirə salınmış notariat hərəkətləri ilə bağlı məhkəmə aidiyyətinin müəyyən edilməsi üzrə Ali Məhkəmənin həmin məsələ üzrə qəbul etdiyi 24.12.2021-ci il tarixli, 12 saylı Plenum Qərarına əsasən, qanunvericilikdə müvafiq tənzimləmələr edilənədək notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtinaya dair şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılmasının davam etdirilməli olması barədə iştirakçılara məlumat verdi.

 

İclasın sonunda Notariat Palatası tərəfindən mülki dövriyyədə istifadə olunan mülki-hüquqi müqavilələrin nümunələrinin hazırlanması işinin aparılması barədə məlumat verildi və üzvlərdən həmin müqavilələrlə bağlı fikir və təkliflərin Şuranın elektron poçt ünvanına göndərilməsi xahiş olundu.