Notary activities banner

Haqqımızda

Azərbaycan notariat tarixi

Azərbaycanda notariat sisteminin yaranmasının maraqlı tarixi vardır. Bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da notariat hərəkətlərinin aparılmasının meydana gəlməsi dövlətlərin yaranması, inkişafa başlaması ilə yanaşı yazılı sübutların yaranması ilə eyni vaxta təsadüf edir. Azərbaycanın ərazisində ilk böyük quldarlıq dövləti Manna olmuşdur. Eramızdan əvvəl I minilliyin əvvəlində Azərbaycanın ilk quldarlıq dövlətlərində notariat hərəkəti olan vəsiyyətnamə həm yazılı, həm də şifahi  formada tərtib edilirdi. Vəsiyyət edənin şahidlərin yanında etdiyi şifahi bəyanatlar da nəzərə alınırdı. Şahidlərin yanında edilən şifahi vəsiyyət zamanı şahidlər bir növ notariat xidməti göstərən etibarlı şəxsə çevrilirdilər və vəsiyyət edənin ölümündən sonra zərurət yarandıqda vəsiyyət edənin sözlərini təkrarlamaq və təsdiq etməkdən ötrü çağrılırdılar. Azərbaycan ərazisində feodal iqtisadi münasibətlərin formalaşması eramızın III əsrinin əvvəllərinə təsadüf edir ki,  həmin dövrdə notariat hərəkətlərini katiblər həyata keçirirdilər.

Tərtib edilməsi VI əsrə aid edilən “Tənsar məktubu” və 620-ci ildə tərtib edilmiş “Matikan” Azərbaycanda Sasanilərin hakimiyyəti dövrünün hüquqi abidələrinə aid edilir. “Matikan” həm də Sasani Qanunnaməsi adlanır. “Tənsar məktubu”na əsasən cəmiyyətin üzvləri dörd təbəqəyə bölünür və mirzələr, müqavilələrin tərtibi üzrə məmurlar üçüncü təbəqəyə aid edilirdi. “Matikan”da vərəsəlik məsələləri ətraflı işıqlandırılır. Həmin dövrdə vəsiyyətnamə vəsiyyət edənin mirzəyə və ya digər məmura şahidlərin yanında diqtə etdiyi, hökmən yazılı şəkildə tərtib edilən bir sənəd idi.

Belə ki, baş kahin Aturpatın vəsiyyətnaməsində qeyd edilir ki, həmin sənəd vəsiyyət edənin sözlərinə - şifahi bəyanatına əsasən yazılmışdır. Sasani Qanunnaməsi qəbul edilənədək həm şifahi, həm də yazılı vəsiyyətnamə hüququ qüvvəyə malik idisə, 620-ci ildən yalnız yazılı vəsiyyətnamə etibarlı sayılırdı. “Matikan”da hal-hazırda respublikamızda bir qədər yeni notariat hərəkəti sayılan nikah müqaviləsinin bağlanması nəzərdə tutulurdu. Nikah müqaviləsi bağlanan zaman həm cehizin, həm də oğlan tərəfinin qız tərəfinə verəcəyi başlığın məbləği müəyyən edilirdi. Ölkədə məhkəmə işlərinə kahinlər baxırdılar, notariat hərəkətlərini isə, katiblər aparırdılar.

 

VII-IX əsrlərdə Azərbaycan ərəb xilafətinin hakimiyyəti altında olduğu dövrdə mərkəzdə və yerlərdə məhkəmə hakimiyyətini xəlifələr tərəfindən təyin edilən qazılar həyata keçirirdilər. Qazılar məhkəmə işlərinə baxmaqdan başqa, mülki-hüquqi sənədləri tərtib edir, müqavilə və əqdləri bağlayırdılar. Qazılar həmin hərəkətlərin aparılmasına görə əhalidən haqq alırdılar. VIII əsrin əvvəllərinə yaxın islam dini Azərbaycanda hakim dinə çevrildikdən sonra, islam dininin ayrılmaz bir hissəsi olan şəriət və müsəlman hüququ Azərbaycanın hüquq sistemində mühüm rol oynamağa başladı. Müqavilə və onu tərtib edən barədə müqəddəs Quranın əl-Bəqərə surəsinin 282-ci ayəsində deyilir: “ ... Müəyyən müddətə bir-birinizə borc verib aldıqda, onu yazın! Bunu (bu sənədi) aranızda bir nəfər katib ədalətlə yazsın! Katib gərək Allahın öyrətdiyi kimi yazmaqdan boyun qaçırmasın, yazsın! Borcu olan şəxs borcunu söyləyərək (deyə-deyə) yazdırsın və Allahdan qorxaraq ondan (borcdan) bir şey əskiltməsin. Əgər borclu ağılsız və zəifdirsə (qoca və uşaqdırsa), yaxud söyləməyə qadir deyilsə, o zaman gərək onun (əvəzinə) vəkili ədalətlə deyib (borcu) yazdırsın. Öz adamlarınızdan iki kişini də şahid tutun! ... Şahidlər (bu işə) dəvət olunduqları zaman boyun qaçırmasınlar. Az və ya çox olmasına baxmayaraq, borcu öz vaxtına qədər (nə müddətə verilmiş olduğunu) yazmağa tənbəllik etməyin! Sizin bu işiniz Allah yanında daha ədalətli, şahidlik üçün daha düzgün və şübhəyə düşməməniz üçün haqqa daha yaxındır.” Qazı vəzifəsinə şəriət qanunlarını mükəmməl bilən şəxslər təyin edilirdilər və qazının vəzifələrindən biri də mülki-hüquqi əqdləri və müqavilələri rəsmiləşdirmək idi.

Azərbaycan notariat tarixi