Media

Heydər Əliyevin 100 illiyinə həsr olunmuş seminar

06-07 may 2023-cü il tarixlərdə Azərbaycan Notariat Palatasının və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsinin birgə təşkilatçılığı ilə respublikada fəaliyyət göstərən notariuslar üçün Lənkəran rayonunda yerləşən “Lankaran Springs Wellness Resort” otelinin konfrans zalında Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Müasir dövrdə notariat fəaliyyətinin aktual praktiki məsələləri” mövzusunda seminar keçirilmişdir.

 

Seminarda açılış nitqi ilə Azərbaycan Notariat Palatasının İdarə Heyətinin sədri Hüseyn Məmmədov 2023-cü ilin Ümummilli liderimiz “Heydər Əliyev ili” elan edilməsi və Heydər Əliyevin zəngin irsinin öyrənilməsi, onun Azərbaycan Respublikasının hüquq sisteminin inkişafındakı təsiri barədə çıxış etmiş, Ümummilli liderin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilmiş və seminar iştirakçıları tərəfindən böyük maraqla izlənilmişdir.

 

Seminarda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsinin nəzarət-analitik iş üzrə qrup rəhbəri Leyla Bərxudarzadə, Ədliyyə sahəsində xidmətlər baş idarəsinin böyük məsləhətçisi Seymur İsmayılov, Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin nümayəndəsi Azər Abbasov və 1 saylı “ASAN xidmət” mərkəzinin notariusu Aytəkin Qasımova cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına  və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində beynəlxalq və milli qanunvericilik aktları və onların notariat fəaliyyətinə tətbiqi, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına  və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə notariusun iştirakının əsas xüsusiyyətləri və notariat fəaliyyətində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə müştərinin eyniləşdirilməsi və verifikasiyası qaydaları, müştəri profilinin formalaşdırılması mövzuları üzrə məruzələr edərək, çirkli pulların yuyulmasına qarşı mübarizədə notariusun rolu ilə bağlı “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” AR Qanununun tələbləri barədə müzakirələr aparılmışdır.

 

Digər aktual mövzu olan “Mənzil-tikinti kooperativlərində payların özgəninkiləşdirilməsinin xüsusiyyətləri” barədə də təminat qeydi, mənzil-tikinti kooperativlərində payların özgəninkiləşdirilməsi məsələləri üzrə müzakirələr aparılmışdır.

 

Tədbir iştirakçıları seminarın notariusların peşə biliklərinin artırılması üçün aktual mövzuların müzakirəsi, notariusların fəaliyyətinin əlaqələndirilməsi və həmkarlararası ünsiyyətin artırılmasına şərait yaratdığını vurğulayaraq belə maarifləndirici tədbirlərin davam etdirilməsinin zəruri olduğunu bildirmişlər.

 

Seminarda Bakı şəhərində və regionlarda, o cümlədən Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən 30-dan artıq notarius, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsinin və Azərbaycan Notariat Palatasının əməkdaşları iştirak etmişlər.

 

Notariuslar tərəfindən əhaliyə göstərilən hüquqi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, onların peşəkarlığının artırılmasına yönələn bu kimi təlimlərin gələcəkdə digər regionlarda da keçirilməsi nəzərdə tutulur.