Медиа
Səmərqənddə beynəlxalq konfrans keçirilib
Beynəlxalq Notariat İttifaqının Beynəlxalq Notarial Əməkdaşlığı Komissiyası və Özbəkistan Notariat Palatasının birgə təşkilatçılığı ilə Səmərqənddə beynəlxalq konfrans keçirilib.
5 qitədən 40-a yaxın ölkənin notariat qurumlarının təmsilçilərinin qatıldığı tədbirdə Azərbaycan Notariat Palatası İdarə Heyətinin sədri Hüseyn Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.
Konfransın açılışında Özbəkistan Notariat Palatasının sədri Dilşod Aşurov və ədliyyə naziri Akbar Taşkulov, Beynəlxalq Notarial Əməkdaşlığı Komissiyasının prezidenti Rixard Bok çıxış ediblər.
Tədbirdə "Notariat praktikasında cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılmasına (yuyulmasına) qarşı mübarizə", “Rəqəmsallaşma dövründə notariusun rolu” mövzularında məruzələr dinlənilib, iştirakçı dövlətlər notariat sektorunda aparılan islahatlar, bu sahədə tətbiq olunan yeniliklər, elektron notariatın tətbiqi imkanları, məsafədən aparılan icra qeydləri, vərəsəlik və bununla bağlı vətəndaşların məsuliyyəti, virtual məkanda olan rəqəmsal əşyalara mülkiyyət hüququnun tanınması, notariat xidmətinin göstərilməsində konsulluq fəaliyyətinin rəqəmsallaşdırılması və digər mövzularda öz təcrübələrini bölüşüblər.
Nümayəndə heyətimizin üzvü, Ədliyyə Nazirliyi Ədliyyə sahəsində xidmətlər baş idarəsinin məsləhətçisi Zaur Həsənov tərəfindən “Mobil notariat və notariat xidmətində yeni imkanlar” mövzusunda çıxış edilərək Azərbaycanda notariat xidmətinin keyfiyyətinin artırılması və əlçatanlığının təmin edilməsi ilə bağlı görülən tədbirlər və bu sahədə rəqəmsal yeniliklər barədə məlumat verilib, “Mobil notariat”ın, “ƏN TEZ” innovativ xidmətin tətbiqi imkanları nümayiş etdirilib.
Azərbaycanın nailiyyətləri böyük maraqla qarşılanaraq bir çox dövlətlər, o cümlədən İspaniya, Rumıniya, Belarus, Qırğızıstan, Tacikistan, İndoneziya və Vyetnam müsbət təcrübəmizlə tanış olmaq və ondan faydalanmaq barədə niyyətlərini ifadə ediblər. Bununla bağlı tədbir çərçivəsində keçirilmiş ikitərəfli görüşlərdə bu sahədə əməkdaşlığa dair faydalı fikir mübadiləsi aparılıb.
Səfər zamanı nümayəndə heyətimiz tərəfindən Səmərqənddə fəaliyyət göstərən notariat ofislərinə baş çəkilib, notariat işi ilə tanış olunaraq faydalı fikir və təcrübə mübadiləsi aparılıb.







Digər Xəbərlər
Azərbaycan Notariat Palatasının nümayəndə heyəti Qırğız Respublikasında keçirilən beynəlxalq konfransda iştirak edib 8-9 sentyabr 2025-ci il tarixlərində Qırğız Respublikasının İssık-Kul vilayətində “Notariat – dövlətin və cəmiyyətin xidmətində” mövzusunda beynəlxalq konfrans keçirilib. Qırğız Respublikası Notariat Palatasının təşkilatçılığı və dəvəti ilə Qırğız notariatının yaradılmasının 100 illiyinə həsr olunmuş tədbirdə Azərbaycan Notariat Palatasının nümayəndə heyəti iştirak edib. Beynəlxalq notariat konfransında Azərbaycan nümayəndə heyəti Azərbaycan Notariat Palatasının İdarə Heyətinin sədri Hüseyn Məmmədov, Bakı şəhəri 29 saylı notariat ofisinin notariusu İslam Mirzəzadə və 6 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin notariusu Elvin Hüseynovdan ibarət tərkibdə təmsil olunub. Beynəlxalq tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğız Respublikası, Rusiya, Belarus, Litva və Xorvatiya notariat palatalarının, həmçinin Qırğız Respublikasının dövlət qurumlarının nümayəndələri iştirak ediblər. Konfransda iştirakçı ölkələrin notariat sistemlərinin inkişaf tarixi, aparılan islahatlar və yeniliklər, rəqəmsallaşmanın notariat fəaliyyətində tətbiqi və notariatın inkişaf perspektivləri müzakirə olunub, təqdimatlar edilib. Konfransda çıxış edən nümayəndələr notariat institutunun hüquqi dövlətin formalaşmasında və vətəndaş cəmiyyətinə xidmətində oynadığı rolu vurğulayıb və bu sahədəki təcrübələrini bölüşüblər. Azərbaycan Notariat Palatasının sədri H.Məmmədov “Azərbaycan Respublikasında mülki münasibətlərin və mülki dövriyyənin notarial tənzimlənməsi” mövzusunda çıxış edərək, Azərbaycanda mülki münasibətlərin notarial tənzimlənməsinin inkişaf tarixi, notariat fəaliyyətinin yeni inkişaf mərhələsinə keçməsi prosesi, Azərbaycan Respublikasında müasir dövrdə notariat fəaliyyətinin əhatə dairəsi və perspektiv imkanlar barədə məruzə etmişdir. Səfər çərçivəsində nümayəndə heyəti Qırğız Respublikasının və digər iştirakçı ölkələrin təmsilçiləri ilə notariatın aktual məslələri üzrə fikir mübadiləsi aparmış, həmçinin Bişkek şəhərində fəaliyyət göstərən notariat ofisinin fəaliyyəti ilə tanış olmuşdur.
Qırğız Respublikası Ədliyyə Nazirliyinin nümayəndə heyəti ilə Azərbaycan Notariat Palatasında işgüzar görüş keçirilib
Azərbaycan Notariat Palatasının növbədənkənar Ümumi yığıncağı keçirilmişdir.