Sənədlərə apostilin verilməsi
Bir ölkənin ərazisində verilmiş və hüquqi qüvvəyə malik olan sənədlər müvafiq qaydada rəsmiləşdirildikdən sonra digər ölkənin ərazisində istifadə oluna bilər. Hazırda belə rəsmiləşdirmənin iki növü mövcuddur: apostilin verilməsi və konsul leqallaşdırması.
Leqallaşdırma daha uzun müddətli prosedur olaraq bir neçə qurumların təsdiqini zəruri edir.
Leqallaşdırma:
- sənədin istifadə olunması nəzərdə tutulmuş xarici dövlətin konsulluğu tərəfindən təsdiq edilməsini nəzərdə tutur;
- leqallaşdırılmış sənəd yalnız onu rəsmiləşdirmiş dövlətin ərazisində istifadə oluna bilər.
Apostilin verilməsi isə birpilləli prosedur olmaqla sənədin yalnız bir orqan tərəfindən təsdiq olunmasını nəzərdə tutur və həmin sənəd "Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən" 5 oktyabr 1961-ci il tarixli Haaqa Konvensiyaya üzv olan bütün dövlətlərdə təqdim edilə bilər.
Hansı sənədlərə apostilin verilməsini "Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən" Haaqa Konvensiyasının üzvü olan hər dövlət özü müəyyən edir. Ümumilikdə aşağıdakı sənədlərə apostil verilir:
- dövlət orqanları tərəfindən verilən sənədlər;
- məhkəmə sənədləri;
- notariat qaydasında təsdiq edilmiş sənədlər (o cümlədən hüquqi şəxs tərəfindən verilmiş sənədlərin notariat qaydasında təsdiq edilmiş surət və ya tərcümələri; fiziki şəxsin imzaladığı sənədlər, əgər onun imzası notariat qaydasında təsdiq edilibsə).
Ədliyyə Nazirliyi aşağıdakı sənədlərə münasibətdə apostil verilməsi üzrə səlahiyyətli orqan qismində müəyyən edilmişdir:
- məhkəmələrin verdiyi sənədlər;
- prokurorluq orqanlarının sənədləri;
- ədliyyə orqanlarının sənədləri;
- notariat qaydasında təsdiq edilmiş sənədlər;
- vətəndaşlıq vəziyyətinin dövlət qeydiyyatına sənədlər.
Digər sənədlərə münasibətdə isə apostil verilməsi üzrə səlahiyyətli orqan qismində Xarici İşlər Nazirliyi müəyyən edilmişdir.
Konsul leqallaşdırması üzrə funksiyalar Azərbaycan Respublikasında Xarici İşlər Nazirliyinin Konsulluq idarəsi, xarici ölkələrdə Azərbaycan Respublikasının konsulluqları tərəfindən həyata keçirilir.
Sənədin əslinin konsul leqallaşdırması üçün Xarici İşlər Nazirliyinə müraciət edilməlidir.
Sənədin surətinin və ya tərcüməsinin leqallaşdırması üçün ilk növbədə onun surəti və tərcüməsində tərcüməçinin imzasının həqiqiliyi notarius tərəfindən təsdiq edilir. Bu sənəddə notariusun imzasının həqiqiliyi və möhürün həmin notariat ofisinə məxsus olması Ədliyyə Nazirliyi tərəfindən təsdiqlənir. Bundan sonra sənəd Xarici İşlər Nazirliyinin Konsulluq idarəsində və ərazisində istifadə olunacaq dövlətin ölkəmizdəki konsulluq xidmətində leqallaşdırılır.
Diplomatik və konsul agentləri tərəfindən tərtib edilmiş sənədlərə, gömrük və kommersiya əməliyyatlarına bilavasitə aid olan inzibati sənədlərə apostil verilmir.
"Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya"ya üzv olmayan dövlətlər üçün sənədlərin leqallaşdırılmasl proseduru tətbiq edilir.
Sənədlər Ədliyyə Nazirliyinə daxil olduqdan 5 iş günü müddətində yoxlanıldıqdan sonra onlara apostil verilir.
Apostilin verilməsi üçün təqdim edilmiş sənədlərin əlavə yoxlanılması tələb edildikdə, eləcə də sənədlərin sayı 10-dan artıq olduqda apostilin verilməsi müddəti 5 gün və ya daha artıq müddətə uzadıla bilər. Düzgün tərtib olunmamış sənədlər apostil verilmədən qaytarılır.
Apostilin verilməsi və ya leqallaşdırma sənədin əsli və ya onun notariat qaydasında təsdiq edilmiş surət və yaxud tərcüməsinə münasibətdə həyata keçirilə bilər.
Sənəd aşağıdakı qaydada Ədliyyə Nazirliyinə təqdim oluna bilər:
- bilavasitə sənəd sahibi tərəfindən;
- notariat ofisləri vasitəsi ilə;
- "ASAN xidmət" mərkəzləri vasitəsi ilə;
- üçüncü şəxslər tərəfindən.
Apostilin verilməsi üçün təqdim edilən sənədlərə hər hansı əlavə məlumatın daxil edilməsinə, sona qədər tamamlanmamış sətirlərə və digər boş yerlərə xətt çəkilməsinə yol verilmir.
Tərkibi bir neçə vərəqdən ibarət olan sənədlər tikilməli, vərəqlər nömrələnməli, sənədi verən vəzifəli şəxs tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir.
Sənəd, ona rəsmi xarakter və hüquqi qüvvə verilməsi məqsədilə rəsmiləşdirilməlidir. Rəsmiləşdirmə sənədin imzalanması, təsdiq edilməsi, qeydə alınması və ona möhür vurulması vasitəsilə həyata keçirilir.
İmzanın tərkibinə sənədi imzalamış şəxsin vəzifəsinin adı, onun şəxsi imzası, adı və soyadı daxildir. Sənədi imzalamalı olan vəzifəli şəxs müvəqqəti işdə olmadıqda, sənədi onun müavini və ya səlahiyyətlərini icra edən şəxs imzalayır. Bu zaman sənədi imzalamış şəxsin faktiki vəzifəsi, adı və soyadı göstərilməlidir. Sənədi "əvəzinə" sözünü yazmaqla və ya vəzifənin adının qabağına xətt çəkməklə imzalamaq qadağandır.
Qeyd: Qanunvericiliyin tələblərinə uyğun olaraq pozuntu və qaralaması olan, təsdiq edilməmiş əlavələri olan sənədlərin, zədələndiyinə görə mətninin oxunması mümkün olmayan, yaxud karandaşla yazılmış sənədlərin notariat hərəkətlərinin aparılması üçün qəbul edilməsi qadağandır.
Notariat qaydasında təsdiq edilən əqdlərin və sənədlərin mətnləri aydın və dürüst yazılmalı, sənədin mətninə aid olan tarixlər və müddətlər heç olmasa bir dəfə sözlərlə, hüquqi şəxslərin adları isə onların orqanlarının ünvanını göstərməklə ixtisarsız yazılmalıdır.
Fiziki şəxslərin adı, soyadı və atasının adı tam yazılmalı, onların yaşayış yeri göstərilməlidir.
Əgər bir neçə vərəqdə ifadə olunmuş sənədlər nömrələnməmiş, qaytanlanmamış, vəzifəli şəxsin imzası ilə və sənədi verən idarənin, müəssisəsinin və təşkilatın möhürü ilə təsdiq edilməmişsə, bu sənədlər də qəbul edilmir.
"Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 13-1-ci maddəsinə əsasən müvafiq sənədə apostil verilməsinə görə 10 manat məbləğində dövlət rüsumu nəzərdə tutulmuşdur. Qanunun 4.3-cü maddəsinə görə rüsum elektron ödəmə sistemləri, o cümlədən internet vasitəsilə və köçürmə yolu ilə dövlət büdcəsinə ödənilir. Dövlət rüsumunun dövlət büdcəsinə nağd şəkildə ödənilməsi barədə ödəyiciyə müəyyən edilmiş formada bank və ya poçt qəbzinin əsli, elektron ödəmə sistemləri, o cümlədən internet vasitəsilə ödənildikdə müvafiq ödəmə sistemindən çıxarış, ödəyicinin hesabından köçürüldükdə isə ödənişin icrasını təsdiqləyən bank və ya poçt sənədi verilir.
Qeyd edilməlidir ki, Ədliyyə Nazirliyinin rəsmi internet saytında yerləşən "Elektron Xidmətlər" portalı vasitəsi ilə apostilin verilməsinə görə dövlət rüsumunun elektron qaydada ödənilməsi imkanı da nəzərdə tutulmuşdur(http://exidmet.justice.gov.az/WebForms/OtherPayment.aspx).
"Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya"ya üzv olan dövlətlərin siyahısı Beynəlxalq Xüsusi Hüquq üzrə Haaqa Konfransının rəsmi internet saytında (https://www.hcch.net/en/instruments/conventions/authorities1/?cid=41) yerləşdirilmişdir.
- Albaniya
- Andorra
- Antiqua və Barbuda
- Argentina
- Avstraliya
- Avstriya
- Azərbaycan
- Baham
- Bəhreyn
- Barbados
- Belarus
- Belçika
- Beliz
- Bosniya və Hersoqovina
- Botsvana
- Braziliya
- Bruney
- Bolgarıstan
- Burundi
- Cape Verde
- Çili
- Çin (Hong Kong)
- Çin (Makao)
- Kolumbiya
- Kuk Adaları
- Kosta Rika
- Xorvatiya
- Kipr
- Çex Respublikası
- Danimarka
- Dominika
- Dominikan Respublikası
- Ekvador
- El Salvador
- Estoniya
- Fici
- Finlandiya
- Fransa
- Gürcüstan
- Almaniya
- Yunanıstan
- Qrenada
- Qvatemala
- Honduras
- Macarıstan
- İslandiya
- Hindistan
- İrlandiya
- İzrail
- İtaliya
- Yaponiya
- Qazaxıstan
- Koreya
- Kosovo
- Qırğızıstan
- Latviya
- Lesoto
- Liberiya
- Lixtenşteyn
- Litva
- Luksemburq
- Malavi
- Malta
- Marşal Adaları
- Mauritius
- Meksika
- Monako
- Monqolıstan
- Montenegro
- Mərakeş
- Namibiya
- Niderland
- Yeni Zelandiya
- Nikaraqua
- Niue
- Norveç
- Oman
- Panama
- Paraqvay
- Peru
- Polşa
- Portuqaliya
- Moldova
- Rumıniya
- Rusiya
- Sen Kits və Nevis
- Sent-Lusiya
- Seynt Vinsent və Qrenadin
- Samoa
- San Marino
- San-Tome and Prinsipi
- Serbiya
- Seyşel
- Slovakiya
- Sloveniya
- Cənubi Afrika
- İspaniya
- Surinam
- Esvatini
- İsveç
- İsveçrə
- Tacikistan
- Makedoniya
- Tonqa
- Trinidad və Tobaqo
- Türkiyə
- Ukrayna
- Böyük Britaniya
- Amerika Birləşmiş Ştatları
- Uruqvay
- Özbəkistan
- Vanuatu
- Venesuela
Qeyd: Almaniya Federativ Respublikasının "Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya"nın iştirakçısı olduğuna baxmayaraq həmin ölkəyə münasibətdə apostilin verilməsi deyil leqallaşdırma qaydası tətbiq edilir.
Ünvan: Bakı şəhəri, Azadlıq prospekti 72
Telefon: (+994 12) 404-42-30, (+994 12) 404-42-81
Sənədlərə apostil verilməsi ilə bağlı onların Qeydiyyat və notariat baş idarəsində qəbulu, habelə təhvil verilməsi iş günləri 15.00-17.00 saatlarında həyata keçirilir.