Медиа
20 sentyabr 2021-ci il tarixdə Azərbaycan Notariat Palatası Beynəlxalq Notariat İttifaqının Beynəlxalq Notarial Əməkdaşlıq Komissiyası ilə birgə “Notariusların məsuliyyəti, məsuliyyət sığortası, zəmanət kassaları” mövzusunda notariusların iştirakı ilə videokonfrans formatında onlayn təlim təşkil etmişdir
Notariusların peşə hazırlığının və ixtisas səviyyəsinin artırılması istiqamətində təlimlərin keçirilməsi davam etdirilir.
20 sentyabr 2021-ci il tarixdə Azərbaycan Notariat Palatası Beynəlxalq Notariat İttifaqının Beynəlxalq Notarial Əməkdaşlıq Komissiyası ilə birgə “Notariusların məsuliyyəti, məsuliyyət sığortası, zəmanət kassaları” mövzusunda notariusların iştirakı ilə videokonfrans formatında onlayn təlim təşkil etmişdir.
Azərbaycan Notariat Palatasının İdarə Heyətinin sədri Hüseyn Məmmədov videokonfrans iştirakçılarını salamlayaraq bildirdi ki, kontinental hüquq sisteminə daxil olan Azərbaycan notariatı daim inkişaf yolundadır və respublikamızda notariatın təkmilləşdirilməsi yönündə ardıcıl, sistemli şəkildə işlər aparılmaqdadır. Azərbaycan Notariat Palatasının fəaliyyət istiqamətləri içərisində notariusların peşə hazırlığının və ixtisasının artırılması böyük əhəmiyyət kəsb edir. Notariusların peşə hazırlığının və ixtisaslarının artırılmasının və tədrisi məsələsinin zəruriliyi “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda və Notariat Palatasının nizamnaməsində təsbit edilmişdir. Azərbaycan Notariat Palatasının bu sahədə BNİ Beynəlxalq Notarial Əməkdaşlıq Komissiyası ilə əməkdaşlığı artırmaq və genişləndirmək niyyətində olduğunu vurğulamışdır.
Sonra söz çıxış etməsi üçün Litva Notariat Palatasının prezidenti Marius Straçkaytisə verilmiş və o öz məruzəsində Azərbaycan Respublikasında baş verən müsbət dəyişikliklərin sevindirici hal olduğunu və notariat sahəsində əldə etdikləri bilik və təcrübələrin Azərbaycan notariatının inkişafına kömək etməsi üçün səy göstərəcəklərini qeyd etmişdir.
Cənab Marius Straçkaytis “Notariusların məsuliyyəti, məsuliyyət sığortası, zəmanət kassaları” mövzusunda çıxış edərək bildirmişdir ki, Litva Respublikasının Notariat haqqında Qanununa əsasən, notariat hərəkətlərinin yalnız peşəkar mülki məsuliyyəti icbari sığorta ilə sığortalanmış notariuslar tərəfindən həyata keçirilə biləcəyi müəyyən edilmişdir. Litvanın “Notariat haqqında” qanununa uyğun olaraq notariuslar peşəkar mülki məsuliyyətinin icbari qaydada sığortalanması üçün Litva Notariat Palatası ilə sığorta müqaviləsi bağlayırlar. Sığorta ödənişi dəymiş zərərin tam ödənilməsi üçün kifayət etmədiyi təqdirdə, sığorta ödənişi və zərərin faktiki ölçüsü arasındakı fərq notarius tərəfindən ödənilir. Notariusların peşəkar mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta məbləği Litva Notariat Palatası ilə sığortaçı arasında bağlanmış müqavilə ilə müəyyən edilir.
Daha sonra, Almaniya Federal Notariat Palatasının eksperti Devid Syeqel “Alman notariatında sığorta təminatları” mövzusunda çıxış edərək, Almaniyada notarial sığorta sisteminin iki rejimdən ibarət olduğunu, bunlardan birinin icbari, digərinin isə könüllü sığorta olduğunu qeyd etmiş və Notariat Palatasının sığorta fondlarının fəaliyyət göstərdiyini bildirmişdir. Sığorta fondlarının əsas vəzifələri notariat üçün etimadın pozulmasını önləyən sığorta ilə bağlı hadisələr üzrə sığortalanmanın aparılmasını, sığorta hadisəsi ilə bağlı faktiki halların araşdırılmasını, icbari sığorta və ilkin kompensasiya ilə əlaqədar proseslərin monitorinqinin təşkili və tənzimləmə ilə bağlı təkliflərin hazırlanması işlərinin həyata keçirilməsindən ibarət olduğunu və ziyan vurulduğu təqdirdə fondun əmlakı hesabına sığorta ödənişinin icra edildiyini qeyd etmişdir. Notariat Palatasının sığorta fondlarının digər vəzifələri, notarial sığorta bazarının müşahidə olunması, əmlakın daha səmərəli istifadə edilməsi və kapitalın idarə olunmasıdır.
Görüşdə iştirak edən Beynəlxalq Notariat İttifaqının Beynəlxalq Notarial Əməkdaşlıq Komissiyasının sədri cənab Riçard Bok “Notariusun məsuliyyəti, məsuliyyət sığortası” mövzusunda çıxış etmiş və notariusların bağladıqları sığorta müqavilələrinin və notariat palatalarının nəzdində təşkil olunan notariusların zəmanət kassalarının əhəmiyyətindən danışaraq, bu hüquqi alətlərin notariat fəaliyyətinin sabitliyinin və təhlükəsizliyinin təminatı üsulu olduğunu bildirmişdir. Sığorta müqavilələri və zəmanət kassaları təminat üsulu kimi notariat fəaliyyətinin nüfuzunu və ona olan içtimai etimadı artırdığını qeyd etmişdir. Çıxışından sonra cənab Riçard Bok, Almaniya Federal Notariat Palatasının eksperti cənab Devid Syeqel və Azərbaycan Notariat Palatasının sədri Hüseyn Məmmədov bir sıra iştirakçılarla birlikdə mövzu ilə bağlı aktual məsələlər ətrafında fikir mübadiləsi və müzakirələr apardılar, məruzəçilər həmçinin videokonfrans iştirakçılarını maraqlandıran sualları cavablandırdılar.
Onlayn təlimdə Beynəlxalq Notariat İttifaqı katibliyinin rəhbəri xanım Yelena Bevilacqua da iştirak etmişdir.
Təlimin sonunda Azərbaycan Notariat Palatasının İdarə Heyətinin sədri Hüseyn Məmmədov faydalı məlumatlalara və təcrübə mübadiləsinə görə məruzəçilərə təşəkkürünü bildirmiş və təlimlərdə əldə edilən biliklərin hər bir notariusun ixtisasının artırılmasına və peşə hazırlığının yüksəldilməsinə müsbət töhvə verəcəyinə əminliyini vurğulamışdır.







Digər Xəbərlər
Azərbaycan Notariat Palatasının nümayəndə heyəti Qırğız Respublikasında keçirilən beynəlxalq konfransda iştirak edib 8-9 sentyabr 2025-ci il tarixlərində Qırğız Respublikasının İssık-Kul vilayətində “Notariat – dövlətin və cəmiyyətin xidmətində” mövzusunda beynəlxalq konfrans keçirilib. Qırğız Respublikası Notariat Palatasının təşkilatçılığı və dəvəti ilə Qırğız notariatının yaradılmasının 100 illiyinə həsr olunmuş tədbirdə Azərbaycan Notariat Palatasının nümayəndə heyəti iştirak edib. Beynəlxalq notariat konfransında Azərbaycan nümayəndə heyəti Azərbaycan Notariat Palatasının İdarə Heyətinin sədri Hüseyn Məmmədov, Bakı şəhəri 29 saylı notariat ofisinin notariusu İslam Mirzəzadə və 6 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin notariusu Elvin Hüseynovdan ibarət tərkibdə təmsil olunub. Beynəlxalq tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğız Respublikası, Rusiya, Belarus, Litva və Xorvatiya notariat palatalarının, həmçinin Qırğız Respublikasının dövlət qurumlarının nümayəndələri iştirak ediblər. Konfransda iştirakçı ölkələrin notariat sistemlərinin inkişaf tarixi, aparılan islahatlar və yeniliklər, rəqəmsallaşmanın notariat fəaliyyətində tətbiqi və notariatın inkişaf perspektivləri müzakirə olunub, təqdimatlar edilib. Konfransda çıxış edən nümayəndələr notariat institutunun hüquqi dövlətin formalaşmasında və vətəndaş cəmiyyətinə xidmətində oynadığı rolu vurğulayıb və bu sahədəki təcrübələrini bölüşüblər. Azərbaycan Notariat Palatasının sədri H.Məmmədov “Azərbaycan Respublikasında mülki münasibətlərin və mülki dövriyyənin notarial tənzimlənməsi” mövzusunda çıxış edərək, Azərbaycanda mülki münasibətlərin notarial tənzimlənməsinin inkişaf tarixi, notariat fəaliyyətinin yeni inkişaf mərhələsinə keçməsi prosesi, Azərbaycan Respublikasında müasir dövrdə notariat fəaliyyətinin əhatə dairəsi və perspektiv imkanlar barədə məruzə etmişdir. Səfər çərçivəsində nümayəndə heyəti Qırğız Respublikasının və digər iştirakçı ölkələrin təmsilçiləri ilə notariatın aktual məslələri üzrə fikir mübadiləsi aparmış, həmçinin Bişkek şəhərində fəaliyyət göstərən notariat ofisinin fəaliyyəti ilə tanış olmuşdur.
Qırğız Respublikası Ədliyyə Nazirliyinin nümayəndə heyəti ilə Azərbaycan Notariat Palatasında işgüzar görüş keçirilib
Azərbaycan Notariat Palatasının növbədənkənar Ümumi yığıncağı keçirilmişdir.