Медиа

Notariusların ixtisaslarının artırılması üzrə beynəlxalq konfrans keçirilib

Avqustun 17-də Azərbaycan, Almaniya və Litva notariat palatalarının birgə təşkilatçılığı ilə notariusların ixtisaslarının artırılması məqsədilə iki günlük beynəlxalq konfrans öz işinə başlayıb.

 

Tədbirdə Ədliyyə Nazirliyinin aidiyyəti məsul nümayəndələri, xarici ekspertlər, respublikamızın müxtəlif bölgələrində, o cümlədən “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən notariuslar və notarius vəzifəsinə namizədlər iştirak ediblər.

 

Konfransın açılışında Azərbaycan Notariat Palatasınınsədri Hüseyn Məmmədov, Beynəlxalq Notariat İttifaqının Beynəlxalq Notarial Əməkdaşlığı Komissiyasının Prezidenti, Almaniya Federal Notariat Palatasının beynəlxalq münasibətlər üzrə baş nümayəndəsi Rixard Bok və Ədliyyə Nazirliyinin Notariat idarəsinin rəisi Mehman Soltanov çıxış edərək notariusların peşə etikası üzrə Azərbaycan, Almaniya və Litva təcrübələrinin mübadiləsi, bu sahədə müqayisəli təhlillərin aparılması və beynəlxalq əlaqələrin genişləndirilməsi baxımından tədbirin əhəmiyyətini qeyd ediblər.

 

“Notariat fəaliyyətində peşə etikasının əsas aspektləri” mövzusunda keçirilən konfransın ilk günündə notariusun peşə funksiyaları və peşə etikasının xüsusiyyətləri ilə bağlı Azərbaycan və Litva təcrübələri, latın notariatında deontologiya məsələləri ilə bağlı çıxışlar edilib, müzakirələr aparılıb.

 

Ölkəmizdə yüksək səviyyəli hüquqi xidmətlərin əsasını təşkil edən peşə etikasının notariat fəaliyyətində rolu qeyd olunaraq bu sahədə Ədliyyə Nazirliyi tərəfindən notariusların təlim və ixtisasartırma kurslarına daim böyük önəm verildiyi bildirilib, onların peşə etikasını tənzimləyən “Notariusun Etik Davranış Kodeksi”barədə məlumat verilib.

 

Sonda dinləyiciləri maraqlandıran suallar cavablandırılaraq faydalı müzakirələr aparılıb.

 

Konfrans öz işini avqustun 18-də “Daşınmaz əmlakı əldə edənin hüquqlarınınmüdafiəsi” mövzusunda davam etdirəcək. Tədbirin ikinci günündə daşınmaz əmlak üzərində hüquqların rəsmiləşdirilməsi zamanı risk əsaslı yanaşmanın tətbiqi, bu sahədə çirkli pulların yuyulmasının qarşısının alınmasında notariusun rolu, həmçinin xidmət zamanı sənədlərin yoxlanılması prosedurlarını dəfələrlə sürətləndirən Ədliyyə Nazirliyinin elektron informasiya resurslarının imkanları və innovativ həllər barədə çıxışların edilməsi, diskussiyalar aparılması, daşınmaz əmlakı əldə edənin hüquqlarının müdafiəsi sahəsində təcrübələrin bölüşülməsi planlaşdırılır.

 

Tədbir çərçivəsində Azərbaycan Notariat Palatasının Almaniya və Litva notariat palataları ilə ikitərəfli əməkdaşlığa dair sənədlərin imzalanması nəzərdə tutulur.

Digər Xəbərlər

Berlində Beynəlxalq Notariat İttifaqının 31-ci konqresi keçirilib

06.10.2025

Azərbaycan Notariat Palatasının nümayəndə heyəti Qırğız Respublikasında keçirilən beynəlxalq konfransda iştirak edib 8-9 sentyabr 2025-ci il tarixlərində Qırğız Respublikasının İssık-Kul vilayətində “Notariat – dövlətin və cəmiyyətin xidmətində” mövzusunda beynəlxalq konfrans keçirilib. Qırğız Respublikası Notariat Palatasının təşkilatçılığı və dəvəti ilə Qırğız notariatının yaradılmasının 100 illiyinə həsr olunmuş tədbirdə Azərbaycan Notariat Palatasının nümayəndə heyəti iştirak edib. Beynəlxalq notariat konfransında Azərbaycan nümayəndə heyəti Azərbaycan Notariat Palatasının İdarə Heyətinin sədri Hüseyn Məmmədov, Bakı şəhəri 29 saylı notariat ofisinin notariusu İslam Mirzəzadə və 6 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin notariusu Elvin Hüseynovdan ibarət tərkibdə təmsil olunub. Beynəlxalq tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğız Respublikası, Rusiya, Belarus, Litva və Xorvatiya notariat palatalarının, həmçinin Qırğız Respublikasının dövlət qurumlarının nümayəndələri iştirak ediblər. Konfransda iştirakçı ölkələrin notariat sistemlərinin inkişaf tarixi, aparılan islahatlar və yeniliklər, rəqəmsallaşmanın notariat fəaliyyətində tətbiqi və notariatın inkişaf perspektivləri müzakirə olunub, təqdimatlar edilib. Konfransda çıxış edən nümayəndələr notariat institutunun hüquqi dövlətin formalaşmasında və vətəndaş cəmiyyətinə xidmətində oynadığı rolu vurğulayıb və bu sahədəki təcrübələrini bölüşüblər. Azərbaycan Notariat Palatasının sədri H.Məmmədov “Azərbaycan Respublikasında mülki münasibətlərin və mülki dövriyyənin notarial tənzimlənməsi” mövzusunda çıxış edərək, Azərbaycanda mülki münasibətlərin notarial tənzimlənməsinin inkişaf tarixi, notariat fəaliyyətinin yeni inkişaf mərhələsinə keçməsi prosesi, Azərbaycan Respublikasında müasir dövrdə notariat fəaliyyətinin əhatə dairəsi və perspektiv imkanlar barədə məruzə etmişdir. Səfər çərçivəsində nümayəndə heyəti Qırğız Respublikasının və digər iştirakçı ölkələrin təmsilçiləri ilə notariatın aktual məslələri üzrə fikir mübadiləsi aparmış, həmçinin Bişkek şəhərində fəaliyyət göstərən notariat ofisinin fəaliyyəti ilə tanış olmuşdur.

15.09.2025

Qırğız Respublikası Ədliyyə Nazirliyinin nümayəndə heyəti ilə Azərbaycan Notariat Palatasında işgüzar görüş keçirilib

10.09.2025