Медиа

“Notariat fəaliyyətinin aktual praktiki məsələləri” mövzusunda seminar

Dekabrın 23-də Azərbaycan Notariat Palatasının və Ədliyyə Nazirliyi Ədliyyə sahəsində xidmətlər baş idarəsinin birgə təşkilatçılığı ilə respublikada fəaliyyət göstərən notariuslar üçün Şabran rayonunda “Notariat fəaliyyətinin aktual praktiki məsələləri” mövzusunda seminar keçirilib.

 

Tədbirdə Azərbaycan Notariat Palatası İdarə Heyətinin sədri Hüseyn Məmmədov çıxış edərək 2023-cü ilin Ümummilli liderimiz “Heydər Əliyev ili” elan edilməsi, Ümummilli lider Heydər Əliyev və suverenliyin möhkəmləndirilməsinin təməl aspektləri barədə məruzə ilə çıxış edib.

 

Bakı şəhərində və regionlarda fəaliyyət göstərən 30-dan artıq notariusun qatıldığı seminarda Ədliyyə sahəsində xidmətlər baş idarəsinin məsul işçiləri Leyla Bərxudarzadə, Müşfiq Cəfərov və Zaur Həsənov, Maliyyə Monitorinqi Xidmətinin Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Aytən Mirzəzadə və böyük mütəxəssisi Kifayət Nəsirli tərəfindən cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsi üzrə qanunvericiliyin notariat təcrübəsində tətbiqi məsələlərinin aydınlaşdırılması məqsədilə “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsininə qarşı mübarizənin notariat təcrübəsində tətbiqi mexanizmləri”, “Pul vəsaitlərinin və ya digər əmlakın cinayət yolu ilə əldə edilməsi və ya terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı şübhə yaradan halların aşkarlanması meyarları” və “Elektron Notariat İnformasiya Sistemi”nin yenilikləri və perspektiv imkanları mövzularında məruzələr edilib və təqdimatlar nümayiş olunub.

 

Mövzular ətrafında geniş disskussiyalar aparılaraq təkliflər dinlənilib.

 

Notariuslar tərəfindən vətəndaşlara göstərilən hüquqi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, onların peşəkarlığının artırılmasına yönələn bu kimi təlimlərin mütəmadi olaraq keçirilməsi, o cümlədən gələcəkdə digər regionlarda da təşkil olunması nəzərdə tutulur.