Медиа

Notariat fəaliyyəti ilə məşğul olmaq istəyən namizədlərin nəzərinə

Əhaliyə göstərilən hüquqi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və notariat fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində notariuslar korpusunun şəffaf prosedurlarla formalaşdırılması üzrə ardıcıl tədbirlər görülür.

 

Bununla bağlı Mingəçevir, Şirvan, Naftalan şəhərləri və Tovuz, Ağcabədi, Xızı, Salyan, Lənkəran, Yevlax, Cəlilabad, Zaqatala, Xaçmaz, Bərdə, Zərdab rayonlarında notariat fəaliyyəti ilə məşğul olmaq istəyən qanunvericiliyin tələblərinə cavab verən hüquqşünaslar keçən ilin sentyabr ayında elan edilmiş müsabiqədə iştirak etməyə dəvət olunmuşlar. Hazırda COVİD-19 pandemiyası ilə bağlı xüsusi karantin rejiminin yumşaldılması ilə əlaqədar müsabiqə üzrə test imtahanının cari ilin aprel ayının əvvəlində keçirilməsi nəzərdə tutulmuşdur. Bununla əlaqədar ərizələrin qəbulunun mart ayının 5-də başa çatdırılması qərara alınmışdır.

 

"Notariat haqqında" Qanuna əsasən namizədlər tərəfindən təqdim olunmuş sənədlərin qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılacaqdır.

 

Qeyd edilir ki, müsabiqədə iştirak edəcək hüquqşünaslar üçün test imtahanına mükəmməl hazırlaşmalarına köməklik məqsədilə Ədliyyə Akademiyası tərəfindən xüsusi hazırlıq kursları təşkil ediləcəkdir.

 

Test imtahanının, həmçinin hazırlıq kursunun vaxtı və yeri barədə məlumat veriləcəkdir.

 

Əlavə məlumatları nazirliyin internet saytından (www.justice.gov.az), habelə 404-42-28, 404-42-29 nömrəli əlaqə telefonları vasitəsilə əldə etmək mümkündür.

 

Mənbə: Ədliyyə Nazirliyi Mətbuat xidmətinin məlumatı

Digər Xəbərlər

Berlində Beynəlxalq Notariat İttifaqının 31-ci konqresi keçirilib

06.10.2025

Azərbaycan Notariat Palatasının nümayəndə heyəti Qırğız Respublikasında keçirilən beynəlxalq konfransda iştirak edib 8-9 sentyabr 2025-ci il tarixlərində Qırğız Respublikasının İssık-Kul vilayətində “Notariat – dövlətin və cəmiyyətin xidmətində” mövzusunda beynəlxalq konfrans keçirilib. Qırğız Respublikası Notariat Palatasının təşkilatçılığı və dəvəti ilə Qırğız notariatının yaradılmasının 100 illiyinə həsr olunmuş tədbirdə Azərbaycan Notariat Palatasının nümayəndə heyəti iştirak edib. Beynəlxalq notariat konfransında Azərbaycan nümayəndə heyəti Azərbaycan Notariat Palatasının İdarə Heyətinin sədri Hüseyn Məmmədov, Bakı şəhəri 29 saylı notariat ofisinin notariusu İslam Mirzəzadə və 6 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin notariusu Elvin Hüseynovdan ibarət tərkibdə təmsil olunub. Beynəlxalq tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğız Respublikası, Rusiya, Belarus, Litva və Xorvatiya notariat palatalarının, həmçinin Qırğız Respublikasının dövlət qurumlarının nümayəndələri iştirak ediblər. Konfransda iştirakçı ölkələrin notariat sistemlərinin inkişaf tarixi, aparılan islahatlar və yeniliklər, rəqəmsallaşmanın notariat fəaliyyətində tətbiqi və notariatın inkişaf perspektivləri müzakirə olunub, təqdimatlar edilib. Konfransda çıxış edən nümayəndələr notariat institutunun hüquqi dövlətin formalaşmasında və vətəndaş cəmiyyətinə xidmətində oynadığı rolu vurğulayıb və bu sahədəki təcrübələrini bölüşüblər. Azərbaycan Notariat Palatasının sədri H.Məmmədov “Azərbaycan Respublikasında mülki münasibətlərin və mülki dövriyyənin notarial tənzimlənməsi” mövzusunda çıxış edərək, Azərbaycanda mülki münasibətlərin notarial tənzimlənməsinin inkişaf tarixi, notariat fəaliyyətinin yeni inkişaf mərhələsinə keçməsi prosesi, Azərbaycan Respublikasında müasir dövrdə notariat fəaliyyətinin əhatə dairəsi və perspektiv imkanlar barədə məruzə etmişdir. Səfər çərçivəsində nümayəndə heyəti Qırğız Respublikasının və digər iştirakçı ölkələrin təmsilçiləri ilə notariatın aktual məslələri üzrə fikir mübadiləsi aparmış, həmçinin Bişkek şəhərində fəaliyyət göstərən notariat ofisinin fəaliyyəti ilə tanış olmuşdur.

15.09.2025

Qırğız Respublikası Ədliyyə Nazirliyinin nümayəndə heyəti ilə Azərbaycan Notariat Palatasında işgüzar görüş keçirilib

10.09.2025