Медиа

15 oktyabr 2022-ci il tarixdə Azərbaycan Notariat Palatasının təşkilatçılığı ilə respublikada fəaliyyət göstərən notariuslar üçün Şamaxı rayonunda yerləşən Dövlət Vergi Xidmətinin Tədris Mərkəzində “Notariat fəaliyyətinin aktual məsələləri” mövzusunda seminar keçirilmişdir.

Notariusların peşə biliklərinin artırılması üçün aktual mövzuların müzakirəsi, notariusların fəaliyyətinin əlaqələndirilməsi və həmkarlararası ünsiyyətin artırılması məqsədilə təşkil edilmiş seminarda “Vərəsəlik işlərinin aparılmasının aktual məsələləri”, “Elektron sənədləşmə və “Elektron notariat” informasiya sistemindən istifadə” və “Çirkli pulların yuyulmasına qarşı mübarizə sahəsində notariusun fəaliyyəti” mövzuları üzrə çıxışlar dinlənilmiş, notariusları maraqlandıran suallar ətrafında müzakirələr aparılmışdır. Çıxış və müzakirələrdə notariat fəaliyyətində seminarın mövzularını əhatə edən məsələlərdə hüququn dürüst tətbiqi və vahid yanaşmanın zəruriliyi vurğulanmışdır.

 

İştirakçılarının fəallığı ilə seçilən tədbirdə, notariuslar  seminarın peşə biliklərinin artırılmasına və həmkarlarası ünsiyyətin əlaqələndirilməsində səmərəliliyini və faydalılığını bildirərək belə tədbirlərin mütəmadi olaraq təşkil edilməsinə tələbat olduğunu bildirmişlər.

 

Seminarda Bakı şəhərində və regionlarda fəaliyyət göstərən 40-a yaxın notarius, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin və Azərbaycan Notariat Palatasının əməkdaşları iştirak etmişlər.