Медиа

Azərbaycan Notariat Palatası və Bakı Dövlət Universiteti arasında birgə əməkdaşlıq haqqında müqavilə imzalanmışdır.

7 aprel 2021-ci il tarixdə Azərbaycan Notariat Palatası və Bakı Dövlət Universiteti arasında birgə əməkdaşlıq haqqında müqavilə imzalanmışdır.

 

Bakı Dövlət Universitetində keçirilən görüşdə BDU-nun rektoru Elçin Babayev çıxış edərək, Universitetlə Notariat Palatası arasında əməkdaşlığın perspektivlərinin əhəmiyyətini vurğulayaraq, hüquqşünas kadrların yetişdirilməsi ilə bağlı əməli təcrübənin aşılanması, bu sahədə birgə layihə və tədbirlərin həyata keçirilməsi, notariat hüququ üzrə tədrisin həyata keçirilməsi və digər birgə maraq doğuran məsələlər barəsində danışıb.

 

Notariat Palatasının sədri Hüseyn Məmmədov ölkədə notariat sahəsində aparılan islahatlardan bəhs edərək qeyd edib ki, son dövrdə notariat sahəsində mütərəqqi beynəlxalq təcrübə öyrənilməklə qanunvericilik təkmilləşdirilmiş, notariat ofislərini vahid şəbəkədə birləşdirən "Elektron notariat" informasiya sisteminin imkanlarının artırılması notariat hərəkətlərinin daha rahat və operativ aparılmasını şərtləndirmişdir. Respublikamızda xüsusi notariat institutunun tətbiqi genişləndirilmiş və notariat fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə notariusları vahid qurumda birləşdirən Azərbaycan Notariat Palatası yaradılmış və fəaliyyətə başlamışdır.

 

Palata sədri çıxışında Bakı Dövlət Universiteti ilə gələcək əməkdaşlığın – notariat fəaliyyəti ilə bağlı hüquq nəzəriyyəsinin və hüquqtətbiqetmə praktikasının təkmilləşdirilməsinin və notariat hüququnun tədrisinin optimallaşdırılmasının faydalı nəticələr verəcəyinə əminliyini ifadə edib.

 

Görüşdə BDU-nun prorektoru Əliş Ağamirzəyev, BDU-nun Hüquq fakültəsinin dekanı Əmir Əliyev, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin baş məsləhətçisi Vidadi Mayıl və Bakı şəhər 11 saylı Notariat ofisinin notariusu İlqar Məmmədov da iştirak ediblər.

Digər Xəbərlər

Azərbaycan Notariat Palatasının nümayəndə heyəti Qırğız Respublikasında keçirilən beynəlxalq konfransda iştirak edib 8-9 sentyabr 2025-ci il tarixlərində Qırğız Respublikasının İssık-Kul vilayətində “Notariat – dövlətin və cəmiyyətin xidmətində” mövzusunda beynəlxalq konfrans keçirilib. Qırğız Respublikası Notariat Palatasının təşkilatçılığı və dəvəti ilə Qırğız notariatının yaradılmasının 100 illiyinə həsr olunmuş tədbirdə Azərbaycan Notariat Palatasının nümayəndə heyəti iştirak edib. Beynəlxalq notariat konfransında Azərbaycan nümayəndə heyəti Azərbaycan Notariat Palatasının İdarə Heyətinin sədri Hüseyn Məmmədov, Bakı şəhəri 29 saylı notariat ofisinin notariusu İslam Mirzəzadə və 6 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin notariusu Elvin Hüseynovdan ibarət tərkibdə təmsil olunub. Beynəlxalq tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğız Respublikası, Rusiya, Belarus, Litva və Xorvatiya notariat palatalarının, həmçinin Qırğız Respublikasının dövlət qurumlarının nümayəndələri iştirak ediblər. Konfransda iştirakçı ölkələrin notariat sistemlərinin inkişaf tarixi, aparılan islahatlar və yeniliklər, rəqəmsallaşmanın notariat fəaliyyətində tətbiqi və notariatın inkişaf perspektivləri müzakirə olunub, təqdimatlar edilib. Konfransda çıxış edən nümayəndələr notariat institutunun hüquqi dövlətin formalaşmasında və vətəndaş cəmiyyətinə xidmətində oynadığı rolu vurğulayıb və bu sahədəki təcrübələrini bölüşüblər. Azərbaycan Notariat Palatasının sədri H.Məmmədov “Azərbaycan Respublikasında mülki münasibətlərin və mülki dövriyyənin notarial tənzimlənməsi” mövzusunda çıxış edərək, Azərbaycanda mülki münasibətlərin notarial tənzimlənməsinin inkişaf tarixi, notariat fəaliyyətinin yeni inkişaf mərhələsinə keçməsi prosesi, Azərbaycan Respublikasında müasir dövrdə notariat fəaliyyətinin əhatə dairəsi və perspektiv imkanlar barədə məruzə etmişdir. Səfər çərçivəsində nümayəndə heyəti Qırğız Respublikasının və digər iştirakçı ölkələrin təmsilçiləri ilə notariatın aktual məslələri üzrə fikir mübadiləsi aparmış, həmçinin Bişkek şəhərində fəaliyyət göstərən notariat ofisinin fəaliyyəti ilə tanış olmuşdur.

15.09.2025

Qırğız Respublikası Ədliyyə Nazirliyinin nümayəndə heyəti ilə Azərbaycan Notariat Palatasında işgüzar görüş keçirilib

10.09.2025

Azərbaycan Notariat Palatasının növbədənkənar Ümumi yığıncağı keçirilmişdir.

12.07.2025