Медиа

Notariat fəaliyyətində vərəsəliyin aktual məsələləri mövzusunda beynəlxalq seminar keçirilib

05 aprel 2024-cü il tarixdə qeyri-kommersiya təşkilatı və notariusların peşə birliyi olan Azərbaycan Notariat Palatası və Almaniya Federal Notariat Palatasının birgə təşkilatçılığı ilə “Notariat fəaliyyətində vərəsəliyin aktual məsələləri” mövzusu üzrə seminar keçirilib.

 

Seminarda Azərbaycan Notariat Palatası İdarə Heyətinin sədri Hüseyn Məmmədov vərəsəliyin tənzimlənməsinin əsas xüsusiyyətləri və notariat praktikasında vərəsəlik hüquqlarının həyata keçirilməsi ilə bağlı bir sıra aktual məsələlərə toxunaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26.12.2023-cü il tarixli Qərarından sonrakı yaranmış yeni hüquqi müstəvidə vərəsəliyin rəsmiləşdirilməsində notariusların üzərlərinə düşən vəzifələr barəsində çıxış etmişdir. Konstitusiya Məhkəməsinin yeni qərarının notariat praktikasında tətbiqi və vərəsəliyin rəsmiləşdirilməsində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsinin əhəmiyyəti vurğulanmışdır.

 

Qeyd edilmişdir ki, vərəsəliyə dair qanunvericiliyin tətbiqi ilə bağlı Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsi ilə birgə müzakirələr aparılması və təkliflərin hazırlanması, bu istiqamətdə notariusların maarifləndirilməsi məqsədilə tədbirlər planlaşdırılır və həyata keçirilir.

 

Vurğulanmışdır ki, vərəsəlik işlərinin yeni hüquqi müstəvidə rəsmiləşdirilməsində vahid yanaşmanın yaradılması məqsədilə, Azərbaycan Notariat Palatası, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsi və Ali Məhkəmənin Mülki Kollegiyasının hakimləri ilə keçirilmiş geniş tərkibli görüşündə Konstitusiya Məhkəməsinin 26.12.2023-cü il tarixli Qərarının notariat icraatlarına münasibətdə zaman baxımından hüquqi qüvvəsi məsələlərinin müzakirəsi olaraq nəticəyə gəlinmişdir ki, Qərarın qəbuluna qədər açılmış vərəsəlik işlərinə həmin dövrün qüvvədə olan hüquqi qaydaların, 26.12.2023-cü il tarixdən sonra açılan vərəsəlik işlərinə isə, yeni qaydaların tətbiq olunması qanunamüvafiqdir.

 

Dünyada  rəqəmsal mühitin getdikcə genişlənməsi bu sahədə yeni hüquq münasibətlərinin yaranmasına şərait yaradır və qanunvericilikdə dəqiq tənzimləməni zəruri edir. Bu fikirlə çıxış edən R.Bok miras əmlaka yeni növ hüquqların, o cümlədən virtual aktivlərin daxil edilməsi ilə bağlı Almaniya notariatının təcrübəsindən məlumat verdi.

 

Tədbirdə “Azərbaycan Respublikasında vərəsəliyin rəsmiləşdirilməsinin əsas xüsusiyyətləri və yeni qaydalar”, “Vərəsəliyin rəsmiləşdirilməsinin Almaniya təcrübəsi”, “Beynəlxalq vərəsəlik: Almaniya-Azərbaycan işləri” və “Xarici elementli vərəsəlik işlərinin xüsusiyyətləri” mövzularında məruzələr dinlənilib.

 

Seminar iştirakçıları vərəsəlik sahəsi üzrə qanunvericiliyin notariat təcrübəsində tətbiqi məsələlərinin aydınlaşdırılması istiqamətində notariat sahəsində görülən işlər, xarici və milli təcrübədə vərəsəliyin tənzimlənməsinin qanunvericilik əsasları, yeni qaydalarla vərəsəliyin rəsmiləşdirilməsində nəzəri və təcrübi istiqamətlərinin müəyyən olunması və digər mövzularda öz təcrübələrini bölüşüblər.

 

Seminar iştirakçıları tərəfindən qeyd olunmuşdur ki, vərəsəlik işləri açılarkən vəsiyyətnamələrin yoxlanılması üçün Elektron notariat informasiya sistemində müvafiq imkan mövcuddur. Eləcə də, Azərbaycan Notariat Palatasının Dövlət Notariat Arxivi ilə birgə həyata keçirdiyi “Vərəsəlik işlərinin rəqəmsallaşdırılması” layihəsinin başa çatdırılması nəticəsində 2023-cü ilin dekabr ayından etibarən, 1927-ci ildən hazırki dövrədək arxivdə saxlanılan vərəsəlik işlərinin şəhadətnamələri rəqəmsallaşdırılmışdır ki, bunun nəticəsində notariuslar vərəsəlik işləri rəsmiləşdirilərkən zərurət yarandığı hallarda əvvəlki illərin vərəsəlik şəhadətnamələrini elektron sistem üzərindən aşkar edirlər. Bu da müvafiq işlərin operativ olaraq sənədləşdirilməsinə imkan yaratmışıdr.

 

Seminarda Bakı şəhərində və regionlarda fəaliyyət göstərən 50 notarius iştirak etmişdir.

 

Seminar çərçivəsində çıxışlar ətrafında diskussiyalar aparılmış, fikirlər və təkliflər dinlənilmiş, notariusları maraqlandıran suallar cavablandırılmışdır.