Media
Hüquqi şəxslərin və fərdi sahibkarların qeydiyyatı notarius vasitəsilə daha rahat olacaq - Rusiya təcrübəsi
May ayının 12-də Rusiya Dövlət Duması üçüncü oxunuşda müraciət edən şəxsin notariusa müraciəti zamanı hüquqi şəxslərin və fərdi sahibkarların qeydiyyatı prosesinin optimallaşdırılmasına yönəlmiş qanun layihəsini qəbul etmişdir. Deputatlar tərəfindən təsdiqlənən bu müddəalar qüvvəyə mindikdən sonra, şirkət yaradılması məsələsi notariat ofisinə bir dəfə müraciət etməklə daha rahat şəkildə həll ediləcəkdir.
Rusiya hökumətinin təşəbbüsü ilə ötən ilin payız aylarında hazırlanan qanun layihəsi iki əsas müddəadan ibarətdir. Birincisi – hazırda sənədlər nümayəndə vasitəsi ilə vergi orqanına təqdim edilərkən hazırda tələb olunan notarial qaydada təsdiq edilmiş etibarnamənin ləğvi barədə. İkincisi - hüquqi şəxsin və ya fərdi sahibkarın dövlət qeydiyyatı üçün verilən ərizədəki imzanın həqiqiliyi təsdiq edilərkən sənədlərin notarius tərəfindən müstəqil şəkildə Federal Vergi Xidmətinə təqdim edilməsi öhdəliyinin verilməsi barədə. Beləliklə, iki notariat hərəkətinin - ərizəçinin imzasının həqiqiliyinin təsdiqlənməsi və sənədlərin qeydiyyata alınması üçün vergi orqanına göndərilməsinin - bir kompleks xidmətə birləşdirilməsi təklif olunur.
Nəticədə, faktiki olaraq müraciət edən şəxsin əvəzindən bütün işləri həyata keçirən və qısa müddətdə hazır sənədlərin əldə edilməsini təmin edən yaxınlıqdakı notariusa yalnız bir dəfə müraciət edərək şəxsi işinizi açmaq daha asan və ucuz başa gələcəkdir. Sənədləri vergi orqanına şəxsən müraciət edərək və ya öz adından təqdim etmək üçün etibarlı vasitəçi axtarmaq və vaxt itirmək isə sadəcə mənasız olacaqdır.
Vahid əməliyyat əvəzinə müraciət edənlərlə "Bir pəncərə" formatında iş və kompleks texnoloji notariat hərəkətlərinə keçid müasir notariatın inkişafında əsas tendensiyalardan biridir. Belə ki, artıq bir neçə ildir ki, daşınmaz əmlak əqdləri notarial qaydada təsdiqlənərkən oxşar prinsip tətbiq olunur: notarius bütün hüquqi yoxlamaları öhdəsinə götürür, əməliyyatın qanuniliyini və hüquqi şəffaflığını təmin edir və müqaviləni imzaladıqdan dərhal sonra sənədlər toplusunu elektron formada Rusiya Reyestr Xidmətinə göndərir. Yəni, mülkiyyət hüququnun ötürülməsinin qeydiyyatı ilə bağlı məsələnin operativ həlli, əqdin notarial qaydada təsdiqinin həlledici mərhələsi hesab edilir və müraciət edən şəxsdən heç bir əlavə ödəniş tələb edilmir. Bu prinsip daşınmaz əmlakla bağlı vərəsəlik hüquqları yaranarkən də tətbiq edilir.
Xatırladaq ki, notariat və vergi orqanları uzun illərdir məlumat və sənəd mübadiləsi üçün rəqəmsal formatı uğurla tətbiq edirlər, bu da bütün prosedurları nəinki sürətləndirir, həmçinin hüquqi əhəmiyyətə malik məlumatların qorunması və həqiqiliyi üçün əlavə təminatlar verir. Ümumilikdə, bu gün notariuslar biznes üçün mülkiyyət hüquqlarının qorunması ilə əlaqədar kompleks şəklində rahat və etibarlı vasitələr təklif edirlər - məsələn, hüquqi şəxslərin idarəetmə orqanlarının əqdlərinin və qərarlarının təsdiqlənməsindən, cəmiyyət iştirakçılarının siyahıları kimi hüquqi baxımdan əhəmiyyətli sənədlərin saxlanılmasına qədər.
Mənbə: www.notariat.ru
Digər Xəbərlər
Azərbaycan Notariat Palatası ilə ADA Universiteti arasında Əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilib.
31 may 2024-cü il tarixdə Azərbaycan Notariat Palatasının videoformatda Ümumi yığıncağı keçirilib
Notariat fəaliyyətində vərəsəliyin aktual məsələləri mövzusunda beynəlxalq seminar keçirilib