Медиа

Xocalı soyqırımı – Tariximizin yaddaşlara həkk olunan qanlı səhifəsi!

Bəşəriyyətə və insanlığa qarşı törədilmiş ən qəddar, amansız və böyük cinayətlərdən biri hesab olunan Xocalı faciəsindən 30 il ötür.

 

Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları ötən əsrin əvvəllərindən başlayıb və bu iddialar soyqırımlarla müşayiət olunub. İstər 1905-1907-ci illərdə, istərsə də 1918-1920-ci illərdə Azərbaycanın əksər bölgələrində - Bakı, Quba, Şamaxı, Lənkəran, İrəvan, Naxçıvan, Cənubi Azərbaycan və digər yerlərdə törədilən soyqırımı aktları buna sübutdur.

 

Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Bu faciənin baş verməsinə nəzər saldıqda ermənilərin törətdikləri vəhşiliklərin analoqunun olmaması, erməni millətçiliyinin insanlığa sığmayan mahiyyəti daha da aydın olur. Belə ki, Ermənistan hərbi birləşmələri 1992-ci il fevral ayının 26-da 7 min əhalisi olan Xocalı şəhərində yerli azərbaycanlı əhalisinə qarşı soyqırımı aktı həyata keçirmişdir.  Erməni hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada 3 minə yaxın insan qalmışdı. Çünki mühasirədə qaldığı 4 aydan artıq zaman ərzində blokadada olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində olmuşdu.Azərbaycanın əsas ərazisi ilə əlaqələr kəsilmişdi. 50-60 avtomat və ov tüfəngi ilə silahlanmış bir qrup kənd sakinindən ibarət özünümüdafiə dəstəsi Xocalı şəhərini müdafiə edirdi. Lakin, ən müasir texnika ilə təpədən dırnağa qədər silahlanmış düşmənin hərbi birləşmələri ilə müqayisədə bu müdafiə dəstəsi nəinki zəif idi, hətta yox dərəcəsində sayılırdı. Bundan istifadə edən düşmən fevralın 25-də gecə saat 23:00 radələrində Xocalı şəhərinə keçmiş sovetlərdən qalma 366-cı motoatıcı alayın komanda heyəti və hərbi texnikası ilə birgə hücum edərək əliyalın, silahsız dinc Xocalı sakinlərinə divan tutmuşdur.

 

Bu faciə Azərbaycan xalqının 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinin davamı idi. Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunmuşdur.

 

XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır.

 

Xocalı soyqırımı zamanı 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu, 613 nəfər, o cümlədən, 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi indi də məlum deyil. Bütün bunlar erməni hərbiçiləri tərəfindən xüsusi amansızlıqla və ağlasığmaz vəhşiliklə həyata keçirilmişdir.

 

"Xocalının işğalına dair istintaq materiallarından" əldə olunmuş məlumatlara əsasən, hücumda həmçinin mayor Oqanyan Seyran Muşeqoviçin komandanlığı altında 366-cı alayın 2-ci batalyonu, Yevgeni Nabokixinin komandası altında 3-cü batalyonun, 1 saylı batalyonun qərargah rəisi Çitçyan Valeriy İsayeviç və alayda xidmət edən 50-dən artıq erməni zabit və giziri iştirak etmişdir.

 

Şəhər əhalisinin bir hissəsi zorakılıqdan qaçıb canlarını qurtarmaq istəyərkən əvvəlcədən düzəldilmiş pusqularda qətlə yetirilmişdir. Rusiyanın "Memorial" hüquq-müdafiə mərkəzinin məlumatına əsasən, dörd gün ərzində Xocalıda qətlə yetirilmiş 200 azərbaycanlının meyiti Ağdama gətirilmiş, onlarla meyitin təhqirə məruz qalması faktı aşkar edilmişdir. Ağdamda 181 meyit (13-ü uşaq olmaqla, 130 kişi və 51 qadın) məhkəmə-tibbi ekspertizasından keçirilmişdir. Ekspertiza zamanı müəyyən edilmişdir ki, 151 nəfərin ölümünə güllə yaraları, 20 nəfərin ölümünə qəlpə yaraları səbəb olmuş, 10 nəfər küt alətlə vurularaq öldürülmüşdür. Xocalı qətliamında 56 nəfər xüsusi amansızlıqla və qəddarlıqla qətlə yetirilmişdir. Onlar diri-diri yandırılmış, başlarının dərisi soyulmuş və kəsilmişdir. Erməni vəhşiliyi körpə uşaqların gözlərinin çıxarılmasında, süngü ilə hamilə qadınların qarınlarının yarılmasında və digər çirkin faktlarda özünü göstərmişdir.

 

Ulu Öndər Heydər Əliyevin Xocalı soyqırımı ilə bağlı çıxışında qeyd etmişdir ki, “Bütövlükdə, Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir.”

 

Ermənilərin Xocalıda azərbaycanlılara qarşı həyata keçirdikləri kütləvi qırğının soyqırım aktı olmasını beynəlxalq hüquq normaları da təsdiqləyir. Belə ki, soyqırım cinayətinin hüququ məzmunu BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 nömrəli qətnaməsi ilə qəbul edilmiş “Soyqırım cinayətinin qarşısının alınması və cazalandırılması haqqında Konvensiya” ilə müəyyən edilmişdir. “Xocalı soyqırımı” xarakter etibarilə beynəlxalq cinayət kateqoriyasına aiddir.

 

Bizim bir xalq olaraq heç zaman Xocalı soyqırımını unutmağa haqqımız yoxdur.

 

Bu gün təsəllimiz yalnız Zəfər ilə başa çatan 44 günlük savaşda aldığımız qisasdır.

 

Azərbaycanın rəşadətli ordusu, əzmkar xalqı və qətiyyətli siyasi rəhbərliyi möhtərəm prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşib işğalçı düşmənə qarşı vəhdət və birlik göstərərək 44 günlük Vətən müharibəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımızı geri qaytardı. Öz doğma yurdlarına qayıtmaq istəyən Azərbaycan vətəndaşlarının uzun müddətlik həsrətinə son qoyuldu. Bu haqq döyüşündə tarix yazan Azərbaycan ordusu tərəfindən məhv edilən düşmən qüvvələri içərisində Xocalı soyqırımının cəlladları da vardı. Tarixi qələbə qazanan ordumuz bu qətliamın günahsız qurbanlarının qisasını aldı.

 

Xocalı bizim qan yaddaşımızdır. Xocalı heç vaxt unudulmayacaqdır.