Медиа

Notariusların peşə biliklərinin artırılması üzrə təlimlər davam etdirilir

20-24 iyul 2023-cü il tarixlərində Ədliyyə Nazirliyinin, Azərbaycan Notariat Palatasının və Maliyyə Monitorinqi Xidmətinin birgə təşkilatçılığı ilə “Notariusların cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsindəki əsas öhdəlikləri” və “Notariusların şübhəli əməliyyatlar barədə məlumat vermək öhdəliyi və hesabat forması” mövzularında notariuslar üçün təlim keçirilmişdir.

 

Notariat Palatası İdarə Heyətinin sədri Hüseyn Məmmədov cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında yeni Qanunun tələbləri haqqında məlumat vermişdir.

 

Qeyd olunmuşdur ki, notariusların bu sahədə bilik və bacarıqlarının artırılmasına yönəlmiş təlimlər ölkə Prezidentinin 28 fevral 2023-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2023-2025-ci illər Milli Fəaliyyət Planı”nın icrası çərçivəsində Maliyyə Monitorinqi Xidməti ilə birgə təşkil olunur.

 

Nazirliyin Ədliyyə sahəsində xidmətlər baş idarəsinin Nəzarət-analitik iş üzrə qrup rəhbəri Leyla Bərxudarzadə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə notariusun iştirakının əsas xüsusiyyətləri barədə məlumat vermişdir.

 

Notariusların peşə sahibləri qismində cinayət yolu əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində predikativ funksiyaları haqqında danışan Maliyyə Monitorinqi Xidmətinin Hüquq mühafizə orqanları ilə iş şöbəsinin rəisi Aytən Mirzəzadə maliyyə vəsaitinin idarəedilməsində fiziki və hüquqi şəxslər tərəfindən yol verilən sui-istifadə halları barədə təqdimatla çıxış etmişdir.

 

Maliyyə Monitorinqi Xidmətinin Hüquq mühafizə orqanları ilə iş şöbəsinin əməkdaşı Kifayət Nəsirli notariusların öhdəlik daşıyan şəxslər kimi qanunla müəyyən edilmiş həddən artıq məbləğdə həyata keçirilməsi nəzərdə tutulmuş birdəfəlik əməliyyatlardan öncə müştəri uyğunluğu tədbirləri barədə məlumat vermişdir.

 

Diskussiya formatında keçirilən təlimdə notariusları maraqlandıran suallar cavablandırılmış, yeni Qanunun tələblərinin icrasında istifadə olunan informasiya resurslarının risklərin qiymətləndirilməsində əhəmiyyəti barədə fikir mübadiləsi aparılmışdır.

Digər Xəbərlər

Azərbaycan Notariat Palatasının nümayəndə heyəti Qırğız Respublikasında keçirilən beynəlxalq konfransda iştirak edib 8-9 sentyabr 2025-ci il tarixlərində Qırğız Respublikasının İssık-Kul vilayətində “Notariat – dövlətin və cəmiyyətin xidmətində” mövzusunda beynəlxalq konfrans keçirilib. Qırğız Respublikası Notariat Palatasının təşkilatçılığı və dəvəti ilə Qırğız notariatının yaradılmasının 100 illiyinə həsr olunmuş tədbirdə Azərbaycan Notariat Palatasının nümayəndə heyəti iştirak edib. Beynəlxalq notariat konfransında Azərbaycan nümayəndə heyəti Azərbaycan Notariat Palatasının İdarə Heyətinin sədri Hüseyn Məmmədov, Bakı şəhəri 29 saylı notariat ofisinin notariusu İslam Mirzəzadə və 6 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin notariusu Elvin Hüseynovdan ibarət tərkibdə təmsil olunub. Beynəlxalq tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğız Respublikası, Rusiya, Belarus, Litva və Xorvatiya notariat palatalarının, həmçinin Qırğız Respublikasının dövlət qurumlarının nümayəndələri iştirak ediblər. Konfransda iştirakçı ölkələrin notariat sistemlərinin inkişaf tarixi, aparılan islahatlar və yeniliklər, rəqəmsallaşmanın notariat fəaliyyətində tətbiqi və notariatın inkişaf perspektivləri müzakirə olunub, təqdimatlar edilib. Konfransda çıxış edən nümayəndələr notariat institutunun hüquqi dövlətin formalaşmasında və vətəndaş cəmiyyətinə xidmətində oynadığı rolu vurğulayıb və bu sahədəki təcrübələrini bölüşüblər. Azərbaycan Notariat Palatasının sədri H.Məmmədov “Azərbaycan Respublikasında mülki münasibətlərin və mülki dövriyyənin notarial tənzimlənməsi” mövzusunda çıxış edərək, Azərbaycanda mülki münasibətlərin notarial tənzimlənməsinin inkişaf tarixi, notariat fəaliyyətinin yeni inkişaf mərhələsinə keçməsi prosesi, Azərbaycan Respublikasında müasir dövrdə notariat fəaliyyətinin əhatə dairəsi və perspektiv imkanlar barədə məruzə etmişdir. Səfər çərçivəsində nümayəndə heyəti Qırğız Respublikasının və digər iştirakçı ölkələrin təmsilçiləri ilə notariatın aktual məslələri üzrə fikir mübadiləsi aparmış, həmçinin Bişkek şəhərində fəaliyyət göstərən notariat ofisinin fəaliyyəti ilə tanış olmuşdur.

15.09.2025

Qırğız Respublikası Ədliyyə Nazirliyinin nümayəndə heyəti ilə Azərbaycan Notariat Palatasında işgüzar görüş keçirilib

10.09.2025

Azərbaycan Notariat Palatasının növbədənkənar Ümumi yığıncağı keçirilmişdir.

12.07.2025