Notary activities banner

Notariat hərəkətləri

İnnovasiyalar

Hamıya məlum olduğu kimi, Azərbaycan notariatı təkmilləşdirilir və modernləşdirilir, elektron notariatın vəziyyəti və inkişaf perspektivləri, habelə notarial fəaliyyətin təkmilləşdirilməsində yeniliklərin rolu daim nəzərdən keçirilir.

 

Notariat fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində son tətbiq edilən innovasiyalar aşağıdakılardır:

 

Notariusun mobil ofisi – bu, 24 saat doldurulmadan fasiləsiz işləyə bilən, hər yerdə və istənilən vaxt Elektron Notariat sisteminin tam işləmə imkanlarından istifadə etməyə imkan verən notariat xidmətlərinin göstərilməsi üçün zəruri olan texniki avadanlıqların tam dəstidir.

 

"Elektron notariat" sisteminin analoqu olmayan yeniliyi – “Elektron notariat köşkü” bütün sutka boyu, 24 saat işləyir və notariat ofisinə getmədən (hal-hazırda Heydər Əliyev Beynəlxalq Hava Limanında quraşdırılmış və valideynlərin uşağın xaricə getməsinə icazə verə bilməsi üçün razılıq ərizələrinin rəsmiləşdirilməsi məqsədilə fəaliyyət göstərir) müəyyən notariat hərəkətlərini yerinə yetirməyə imkan verir. Lazımi sənədlər xüsusi skaner pəncərəsinə əlavə edildikdən sonra, məlumatlar sistemə yüklənir, bundan sonra ərizəçi ölkəni və müvafiq razılıq tarixini seçir və notariusla video bağlantısı qurulur. Notarius tərəfindən məlumatlar yoxlanıldıqdan sonra sənədin məzmunu ərizəçi tərəfindən oxunur, imzalanır və video qeyd avtomatik olaraq sistemin yaddaşında saxlanılır. Vətəndaş tam və dolğun şəkildə çap edilmiş və qeydə alınmış (təsdiqlənmiş) ərizəsini alır, məlumatlar isə avtomatik olaraq Dövlət Sərhəd Xidmətinə göndərilir.

 

Digər yenilik – “Mobil Notariat”ın  tətbiqidir. Bu tətbiq ən yaxın notariat ofisini, ofisin iş saatları və  əlaqə məlumatlarını xəritədə tapmağa imkan verir. Qeydiyyatdan keçərkən, tətbiq istifadəçinin bütün notarial sənədlərinə, istifadəçinin nə vaxtsa həyata keçirdiyi notariat hərəkətlərinin iştirakçılarına dair məlumatları əldə etməyə imkan verir, sənədin statusunun dəyişdirildiyi (yəni qüvvədə olub-olmaması) barədə xəbərdar edir və sənədin elektron versiyasından istifadə edilməsini təmin edir. Burada həmçinin, ödənişlərin məbləği, lazımi sənədlər və notariat hərəkətlərinə dair ödənişlərlə bağlı notariat əməliyyatlarında iştirak edən şəxslər haqqında ətraflı məlumat da verilir. Bundan əlavə, mobil tətbiq  notariat ofislərini 360 dərəcə virtual görüntüləməyə imkan verir.

 

Bundan əlavə, qeyd etmək lazımdır ki, "Elektron notariat" informasiya sisteminin potensialının artırılması və digər təşkilatların informasiya ehtiyatları ilə inteqrasiyanın genişləndirilməsi istiqamətində işlər davam etdirilir. Hal-hazırda informasiya sisteminin yeni mükəmməl bir versiyasının yaradılması üzərində iş aparılır. Bu sistem sayəsində  notariat hərəkətlərinin video əlaqə vasitəsilə rəsmiləşdirilməsi, elektron sənədlər əsasında əməliyyatlar aparmaq, vətəndaşların barmaq izi identifikasiyası, eləcə də bir çox əlavə funksiyaların tətbiqi mümkün olacaq.

 

Şəxs notariat ofisinə gələ bilmədiyi hallarda verilmiş bildiriş (notariat hərəkətlərinin aparılması ilə əlaqədar yazılı və ya elektron müraciət) əsasında notariat hərəkətinin aparılması vaxtı (tarixi və saatı) razılaşdırıldıqdan, dövlət rüsumu və haqlar ödənildikdən sonra “Notariat haqqında” qanun ilə müəyyən edilmiş notariat hərəkətləri notariat ofisindən kənarda olan müraciət etmiş şəxslə videoyazı vasitəsilə aparıla biləcəkdir.

 

Notariat ofisindən kənarda videoyazı vasitəsilə notariat hərəkətləri iki notarius arasında videokonfrans əsasında, habelə “Elektron ədliyyə köşkü” və ya “Mobil notariat qovluğu” proqram təminatı üzərindən aparıla bilər. “Elektron ədliyyə köşkü”nün quraşdırıldığı yer və onlarla işləyən notariuslar  Ədliyyə Nazirliyi tərəfindən müəyyən ediləcək. Ədliyyə Nazirliyinin tərtib etdiyi “Mobil notariat qovluğu” proqram təminatı  ödənişsiz onlayn satış məntəqələrindən əldə ediləcək və istifadəçinin avadanlığının (mobil telefon, kompüter, planşet və s.) üzərinə yükləniləcək. İstifadəçi müvafiq səhifəyə daxil olduqdan sonra istifadə qaydaları ilə tanış olacaq və əməliyyatı həyata keçirəcək. Bu halda müraciət edənin öz iradəsini aydın ifadə etməsinin təminatı kimi verdiyi əlavə telefon nömrələri ilə əlaqə saxlanılaraq, aparılmış notariat hərəkətlərinin onun iradəsinə uyğunluğu bir daha yoxlanılacaq. Video və audio materiallar tərtib olunan yer qapalı, səs-küydən və digər şəxslərin təsirindən kənar olmalıdır. Notariat hərəkətləri videoyazı vasitəsilə həyata keçirildikdə, tərəfin öz iradəsini əks etdirən video və audio materiallar tərtib olunacaq və notariat hərəkətinin “Elektron notariat” informasiya sistemindəki eyniləşdirmə nömrəsinə bağlanılaraq, məlumat bazasında saxlanılacaq. Tərtib olunmuş video materiallarda tərəfin üz təsviri aydın görünməli, onun hər hansı formada və səbəbdən tam və ya qismən örtülməsinə yol verilməməli, kadrda başqa şəxs olmamalıdır. Tərtib olunmuş audio materiallarda tərəfin səsləndirdiyi sözlər aydın eşidilməli, başqa səslər ona qarışmamalıdır. Videoyazı vasitəsilə həyata keçirilən notariat hərəkətlərinin notariat ofisindən kənarda bir iştirakçısı olmalıdır.

 

İki və daha çox tərəfin iştirakı ilə aparılan notariat hərəkətləri iki notarius arasında videokonfrans əsasında aparıla bilər. Notariat hərəkətləri videoyazı vasitəsilə həyata keçirildikdə, notarius şəxsin zahiri görkəminin fotoşəklə uyğunluğu, habelə proqram təminatı vasitəsilə müəyyən edilən ünvanı (olduğu yer) haqqında qeyd aparacaq və sənəd üzərində “notariat hərəkəti videoyazı vasitəsilə rəsmiləşdirilmişdir” sözlərini yazacaq. İki notarius arasında videokonfrans əsasında videoyazı vasitəsilə notariat hərəkətinin rəsmiləşdirilməsi üçün iştirakçılar müxtəlif notariuslara müraciət etməli, notariuslar isə “Elektron notariat” informasiya sistemi vasitəsilə öz aralarında videokonfrans qurub əməliyyatı rəsmiləşdirməlidirlər. Notariat hərəkətlərinin rəsmiləşdirilməsi üçün notariuslar “Elektron notariat” informasiya sistemindən istifadə edəcəklər. Notariat hərəkətinin aparılması üçün tələb olunan sənədlər natamam olduqda, notarius zəruri sənədlərin daxil ola bildiyi informasiya sistemlərindən əldə edilərək, notariat qaydasında təsdiq edilməsi barədə müraciət edən şəxsə məlumat verəcəkdir.

 

Notarius əqdlərin iştirakçılarının, şahidlərin (vəsiyyətnamənin təsdiqi zamanı) və notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş digər şəxslərin imzalarının həqiqiliyini (videoyazı, “Elektron ədliyyə köşkü”, “Mobil notariat qovluğu” proqram təminatı vasitəsilə aparılan notariat hərəkətləri istisna olmaqla) yoxlayacaq. Notariuslar, həmçinin elektron imza ilə təsdiq edilməklə elektron informasiya sistemləri və ya ehtiyatları vasitəsilə kağız daşıyıcıda olan sənəddəki məlumatları elektron formata keçirəcək və ya elektron daşıyıcıda olan elektron sənədin düzgünlüyünü rəsmiləşdirəcəklər. Təqdim edilən sənədin surəti və ya sənəddəki imzanın həqiqiliyi müvafiq qaydada notariat qaydasında təsdiq edilməlidir.