Media
Azərbaycan Notariat Palatasının təşkilatçılığı ilə notariuslar üçün növbəti regional seminar keçirilib
Azərbaycan Notariat Palatasının təşkilatçılığı ilə notariuslar üçün növbəti regional seminar keçirilib
İyulun 5-də Azərbaycan Notariat Palatasının təşkilatçılığı ilə Qusar rayonunda "Hüquqi şəxslərin iştirakı ilə aparılan notariat hərəkətlərinin xüsusiyyətləri" mövzusunda seminar keçirilib.
Hibrid formatda təşkil olunan seminarda hüquqi şəxslərin iştirakı ilə həyata keçirilən notariat əməliyyatlarının hüquqi çərçivəsi və bu əməliyyatların icrasının təkmilləşdirilməsi məsələləri müzakirə olunub.
Azərbaycan Notariat Palatasının sədri Hüseyn Məmmədov “Hüquqi şəxslərin iştirakı ilə aparılan notariat hərəkətlərinin xüsusiyyətləri” mövzusunda çıxış edərək, seminarın mövzusunun aktuallığına diqqəti yönəldib, notariusların bu sahədə qarşılaşdıqları hüquqi və praktiki məsələlər barədə məruzə edib.
H. Məmmədov hüquqi şəxslərlə bağlı notariat əməliyyatlarında notariuslar tərəfindən aparılan rəsmi prosedurların ətraflı aydınlaşdırılmalı və bağlanılan əqdin mahiyyət və tərəflərin həqiqi iradə ifadəsi baxımından gerçəkliyi əks etdirməli olduğunu vurğulayıb.
Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsinin böyük məsləhətçisi Müşfiq Cəfərov “Hüquqi şəxslərin iştirakı ilə aparılan əməliyyatlarda “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunun tələblərinin icrası, o cümlədən benefisiar mülkiyyətçinin müəyyən edilməsi” mövzusunda qanunvericiliyin izahı və mövcud təcrübənin aydınlaşdırılması barədə, Azərbaycan Notariat Palatasının baş məsləhətçisi İsmayıl Mahmudov isə “Hüquqi şəxslərin təsis paylarının özgəninkiləşdirilməsi ilə bağlı əməliyyatlarda sənədləşmə prosedurları” mövzusunda çıxış ediblər.
Seminarın işində iştirak edən Azərbaycan Qiymətləndiricilər Palatasının sədri Nüsrət İbrahimov və qiymətləndirici Ramil Osmanlı isə “Hüquqi şəxslərin aktivlərinin qiymətləndirilməsi” mövzusunda məruzə edərək qiymətləndirmə meyarları barədə təqdimatla çıxış ediblər.
Seminar mövzuları ətrafında diskussiyalar aparılıb və təkliflər verilib.
Seminarda 40-a yaxın notarius birbaşa, 100-ə yaxın notarius isə onlayn qoşulub, həmçinin Azərbaycan Notariat Palatasının əməkdaşları və Azərbaycan Respublikası Qiymətləndiricilər Palatasının təmsilçiləri iştirak ediblər.










Digər Xəbərlər
Azərbaycan Notariat Palatasının nümayəndə heyəti Astanada keçirilən beynəlxalq konfransda iştirak edib
17 iyun 2025-ci il tarixində Azərbaycan Notariat Palatasının növbəti Ümumi yığıncağı keçirilmişdir
“İnsan Hüquqları Aylığı” çərçivəsində ödənişsiz hüquqi yardım aksiyası keçirilmişdir