Медиа
Türkiyə Notariuslar Birliyinin nümayəndə heyəti ölkəmizdə səfərdə olub
Azərbaycan Hakimlər İttifaqı və Azərbaycan Notariat Palatasının birgə təşkilatçılığı ilə “Vərəsəlik hüququ: Müasir çağırışlar” mövzusunda keçirilən elmi-praktik konfransın keçirilməsi çərçivəsində Türkiyə Notariuslar Birliyinin ölkəmizdə səfərdə olan nümayəndə heyəti Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsində, Azərbaycan Notariat Palatasında və Dövlət Notariat Arxivində olmuşlar.
Türkiyə Notariuslar Birliyinin nümayəndə heyəti səfər çərçivəsində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsində Baş idarənin rəhbərliyi ilə görüş keçirmişlər. Görüşdə Türkiyə Notariuslar Birliyinin nümayəndə heyətinə Azərbaycan Respublikasında notariat orqanlarının əsas funksiyaları, notariat fəaliyyətinin ümumi vəziyyəti, notariat sahəsində qanunvericilik və notariatın rəqəmsal imkanları barədə məlumat verimişdir. Azərbaycan notariatının son dövrdəki rəqəmsal imkanları – Elektron Notariat İnformasiya Sisteminin funksionallıqları, “Mobil Notariat” tətbiqinin və “ƏN TEZ xidmət” platformasının imkanları Türkiyə Notariuslar Birliyinin nümayəndə heyəti tərəfindən böyük maraqla dinlənilmiş və rəğbətlə qarşılanmışdır. Görüş iştirakçıları qarşılıqlı təcrübə mübadiləsinin bundan sonra da notariat qurumlarımız üçün böyük səmərə verəcəyini əminliklə bildirmişlər. Görüşdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ədliyyə sahəsində xidmətlər baş idarəsinin rəisi İlqar Məmmədov, Ədliyyə sahəsində xidmətlər baş idarəsinin rəis müavini və Notariat idarəsinin rəisi vəzifəsini icra edən Mirağa Abbasov, Ədliyyə sahəsində xidmətlər baş idarəsinin qrup rəhbəri Leyla Bərxudarzadə, həmçinin Azərbaycan Notariat Palatasının İdarə Heyətinin sədri Hüseyn Məmmədov iştirak etmişlər.
Türkiyə Notariuslar Birliyinin İdarə Heyətinin üzvü və Türk Dünyası Notariuslar Birliyinin yaradılması üzrə Komissiyanın sədri, İstanbul 20 saylı notariat ofisinin notariusu Serdar Arat, Trabzon Notariat Palatasının sədri, Trabzon 3 saylı notariat ofisinin notariusu Leyla Kocaman və Türkiyə Notariuslar Birliyinin baş katibi vəzifəsini icra edən Ayhan Tosun-dan ibarət olan nümayəndə heyəti Azərbaycan Notariat Palatasının iş fəaliyyəti ilə tanış olmuş, Palatanın İdarə Heyətinin üzvləri ilə görüş keçirilmiş və qarşılıqlı fikir mübadiləsi aparılmışdır. Qeyd edilmişdir ki, Azərbaycan və Türkiyə notariatı arasında sənəd dövriyyəsi və əməkdaşlıq artan templə davam edir və maraq doğuran sahələrdə səmərəli təcrübə mübadiləsi aparılır. Notariat qurumlarımız arasındakı sıx əməkdaşlıq qarşılıqlı olaraq, ölkələrimizin notariat qanunvericiliyinin daha da təkmilləşdirilməsi üçün aktual hüquqi prosedurların müzakirəsinə, səmərəli xidmət mexanizmlətrinin tətbiqinə, o cümlədən elektron notariatın funksiyalarının artırılmasında yeni fikirlərin tətbiqinə imkanlar yaratmışdır. Eyni zamanda vurğulanmışdır ki, Azərbaycan Notariat Palatası və Türkiyə Notariuslar Birliyi arasında birgə təşəbbüs və təşkilatçılıq səyləri türk dövlətlərinin notariat qurumlarının əlaqələndirilməsi və Türk Dünyası Notariuslar Birliyinin yaradılması üçün zəminin hazırlamasına öz xüsusi töhfəsini vermişdir.
Səfər çərçivəsində həmçinin Türkiyə Notariuslar Birliyinin nümayəndə heyətinin Dövlət Notariat Arxivinə səfəri təşkil edilmiş, qonaqlara Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivinin fəaliyyəti və Azərbaycan Notariat Palatası ilə Dövlət Notariat Arxivinin birgə həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verilməklə təqdimatı aparılmışdır. Türkiyəli həmkarlar Azərbaycan Respublikasında mərkəzləşdirilmiş Notariat Arxivinin işinin yüksək səviyyədə qurulmasına diqqət çəkmiş və təşkil olunmuş birgə layihələrin həm Notariat Arxivi üçün, həm də notariusların fəaliyyəti üçün müsbət əhəmiyyətini vurğulayaqraq bu təcrübənin onlar üçün faydalı olduğunu bildirmişlər.
Digər Xəbərlər
Azərbaycan Notariat Palatası ilə ADA Universiteti arasında Əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilib.
31 may 2024-cü il tarixdə Azərbaycan Notariat Palatasının videoformatda Ümumi yığıncağı keçirilib
Azərbaycan Hakimlər İttifaqı və Azərbaycan Notariat Palatasının birgə təşkilatçılığı ilə “Vərəsəlik hüququ: Müasir çağırışlar” mövzusunda elmi-praktik konfrans