Медиа
20 Yanvar – Milli Qürur Günümüz!
Azərbaycan xalqı milli dirçəliş ruhu ilə azadlığı uğrunda yüksək vətənpərvərlik və mübarizə əzmi nümayiş etdirərək öz sarsılmaz iradəsini bütün dünyaya sübut etdiyi 20 Yanvar hadisələrindən 32 il ötür.
Sovet qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və respublikamızın rayonlarında 131 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olmuşdur.
Faciədən dərhal sonra – 1990-cı il yanvarın 21-də ümummilli lider Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirmiş, SSRİ rəhbərliyinin törətdiyi bu qanlı əməliyyata kəskin etirazını bildirmişdir.
20 Yanvar xalqımız üçün hüzn günü və qan yaddaşı oldu. Yanvar faciəsi ümumxalq hüznü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərmişdir.
1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə Azərbaycan xalqı əliyalın, fəqət sarsılmaz iradə ilə başdan-ayağa silahlanmış qəddar sovet qoşunlarına qarşı duraraq imperiyanın Azərbaycan milli azadlıq hərəkatını susdurmağa yönələn cəhdlərini tamamilə boşa çıxardı. Bu tarixi gündə Azərbaycan xalqı əsrlər boyu qəlbində yaşatdığı milli azadlıq və istiqlal istəyindən geri çəkilməyəcəyini, bu müqəddəs amal uğrunda hətta canından belə keçməyə hazır olduğunu bütün dünyaya nümayiş etdirdi.
20 Yanvar hadisələri Azərbaycan xalqının iradəsini, sücayətini və əzmkarlığını qıra bilməmiş, əksinə xalqımızı azadlıq uğrunda daha da sıx birləşdirərək müstəqilliyə gedən yolunu yaxınlaşdırmışdır.
Xalqımızın tarixində dərin iz buraxmış bu hadisə Azərbaycan milli kimliyinin formalaşmasına həlledici təsir göstərmiş, dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi olmuşdur. Məhz bu faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrilərək dönməz xarakter almış, xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda görmüşdür.
Şərəfli Azərbaycan xalqı 30 ilə yaxındır işğalçı Ermənistanın təcavüzü altında qalmış vətən torpaqlarımızı da 44 günlük Vətən müharibəsində dəmir yumruq kimi birləşib qəhrəmancasına azad etdi və öz ruhunda daşıdığı mübarizə əzmi və sarsılmaz iradəsini bir daha təsdiq etdi.
20 Yanvar – Xalqımızın qürur və şərəf günüdür.
Digər Xəbərlər
6-7 dekabr 2024-cü il tarixlərində Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində “Notariat və müasirlik: nikah-ailə münasibətlərinin tənzimlənməsində notariusun rolu” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.
Меморандум о сотрудничестве подписан между Нотариальной палатой Азербайджана и Нотариальной палатой Беларуси
Azərbaycan Notariat Palatasının üzvlərinin diqqətinə