Медиа
Azərbaycan Notariat Palatasının nümayəndə heyəti Moskvada səfərdə olub
Moskva şəhərində Rusiya Federasiyasının “Notariat haqqında qanunvericiliyinin əsasları”nın yaranmasının 30 illiyi və “Notariat günü” münasibətilə Rusiya Federal Notariat Palatası tərəfindən “Rusiya Federasiyası notariuslarının VI Konqresi” formatında yubiley tədbirləri keçirilib. Rusiya ali dövlət orqanlarının və hüquq institutlarının, bir sıra dövlətlərin notariat palatalarının təmsilçilərinin qatıldığı tədbirdə Azərbaycan Notariat Palatasının nümayəndə heyəti iştirak edib. Nümayəndə heyətinə İdarə Heyətinin sədri, 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariusu Hüseyn Məmmədov, Bakı şəhəri 26 və 29 saylı notariat ofisinin xüsusi notariusları İlham Hüseynov və İslam Mirzəzadə daxil edilib.
Konqresdə Rusiya Federasiyası Prezidentinin, Baş nazirinin və dövlət rəsmilərinin yubiley ilə bağlı təbrik çıxışları oxunub, həmçinin notariat təcrübəsi və bu sahə üzrə aktual olan mövzular barədə çıxışlar dinlənilib, faydalı müzakirələr aparılıb.
Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin notariat institutunun əhəmiyyətindən danışaraq vətəndaşların hüquqlarının təmin edilməsi sahəsində notariusların vacib rolunu vurğulayıb.
Federal Notariat Palatasının prezidenti Konstantin Korsik öz peşə fəaliyyətində müstəqil və obyektiv olan notariusun dövlət adından fəaliyyət göstərdiyini bildirib, bu sahədə beynəlxalq əməkdaşlığa toxunaraq notariat təcrübəsinin zənginləşdirilməsi, digər dövlətlərlə yaxşı praktikaların mübadiləsinin səmərəsini qeyd edib.
Rusiya Federasiyası ədliyyə nazirinin müavini Maksim Besxmelnitsın ədliyyə naziri Konstantin Çuyçenkonun adından bütün iştirakçıları, notariusları təbrik edib, notariusların ölkə əhalisinə keyfiyyətli hüquqi yardımın göstərilməsində fəal iştirak etdiklərini, yerli biznesin inkişafında etibarlı tərəfdaş olduqlarını bildirib.
Azərbaycan Notariat Palatasının sədri H.Məmmədov yubiley münasibətilə təbrik nitqi ilə çıxış edib.
Səfər çərçivəsində nümayəndə heyətimiz tərəfindən Rusiya Federal Notariat Palatasına baş çəkilib, əməkdaşlığın perspektivləri barədə faydalı fikir və təcrübə mübadiləsi aparılıb.
Digər Xəbərlər
Berlində Beynəlxalq Notariat İttifaqının 31-ci konqresi keçirilib
Azərbaycan Notariat Palatasının nümayəndə heyəti Qırğız Respublikasında keçirilən beynəlxalq konfransda iştirak edib 8-9 sentyabr 2025-ci il tarixlərində Qırğız Respublikasının İssık-Kul vilayətində “Notariat – dövlətin və cəmiyyətin xidmətində” mövzusunda beynəlxalq konfrans keçirilib. Qırğız Respublikası Notariat Palatasının təşkilatçılığı və dəvəti ilə Qırğız notariatının yaradılmasının 100 illiyinə həsr olunmuş tədbirdə Azərbaycan Notariat Palatasının nümayəndə heyəti iştirak edib. Beynəlxalq notariat konfransında Azərbaycan nümayəndə heyəti Azərbaycan Notariat Palatasının İdarə Heyətinin sədri Hüseyn Məmmədov, Bakı şəhəri 29 saylı notariat ofisinin notariusu İslam Mirzəzadə və 6 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin notariusu Elvin Hüseynovdan ibarət tərkibdə təmsil olunub. Beynəlxalq tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğız Respublikası, Rusiya, Belarus, Litva və Xorvatiya notariat palatalarının, həmçinin Qırğız Respublikasının dövlət qurumlarının nümayəndələri iştirak ediblər. Konfransda iştirakçı ölkələrin notariat sistemlərinin inkişaf tarixi, aparılan islahatlar və yeniliklər, rəqəmsallaşmanın notariat fəaliyyətində tətbiqi və notariatın inkişaf perspektivləri müzakirə olunub, təqdimatlar edilib. Konfransda çıxış edən nümayəndələr notariat institutunun hüquqi dövlətin formalaşmasında və vətəndaş cəmiyyətinə xidmətində oynadığı rolu vurğulayıb və bu sahədəki təcrübələrini bölüşüblər. Azərbaycan Notariat Palatasının sədri H.Məmmədov “Azərbaycan Respublikasında mülki münasibətlərin və mülki dövriyyənin notarial tənzimlənməsi” mövzusunda çıxış edərək, Azərbaycanda mülki münasibətlərin notarial tənzimlənməsinin inkişaf tarixi, notariat fəaliyyətinin yeni inkişaf mərhələsinə keçməsi prosesi, Azərbaycan Respublikasında müasir dövrdə notariat fəaliyyətinin əhatə dairəsi və perspektiv imkanlar barədə məruzə etmişdir. Səfər çərçivəsində nümayəndə heyəti Qırğız Respublikasının və digər iştirakçı ölkələrin təmsilçiləri ilə notariatın aktual məslələri üzrə fikir mübadiləsi aparmış, həmçinin Bişkek şəhərində fəaliyyət göstərən notariat ofisinin fəaliyyəti ilə tanış olmuşdur.
Qırğız Respublikası Ədliyyə Nazirliyinin nümayəndə heyəti ilə Azərbaycan Notariat Palatasında işgüzar görüş keçirilib