Медиа
Azərbaycan Notariat Palatasının təsis yığıncağı keçirilmişdir
Notariat fəaliyyəti – kompleks hüquq sahəsi olaraq, fiziki və hüquqi şəxslərin mülki hüquq və mənafelərinin həyata keçirilməsinin və mülki dövriyyənin sabitliyinin və inkişafının hüquqi qarantı olmaqla, dövlətin hakimiyyətinin verdiyi səlahiyyətlərlə notariuslar tərəfindən mübahisəsiz hüquq və faktların təsdiqini və bu notariat hərəkətlərinin məcmusunu ehtiva edir.
Azərbaycan Respublikasında notariat dedikdə “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hüquqi hərəkətləri, yəni notariat hərəkətlərini aparmağa müvəkkil edilmiş şəxslər birlikdə başa düşülür.
Azərbaycan Respublikasında rəsmi və doğru sənədlərin tərtibi üçün hüquqların, hüquqi əhəmiyyətli faktların təsdiqi və digər notariat hərəkətlərinin aparılması notariat fəaliyyətinə məxsusdur və belə fəaliyyət yalnız qanunverciliklə müəyyən edilmiş qaydada və nəzərdə tutulmuş şəxslər tərəfindən həyata keçirilə bilər.
Notarius “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aşağıdakı notariat hərəkətlərini aparır:
- əqdləri və etibarnamələri təsdiq edir;
- miras əmlakın mühafizə olunması üçün tədbirlər görür;
- vərəsəlik hüququ haqqında şəhadətnamələr verir;
- ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamələr verir;
- yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr verir;
- sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünü təsdiq edir;
- sənədlərdəki imzaların həqiqiliyini təsdiq edir;
- sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünü təsdiq edir;
- şəxsin sağ olması faktını təsdiq edir;
- şəxsin müəyyən yerdə olması faktını təsdiq edir;
- şəxslə fotoşəkildəki şəxsin eyniliyini təsdiq edir;
- sənədlərin təqdim olunduğu vaxtı təsdiq edir;
- fiziki və hüquqi şəxslərin ərizələrini və sənədlərini başqa fiziki və hüquqi şəxslərə verir;
- öhdəliyin icra predmetini saxlamağa, pul məbləğlərini, qiymətli kağızları və vəsiyyətnamələri depozitə qəbul edir;
- icra qeydləri aparır;
- veksellərə protestlər tərtib edir;
- çekləri ödənilmək üçün təqdim edir və çeklərin ödənilmədiyini təsdiq edir;
- sənədləri saxlanmaq üçün qəbul edir;
- dəniz protestləri tərtib edir;
- sübutları təmin edir.
Notarius “Notariat haqqında” Qanunla müəyyən olunmuş həmin hərəkətləri apara bilər, əqdlərin, ərizələrin və digər sənədlərin layihələrini tərtib edə bilər, sənədlərin surətlərini və onlardan çıxarışları hazırlaya bilər, notariat hərəkətlərinin aparılması ilə əlaqədar məsləhətlər verə bilər, fiziki və hüquqi şəxslərdən həmin hərəkətlərin aparılması üçün sənədləri və məlumatları tələb edə bilər.
Notarius öz vəzifələrini yerinə yetirərkən – fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərməli, hüquqi məlumatsızlığın onlara vura biləcəyi ziyanın qarşısını almaq üçün notariat hərəkətlərinin aparılması nəticələri barədə onlara xəbərdarlıq etməli, qanunvericiliyin tələblərinə əməl etməli, peşə fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar ona məlum olan məlumatları gizli saxlamalıdırlar.
Notariuslar “Notariusun etik davranış kodeksi”nin tələblərinə riayət etməlidirlər.










Digər Xəbərlər
Berlində Beynəlxalq Notariat İttifaqının 31-ci konqresi keçirilib
Azərbaycan Notariat Palatasının nümayəndə heyəti Qırğız Respublikasında keçirilən beynəlxalq konfransda iştirak edib 8-9 sentyabr 2025-ci il tarixlərində Qırğız Respublikasının İssık-Kul vilayətində “Notariat – dövlətin və cəmiyyətin xidmətində” mövzusunda beynəlxalq konfrans keçirilib. Qırğız Respublikası Notariat Palatasının təşkilatçılığı və dəvəti ilə Qırğız notariatının yaradılmasının 100 illiyinə həsr olunmuş tədbirdə Azərbaycan Notariat Palatasının nümayəndə heyəti iştirak edib. Beynəlxalq notariat konfransında Azərbaycan nümayəndə heyəti Azərbaycan Notariat Palatasının İdarə Heyətinin sədri Hüseyn Məmmədov, Bakı şəhəri 29 saylı notariat ofisinin notariusu İslam Mirzəzadə və 6 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin notariusu Elvin Hüseynovdan ibarət tərkibdə təmsil olunub. Beynəlxalq tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğız Respublikası, Rusiya, Belarus, Litva və Xorvatiya notariat palatalarının, həmçinin Qırğız Respublikasının dövlət qurumlarının nümayəndələri iştirak ediblər. Konfransda iştirakçı ölkələrin notariat sistemlərinin inkişaf tarixi, aparılan islahatlar və yeniliklər, rəqəmsallaşmanın notariat fəaliyyətində tətbiqi və notariatın inkişaf perspektivləri müzakirə olunub, təqdimatlar edilib. Konfransda çıxış edən nümayəndələr notariat institutunun hüquqi dövlətin formalaşmasında və vətəndaş cəmiyyətinə xidmətində oynadığı rolu vurğulayıb və bu sahədəki təcrübələrini bölüşüblər. Azərbaycan Notariat Palatasının sədri H.Məmmədov “Azərbaycan Respublikasında mülki münasibətlərin və mülki dövriyyənin notarial tənzimlənməsi” mövzusunda çıxış edərək, Azərbaycanda mülki münasibətlərin notarial tənzimlənməsinin inkişaf tarixi, notariat fəaliyyətinin yeni inkişaf mərhələsinə keçməsi prosesi, Azərbaycan Respublikasında müasir dövrdə notariat fəaliyyətinin əhatə dairəsi və perspektiv imkanlar barədə məruzə etmişdir. Səfər çərçivəsində nümayəndə heyəti Qırğız Respublikasının və digər iştirakçı ölkələrin təmsilçiləri ilə notariatın aktual məslələri üzrə fikir mübadiləsi aparmış, həmçinin Bişkek şəhərində fəaliyyət göstərən notariat ofisinin fəaliyyəti ilə tanış olmuşdur.
Qırğız Respublikası Ədliyyə Nazirliyinin nümayəndə heyəti ilə Azərbaycan Notariat Palatasında işgüzar görüş keçirilib