Медиа
“Mobil notariat” da yeni xidmətlər istifadəyə verilib
Son illər "Notariat haqqında" Qanuna mütərəqqi dəyişikliklərin edilməsi informasiya-kommunikasiya texnologiyaları vasitəsilə elektron qaydada notariat xidmətlərinin göstərilməsinə geniş imkanlar yaradıb.
Vətəndaşların ədliyyə xidmətlərinə əlçatanlığın artırılması, o cümlədən vaxtından və yerindən asılı olmadan peşəkar hüquqi yardım almaq imkanının təşkili məqsədilə 2019-cu ildən "Mobil notariat" tətbiqi uğurla istifadə olunur. Həmin tətbiq vasitəsilə bir sıra notariat hərəkətlərinin, o cümlədən nəqliyyat vasitələrinə sərəncam verilməsi və onun idarə olunmasına dair, həmçinin vəkillərə verilən və bəzi sosial etibarnamələrin elektron qaydada rəsmiləşdirilməsi mümkündür.
Pandemiya dövründə vətəndaşların elektron xidmətlərdən yararlanmaq istəyi mobil tətbiqə xüsusi marağı artırıb və hazırda istifadəçilərinin sayı 110.000-dən çox olan "Mobil notariat" vasitəsilə vətəndaşlara göstərilən mobil ədliyyə xidmətlərin sayı 50.000-dən artıqdır.
Əhaliyə təqdim olunan bu innovasiyaların funksionallığının artırılması üzrə işlər davam etdirilərək "Azərbaycan ədliyyəsinin inkişafına dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nın icrası çərçivəsində "Mobil notariat" tətbiqinə bu günlərdə yeni funksiyalar əlavə olunub.
Belə ki, tətbiq üzərindən banklarda təmsilçilik məqsədilə verilən etibarnamələrin, eləcə də yetkinlik yaşına çatmamış şəxslərin ölkə ərazisini tərk etməsi üçün valideynləri tərəfindən yazılan razılıq və etibarnamələrə xitam verilməsinə dair ərizələrin elektron qaydada videoyazı vasitəsilə rəsmiləşdirilməsi imkanı yaradılıb.
Yeni istifadəyə verilən xidmətlərdən faydalanmaq üçün vətəndaşlar AppStore və PlayStore elektron platformasından pulsuz olan "Mobil notariat" tətbiqini yükləməlidirlər. Hazırkı istifadəçilər isə proqramı yeniləməklə yararlana bilərlər.
Bundan əlavə, yenilənmiş "Mobil notariat" tətbiqi vasitəsilə notariat sənədlərinin həqiqiliyini onun üzərində yerləşdirilmiş QR-kod və ya şəxsin fərdi identifikasiya nömrəsi (FİN) və sənəd üzərində yerləşdirilmiş identifikator (barkod) əsasında yoxlamaq mümkündür.
Mənbə: Ədliyyə Nazirliyi Mətbuat xidməti
Digər Xəbərlər
Berlində Beynəlxalq Notariat İttifaqının 31-ci konqresi keçirilib
Azərbaycan Notariat Palatasının nümayəndə heyəti Qırğız Respublikasında keçirilən beynəlxalq konfransda iştirak edib 8-9 sentyabr 2025-ci il tarixlərində Qırğız Respublikasının İssık-Kul vilayətində “Notariat – dövlətin və cəmiyyətin xidmətində” mövzusunda beynəlxalq konfrans keçirilib. Qırğız Respublikası Notariat Palatasının təşkilatçılığı və dəvəti ilə Qırğız notariatının yaradılmasının 100 illiyinə həsr olunmuş tədbirdə Azərbaycan Notariat Palatasının nümayəndə heyəti iştirak edib. Beynəlxalq notariat konfransında Azərbaycan nümayəndə heyəti Azərbaycan Notariat Palatasının İdarə Heyətinin sədri Hüseyn Məmmədov, Bakı şəhəri 29 saylı notariat ofisinin notariusu İslam Mirzəzadə və 6 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin notariusu Elvin Hüseynovdan ibarət tərkibdə təmsil olunub. Beynəlxalq tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğız Respublikası, Rusiya, Belarus, Litva və Xorvatiya notariat palatalarının, həmçinin Qırğız Respublikasının dövlət qurumlarının nümayəndələri iştirak ediblər. Konfransda iştirakçı ölkələrin notariat sistemlərinin inkişaf tarixi, aparılan islahatlar və yeniliklər, rəqəmsallaşmanın notariat fəaliyyətində tətbiqi və notariatın inkişaf perspektivləri müzakirə olunub, təqdimatlar edilib. Konfransda çıxış edən nümayəndələr notariat institutunun hüquqi dövlətin formalaşmasında və vətəndaş cəmiyyətinə xidmətində oynadığı rolu vurğulayıb və bu sahədəki təcrübələrini bölüşüblər. Azərbaycan Notariat Palatasının sədri H.Məmmədov “Azərbaycan Respublikasında mülki münasibətlərin və mülki dövriyyənin notarial tənzimlənməsi” mövzusunda çıxış edərək, Azərbaycanda mülki münasibətlərin notarial tənzimlənməsinin inkişaf tarixi, notariat fəaliyyətinin yeni inkişaf mərhələsinə keçməsi prosesi, Azərbaycan Respublikasında müasir dövrdə notariat fəaliyyətinin əhatə dairəsi və perspektiv imkanlar barədə məruzə etmişdir. Səfər çərçivəsində nümayəndə heyəti Qırğız Respublikasının və digər iştirakçı ölkələrin təmsilçiləri ilə notariatın aktual məslələri üzrə fikir mübadiləsi aparmış, həmçinin Bişkek şəhərində fəaliyyət göstərən notariat ofisinin fəaliyyəti ilə tanış olmuşdur.
Qırğız Respublikası Ədliyyə Nazirliyinin nümayəndə heyəti ilə Azərbaycan Notariat Palatasında işgüzar görüş keçirilib