Медиа

Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində “Zamanın ruhunda notariat” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.

10-11 dekabr 2021-ci il tarixlərində Rusiya Federal Notariat Palatası tərəfindən Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində “Zamanın ruhunda notariat” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Belarus, Litva, Avstriya, Almaniya və Ermənistan Notariat Palatalarının təmsilçiləri canlı və onlayn formatda iştirak etmişlər.

 

Konfransın mövzusu pandemiyanın latın tipli notariatın inkişafına necə təsir göstərdiyinin müəyyənləşdirilməsi, mülki, nikah, ailə və vərəsəlik münasibətlərində notariusun rolunun müzakirə edilməsi və yeni şəraitdə notariatın inkişaf tendensiyalarının müəyyən edilməsini əhatə etmişdir.

 

Konfransda Rusiya Federal Notariat Palatasının prezidenti Konstantin Korsik tədbir iştirakçılarını salamlayaraq pandemiya dövründə notariat sahəsində baş verən dəyişikliklərdən danışmışdır. K.Korsik qeyd etmişdir ki, pandemiyanın məhdudlaşdırıcı tədbirlərinə baxmayaraq, notariat öz fəaliyyətini tam dayandırmamış və yeni şəraitdə bir sıra notariat hərəkətləri vətəndaşlar üçün əlverişli şərtlər əsasında təşkil edilmişdir. Xüsusilə, notariusların işinin növbətçi rejimdə təşkil edilməsi, notariat hərəkətlərinin məsafədən həyata keçirilməsi, həmçinin əhali üçün pulsuz hüquqi yardım xəttinin işə salınması mülki dövriyyənin sabitliyini və təhlükəsizliyini təmin etmiş, tələb olunan hər kəsə vaxtında ixtisaslı hüquqi yardım göstərilmişdir.

 

Qazaxıstan Notariat Palatasının sədri – Asel Janabilova "Postsovet məkanında pandemiya şəraitində notariat fəaliyyətinin xüsusiyyətləri" mövzusunda çıxış edərək, postsovet ölkələrində fəaliyyət göstərən notariat ofislərinin pandemiya şəraitində öz fəaliyyətlərini tam dayandırmadığını, sanitariya tələbləri və normaları tətbiq edilərək, notariusların öz fəaliyyətini bu normalara uyğun həyata keçirdiyini bildirmişdir.

 

Tədbirdə onlayn qaydada iştirak edən Almaniyanın  Martin Lüter adına Qalle-Vittenberq  Universitetinin hüquq və iqtisadiyyat fakültəsinin  Beynəlxalq İqtisadi hüquq və müqayisəli hüquqşünaslıq üzrə professoru, hüquq doktoru – Azər Əliyev öz çıxışında Almaniyada vərəsəliyin müddətlərindən və pandemiya şəraitində vərəsəlik hüquqlarının onlayn qaydada həyata keçirilməsi imkanlarından danışmışdır.

 

Digər onlayn iştirakçı – Litva Notariat Palatasının prezidenti Marius Straçkaytis “Notariat hərəkətlərinin məsafədən aparılması: mülki-hüquqi münasibətlərin etibarlılığını necə saxlamalı” mövzusunda çıxış edərək qeyd etmişdir ki, 2021-ci ilin mart ayında Litva Parlamenti (Seym) tərəfindən Litvanın “Notariat haqqında” Qanununa dəyişiklik edilərək vətəndaşların notariat ofisinə gəlmədən, notariat hərəkətlərinin məsafədən aparılması hissəsi qanuna əlavə edilmişdir. Bundan əlavə, Litva notariatının fəaliyyətinin rəqəmsallaşma və elektron reyestrlərlə qarşılıqlı inteqrasiya əsasında təşkil edildiyini və həmin reyestrlərin mütləq əksəriyyətinin idarə edilməsinin və dəstəklənməsinin “Dövlət Reyestrlər Mərkəzi” tərəfindən həyata keçirildiyini vurğulayaraq, Litva notariatının hal-hazırda əsas diqqətinin məsafədən notariat hərəkətləri aparılarkən şəxsiyyətin identifikasiyası, sərbəst iradə ifadəsinin yoxlanılması və məlumatların təhlükəsizliyinin təmin edilməsinə yönəldilməli olduğunu bildirmişdir.

 

Fransanın Paris şəhərinin notariusu və Şərqi Avropa və Mərkəzi Asiya üzrə ali notariat Şurasının sədri – Valeri Eşanu “Notariat prosesi, notariat aktının formaları və hüquqi təhlükəsizliyin təmin edilməsi” mövzusunda çıxışında  Fransa Respublikasında “Autentik” və digər notariat aktlarının hüquqi, sübutedici və icra qüvvəsindən danışaraq, notariat sənədlərinin notarius tərəfindən məsafədən elektron qaydada və ya vətəndaşın iştirakı ilə kağız dayışıcıda təsdiq edildiyini və aparılmış notariat hərəkətləri ilə bağlı kağız daşıyıcıda olan notariat sənədlərinin Fransanın Milli Arxivinin səlahiyyətli şöbəsində, elektron daşıyıcıda olan sənədlərin isə Mərkəzi elektron notariat reyestrində (MİCEN) saxlanıldığını bildirmişdir.

 

Konfransın digər onlayn iştirakçısı – Almaniyanın Plauen şəhərinin notariusu – Vladimir Primaçenko “Gələcəyin notariatı haqqında düşüncələr” mövzusunda çıxış edərək, Almaniya notariatında mühim layihələrin qısa zamanda vətəndaşların istifadəsinə veriləcəyindən bəhs etmişdir. Nəzərdə tutulan birinci layihə: Notariat Palatalarının tərkibində informasiya texnologiyaları (İT) sahəsində layihələrin uğurla planlaşdırılması və həyata keçirilməsi üçün İT sahəsi üzrə müvafiq biliklərə malik əməkdaşların cəlb olunması, proqram təminatının (PT) hazırlanması, həmçinin, bəzi ayrı-ayrı komponentləri kənardan əldə etmək və ya inkişaf etdirmək imkanını saxlamaqla, Palatanın daxilində İT üzrə ayrıca şöbənin təsis edilməsi. İkinci layihə:  Notariat hərəkətlərinin məsafədən aparılmasıdır. Həmin layihəyə əsasən vətəndaşlar yalnız rəqəmsal rabitədən istifadə etməklə notariusa müraciət edəcəklər. Söhbət müxtəlif yerlərdə iki notariusun iştirakı ilə notariat hərəkətlərinin aparılmasından getmir. Bu layihədən istifadə etmək üçün ərizəçinin avtomatik onlayn autentikasiya (eID) funksiyalı şəxsiyyət vəsiqəsi və NFC texnologiyasına malik adi smartfonu və ya kamerası və mikrofonu olan noutbuku olması kifayət edir. Üçünü layihə: Etibarnamələrin Blockchain-də qeydiyyatıdır. Blockchain-də notariat etibarnamələrinin saxlanılması imkanının məqsədəuyğun olduğunu və bu layihənin digər reyestrlər üzərində üstünlüyünün məlumatlara sürətli çıxış və əlçatanlıq imkanının təmin edilməsidir. Dördüncü layihə: Almaniya Federal Notariat Palatasının İspaniya Notariat Palatası ilə birgə hazırladığı “Eudoc” layihəsidir. Avropa layihəsi olan “Eudoc”, Avropa Şurasına üzv dövlətlər arasında notariat hərəkətlərinin transmilli səviyyədə həyata keçirilməsi üçün hazırlanmış İT platformasıdır. “Eudoc” layihəsi bütün notariat sənədləri və transmilli əməliyyatlar üçün "vahid pəncərə" prinsipi üzrə istifadə ediləcəkdir. Notariat orqanlarında notariat sənədlərinin sadələşdirilmiş və təhlükəsiz mübadiləsi formasına, yəni onların həqiqiliyinin əlavə yoxlanılma zərurəti olmadan qəbul olunması və müvafiq təyinat ölkəsində tanınmasına tələbat artır. Bununla da notariuslar mühüm sənədlərin transsərhəd nəqli üçün cəlbedici tərəfdaşa çevrilirlər. Gələcəkdə “Eudoc” sənədləri apostilləşdirmək üçün də istifadə edilə bilər. “Eudoc” bütün dünyada tətbiq oluna bilməz. Lakin məhdud sahələr üçün və Avropa İttifaqında və ya keçmiş Sovet İttifaqı məkanında iştirak edən ölkələrin məqbul sayında “Eudoc” notariat aktların mübadiləsi üçün ideal həlldir.

 

Moskva şəhərinin notariusu - Yelena Obraztsova "Beynəlxalq hüquqi yardım: praktiki problemlər və notariatının inkişafının müasir mərhələsində təkmilləşmə imkanları" mövzusunda çıxış edərək notariat rəsmiləşdirmələri ilə bağlı beynəlxalq əməkdaşlığın genişləndirilməsi və sənədləşmələrin çevikləşdirilməsi zərurətindən bəhs etdi.

 

Beynəlxalq konfransda Azərbaycan Notariat Palatası onlayn qaydada təmsil olunmuşdur. Palatanın sədri Hüseyn Məmmədov “Azərbaycanda notariatın müasir inkişaf istiqamətləri” mövzusunda çıxış etmiş və mövcud vəziyyət və gələcək istiqamətlər barəsində danışaraq qeyd etmişdir ki, müasir dövr və cəmiyyətin tələbləri notariatın inkişafında müəyyən istiqamətlərin zəruriliyini şərtləndirmişdir. Qeyd edilmişdir ki, hazırda Azərbaycan Respublikasında notariatın inkişafının üç əsas istiqaməti formalaşmışdır: 1) Qanunvericilik bazasının təkmilləşdirilməsi; 2) Elektron notariatın imkanlarının genişləndirilməsi və innovasiyaların tətbiqi; 3) Peşəkarlıq səviyyəsinin artırılması və vətəndaşlara keyfiyyətli xidmətin təşkili. Bu istiqamətlərin hər birində baş verən təkmilləşdirmələr müvafiq olaraq notariat işinin səmərəliliyinin və vətəndaşları məmnunluğunun artırılmasına şərait yaradır. Bugün notariat xidmətləri üçün zəruri olan hüquqi bazanın, həm də notariat fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün zəruri olan Elektron Məlumat bazasının yaradılması və tətbiqi vətəndaşlarımız üçün rahat, çevik və keyfiyyətli notariat xidmətlərinin göstərilməsi üçün geniş imkanlar açmışdır.

 

Çıxışda, Elektron notariat sisteminin imkanlarının və Azərbaycan Respublikasında dövlət orqanlarının 20-dən çox informasiya sisteminin, onların resurslarının və funksiyalarının elektron notariatla inteqrasiya olunması vurğulanmışdır.

 

Sonda müasir notariatın mahiyyəti və missiyası – notariuslar tərəfindən dövlət hakimiyyətinin adından, mülki hüquq münasibətlərində hüququn aliliyini qoruyaraq yeni yaranan hüquq münasibətləri nəzərə alınmaqla və rəqəmsal imkanlardan notariat fəaliyyətinin yardımçı aləti kimi peşəkar şəkildə istifadə edilməklə fiziki və hüquqi şəxslərə peşəkar hüquqi xidmət göstərməkdən və mübahisələri önləməkdən ibarət olduğunu vurğulanmışdır.

 

Daha sonra, Azərbaycan Notariat Palatasının “Elektron notariatın inkişafı” üzrə işçi qrupunun üzvü, Bakı şəhəri 34 saylı notariat ofisinin notariusu Sübhi Bektaşiyə söz verilmiş və o, “Mobil Notariat” tətbiqi barədə “Slayd şou” formatında hazırlanmış təqdimatı tədbir iştirakçılarının nəzərinə çatdırmış və tətbiq vasitəsilə həyata keçirilən notariat hərəkətləri barədə məlumat vermişdir.

 

Yekun olaraq, konfrans iştirakçıları Sankt-Peterburq şəhərində keçirilən tədbirin beynəlxalq təcrübənin ümumiləşdirilməsinə, notariat fəaliyyətinin təkmilləşdirilməsinə və bu sahədə qabaqcıl texnologiyaların istifadəsinin müasir vəziyyətini və perspektivlərini təhlil etməyə imkan yaratdığını və faydalı təcrübə mübadiləsi olduğunu bildirmişlər.