Mobil notariat

Fiziki və hüquqi şəxslərin notariat xidmətlərinə əlçatanlığın daha da artırılması, o cümlədən vaxtından və yerindən asılı olmadan peşəkar hüquqi yardım almaq imkanının təşkili məqsədilə 2019-cu ildə “Mobil notariat” tətbiqi istifadəyə verilmiş və onun vasitəsilə bəzi notariat hərəkətlərinin bilavasitə notariat ofisinə müraciət etmədən məsafədən rəsmiləşdirilməsi təşkil edilmişdir.

“Mobil notariat” tətbiqi “AppStore” və ya “Google Play” mobil yükləmə platformalarından yüklənməlidir. Tətbiqdə qeydiyyat – 1)videoyazı vasitəsilə; 2)notariusdan alınan istifadəçi kodu və 3)Digital login (Sima Rəqəmsal İmza ilə, ASAN İmza ilə, Sima Token(Elektron İmza) ilə, İdentifikasiya nömrəsi ilə) vasitəsilə həyata keçirilə bilər. Azərbaycan Respublikasının vətəndaşları, eləcə də ölkəmizdə daimi və ya müvəqqəti yaşamaq icazəsi olan əcnəbi və vətəndaşlığı olmayan şəxslər 7/24 rejimində olduqları yerdən aslı olmayaraq tətbiqin xidmətlərindən yararlana bilərlər.

Qeydiyyatdan keçən istifadəçilər aşağıdakı notariat hərəkətlərini elektron qaydada rəsmiləşdirə bilərlər:

 

Etibarnamə növləri:

  1. Nəqliyyat vasitələrinin idarə edilməsinə dair etibarnamələr
  2. Nəqliyyat vasitələrinə sərəncam verilməsinə dair etibarnamələr
  3. Vəkilllərə verilən etibarnamələr
  4. Sosial etibarnamələr
  5. Banklarda təmsilçilik məqsədilə verilən etibarnamələr
  6. Vərəsəlik işləri ilə bağlı etibarnamələr
  7. Müxtəlif qurumlarda təmsilçiliyə dair etibarnamələr
  8. Daşınmaz əmlaka sərəncam verilməsinə dair etibarnamələr

 

Ərizə növləri:

  1. Yetkinlik yaşına çatmamış şəxslərin ölkə ərazisini tərk etməsi üçün valideynləri tərəfindən yazılan razılıq ərizələri
  2. Etibarnamələrə xitam verilməsinə dair ərizələr
  3. Yetkinlik yaşına çatmamış şəxslərin ümumvətəndaşlıq pasportu almasına dair valideynləri tərəfindən yazılan razılıq ərizələri
  4. Yaşayış sahəsində qeydiyyata alınma ilə əlaqədar mülkiyyətçinin razılıq ərizələri
  5. Daşınmaz əmlaka sərəncam verilməsinə dair ərizələr
  6. Əvvəl verilmiş ərizədən imtinaya dair ərizələr
  7. Təhsil tələbə kreditinin verilməsinə dair ərizələr

 

Müqavilə növü:

  1. Mənzillərin, evlərin(bağların) müvəqqəti istifadəyə verilməsinə( kirayə müqaviləsi) dair müqavilə

 

Elektron qaydada rəsmiləşdirilmiş sənədləri telefon vasitəsi ilə aidiyyəti üzrə təqdim və ya nümayiş etdirmək, habelə kağız daşıyıcıya çap edərək istifadə etmək mümkündür. Sənədlərin həqiqiliyi üzərində yerləşdirilmiş QR-kod və barkod əsasında yoxlanıla bilər. Elektron müraciətlər qanunvericiliyə əsasən müraciət edənin iradəsini əks etdirən video və audio materiallar əsasında notariuslar tərəfindən qəbul edilərək üz tanınma sistemi tətbiq edilməklə müraciət edənin şəxsiyyəti eyniləşdirildikdən sonra ən geci 5-10 dəqiqə ərzində təsdiq olunur və bu barədə vətəndaşın mobil kabinetinə dərhal bildiriş göndərilir. Aparılmış videoyazı informasiya sisteminin məlumat bazasında saxlanılır.

Nəqliyyat vasitələrinə dair etibarnamələr təsdiq olunduqdan sonra bu barədə məlumat dərhal müvafiq qeydiyyatın aparılması məqsədilə Daxili İşlər Nazirliyinə, yetkinlik yaşına çatmamış şəxslərin ölkə ərazisini tərk etməsi üçün valideynləri tərəfindən verilən ərizələr isə Dövlət Sərhəd Xidmətinin informasiya sisteminə,  ötürülür.

24.05.2024-cü il tarixinə 1.000.000-a yaxın istifadəçisi olan tətbiq vasitəsilə elektron qaydada təxminən gündəlik minlərlə notariat hərəkətləri rəsmiləşdirilir. Tətbiq hazırda ölkə üzrə ən populyar tətbiqlər sırasındadır.

Bundan əlavə tətbiq vasitəsilə notariat sənədlərinin həqiqiliyinin onun üzərində yerləşdirilmiş QR-kod və ya şəxsin fərdi identifikasiya nömrəsi (FİN) və sənəd üzərində yerləşdirilmiş identifikator (barkod) əsasında yoxlanılması da mümkündür.

Vərəsəlik işlərinin açılıb-açılmaması barədə məlumatın əldə edilməsi də göstərilən xidmətlər sırasındadır.

Eləcə də şəxsin iştirakçısı olduğu bütün notariat əməliyyatları ilə bağlı sənədlərin mobil cihazda saxlanılması, sənədin qüvvədən düşməsi barədə məlumatın dərhal alınması və elektron versiyasından istifadə edilməsi mümkündür.

Tətbiq vasitəsilə respublika ərazisində fəaliyyət göstərən bütün notariat ofisləri və notariuslar barədə məlumat əldə etmək, eləcə də ofislərin 360 dərəcə görüntüsünü nəzərdən keçirtmək mümkündür. Həmçinin burada notariat hərəkətlərinin rəsmiləşdirilməsi üçün ödənilməli vəsaitin məbləğləri, tələb olunan sənədlər və notariat əməliyyatında iştirak etməli şəxslər barədə ətraflı məlumatlar yerləşdirilmişdir.

2022-ci ildən  “Mobil notariat” tətbiqinin alt-sistemi kimi “Mobil əhali” tətbiqi istifadəyə verilmişdir.

“Mobil əhali” tətbiqi həm ölkə daxilində, həm  xaricdə yaşayan soydaşlarımızın məkandan asılı olmayaraq və növbədə gözləmədən xidmətləri daha tez və rahat şəkildə əldə etmələrini təmin edir. “Mobil əhali” tətbiqi vasitəsilə vətəndaşlar  doğumun və ölümün elektron qaydada qeydə alınmasını, ailə vəziyyəti və ailə tərkibi haqqında arayışları əldə edə bilərlər.