Медиа

9-12 sentyabr 2022-ci il tarixlərində Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının və Türkiyənin Erzincan Universitetinin birgə təşkilatçılığı ilə Beynəlxalq Türk Dünyası Simpoziumu keçirilmişdir.

Simpoziumda Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrdən dəvət olunmuş ictimai həyatın müxtəlif sahələrinin təmsilçiləri iştirak etmişlər.

 

Azəbaycan Notariat Palatasının sədri Hüseyn Məmmədov Simpoziumda iştirak edərək, türk dünyasının bir-biri ilə əlaqəli olan qurumları arasında əməkdaşlığın artırılması istiqamətində təşkil edilən panel iclasında “Türk Dövlətlərinin notariat qurumları arasında əməkdaşlıq və əlaqələndirmə məsələləri və bu prosesin hüquqi sənədləşmə dövriyyəsinin etibarlılığına töhfəsi” mövzusunda çıxış etmişdir. H.Məmmədov, həmçinin simpozium proqramı çərçivəsində əməkdaşlığın və əlaqələndirmənin genişləndirilməsinə dair dəyirmi masada müzakirədə iştirak etmişdir.

 

Səfər çərçivəsində H.Məmmədov simpozium proqramı ilə yanaşı, Türkiyə Notariuslar Birliyində Birliyin rəhbərliyi ilə işgüzar görüş keçirmiş, görüşdə notariat qurumları arasında əməkdaşlığın artırılaraq təcrübə mübadiləsinin səmərəli təşkili, Türk Dövlətləri Təşkilatının platformasında notariat qurumlarının fəaliyyət istiqamətlərinin əlaqələndirilməsi və regional əməkdaşlığının genişləndirilməsi məsələləri üzrə müzakirələr aparılmışdır. Tərəflər Türk Dövlətləri Təşkilatı ölkələrinin notariat qurumlarının əməkdaşlığının genişlənməsinin ümumilikdə notariat institutunun səmərəliliyinin artırılmasına bir töhfə olacağını vurğulamışlar.