Медиа

Azərbaycan Notariat Palatasının nümayəndə heyəti Özbəkistan Respublikasına səfər etmişdir

28-31 avqust 2021-ci il tarixlərində Azərbaycan Notariat Palatasının sədri Hüseyn Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təcrübə mübadiləsi və əməkdaşlıq aparılması məqsədilə Özbəkistan Respublikasında işgüzar səfərdə olmuşdur.

 

Səfər çərçivəsində Özbəkistan Notariat Palatasında, Özbəkistan Respublikası Ədliyyə Nazirliyində, xüsusi qaydada fəaliyyət göstərən notariat ofislərində və Özbəkistan Dövlət Xidmətləri Agentliyinin Daşkənd şəhərində yerləşən müvafiq mərkəzində faydalı görüşlər həyata keçirilmişdir.

 

İşgüzar səfər çərçivəsində Azərbaycan Notariat Palatası və Özbəkistan Notariat Palatası arasında notariat fəaliyyəti üçün qarşılıqlı maraq doğuran məsələlər – notarial sənədlərin qarşılıqlı yoxlanılmasının mümkünlüyü, elektron reyestrlərin aparılması qaydası, nəqliyyat vasitələlərinin özgəninkiləşdirilməsi təcrübəsi, notariatın rəqəmsal imkanları və notariat sahəsində digər qarşılıqlı maraq doğuran məsələlərdə təcrübə mübadiləsi və müzakirələr aparılmışdır.

 

Azərbaycan Notariat Palatasının nümayəndə heyəti Özbəkistan Ədliyyə Nazirliyində “Özbəkistan notariuslarının fəaliyyətində informasiya texnologiyalarından istifadə təcrübəsi və onun inkişafı” mövzusunda təqdimat mərasimində iştirak etmişdir.

 

Özbəkistan Respublikasının Ədliyyə Nazirliyində həmçinin, Azərbaycan Respublikasında istifadəyə verilmiş “Mobil notariat” tətbiqinin təqdimatı aparılmış və bu tətbiq vasitəsilə həyata keçirilən notariat hərəkətləri barədə ətraflı məlumat verilmişdir. Təqdimat, görüş iştirakçıları tərəfindən böyük maraqla qarşılanmış və yüksək qiymətləndirilmişdir.

 

Səfər çərçivəsində Azərbaycan Notariat Palatasının nümayəndə heyəti Özbəkistan Ədliyyə nazirinin müavini Əkbər Taşkulov tərəfindən qəbul edilmişdir. Cənab Ə.Taşkulov görüşdə Azərbaycan Notariat Palatası və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən notariat sahəsinin inkişafı istiqamətində görülən işləri və bu sahənin rəqəmsallaşdırılması səviyyəsini yüksək qiymətləndirmişdir. Özbəkistan Ədliyyə nazirinin müavini Əkbər Taşkulov bildirmişdir ki, Özbəkistanda da yaxın vaxtlarda avtomobillərə verilən etibarnamələr elektron formada həyata keçiriləcək.

 

İşgüzar səfər zamanı Azərbaycan Notariat Palatası ilə Özbəkistan Notariat Palatası arasında Əməkdaşlıq haqqında Memorandum imzalanmışdır. Tərəflər, qarşılıqlı əməkdaşlığın genişləndirilməsinin və təcrübə mübadiləsinin aparılmasının hər iki ölkədə notariat fəaliyyətinin daha da səmərəli inkişafı etdirilməsinə öz müsbət töhvəsini verəcəyini ifadə etmişlər.

 

Azərbaycan Notariat Palatasının sədri Hüseyn Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin məsləhətçisi (“Elektron notariatın inkişafı” üzrə işçi qrupunun üzvü) Zaur Həsənov, Sumqayıt “ASAN xidmət” mərkəzində notariat ofisinin notariusu Əmirəli Əmirəliyev və Qusar rayon notariat ofisinin notariusu Dəyanət Tağıyev iştirak etmişlər.

Digər Xəbərlər

Azərbaycan Notariat Palatasının nümayəndə heyəti Qırğız Respublikasında keçirilən beynəlxalq konfransda iştirak edib 8-9 sentyabr 2025-ci il tarixlərində Qırğız Respublikasının İssık-Kul vilayətində “Notariat – dövlətin və cəmiyyətin xidmətində” mövzusunda beynəlxalq konfrans keçirilib. Qırğız Respublikası Notariat Palatasının təşkilatçılığı və dəvəti ilə Qırğız notariatının yaradılmasının 100 illiyinə həsr olunmuş tədbirdə Azərbaycan Notariat Palatasının nümayəndə heyəti iştirak edib. Beynəlxalq notariat konfransında Azərbaycan nümayəndə heyəti Azərbaycan Notariat Palatasının İdarə Heyətinin sədri Hüseyn Məmmədov, Bakı şəhəri 29 saylı notariat ofisinin notariusu İslam Mirzəzadə və 6 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin notariusu Elvin Hüseynovdan ibarət tərkibdə təmsil olunub. Beynəlxalq tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğız Respublikası, Rusiya, Belarus, Litva və Xorvatiya notariat palatalarının, həmçinin Qırğız Respublikasının dövlət qurumlarının nümayəndələri iştirak ediblər. Konfransda iştirakçı ölkələrin notariat sistemlərinin inkişaf tarixi, aparılan islahatlar və yeniliklər, rəqəmsallaşmanın notariat fəaliyyətində tətbiqi və notariatın inkişaf perspektivləri müzakirə olunub, təqdimatlar edilib. Konfransda çıxış edən nümayəndələr notariat institutunun hüquqi dövlətin formalaşmasında və vətəndaş cəmiyyətinə xidmətində oynadığı rolu vurğulayıb və bu sahədəki təcrübələrini bölüşüblər. Azərbaycan Notariat Palatasının sədri H.Məmmədov “Azərbaycan Respublikasında mülki münasibətlərin və mülki dövriyyənin notarial tənzimlənməsi” mövzusunda çıxış edərək, Azərbaycanda mülki münasibətlərin notarial tənzimlənməsinin inkişaf tarixi, notariat fəaliyyətinin yeni inkişaf mərhələsinə keçməsi prosesi, Azərbaycan Respublikasında müasir dövrdə notariat fəaliyyətinin əhatə dairəsi və perspektiv imkanlar barədə məruzə etmişdir. Səfər çərçivəsində nümayəndə heyəti Qırğız Respublikasının və digər iştirakçı ölkələrin təmsilçiləri ilə notariatın aktual məslələri üzrə fikir mübadiləsi aparmış, həmçinin Bişkek şəhərində fəaliyyət göstərən notariat ofisinin fəaliyyəti ilə tanış olmuşdur.

15.09.2025

Qırğız Respublikası Ədliyyə Nazirliyinin nümayəndə heyəti ilə Azərbaycan Notariat Palatasında işgüzar görüş keçirilib

10.09.2025

Azərbaycan Notariat Palatasının növbədənkənar Ümumi yığıncağı keçirilmişdir.

12.07.2025