Notary activities banner

Notariat hərəkətləri

Notariat hərəkətləri

“Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən notariuslar aşağıdaki notariat hərəkətlərini aparırlar:

Əqdlərin və etibarnamələrin təsdiq edilməsi – “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinə əsasən notariuslar öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda notariat qaydasında təsdiq edilməli olan əqdləri və tərəflərin arzusu ilə digər əqdləri təsdiq edirlər. Notariuslar təsdiq etdikləri əqd layihələrinin mənasını və əhəmiyyətini tərəflərə izah edir və bu layihələrin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlayırlar. 14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanların, habelə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslərin adından əqdləri yalnız onların qanuni nümayəndələri olan valideynləri, övladlığa götürənləri və qəyyumları bağlaya bilər. 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar və məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış şəxslər qanuni nümayəndələrinin (valideynlərindən biri öldükdə, xəbərsiz itkin düşdükdə, bu halı təsdiq edən müvafiq sənədlər olduqda onlardan birinin), habelə övladlığa götürənlərin və ya himayəçilərin razılığı ilə əqdləri bağlaya bilərlər. Razılıq barədə ərizədəki imzanın həqiqiliyi həmin notariat ofisində notariat qaydasında təsdiq edilməli, bundan sonra əqd yetkinlik yaşına çatmamış və ya himayədə olan şəxs tərəfindən imzalanmalıdır. Əqddə hüquqi şəxslər iştirak edirlərsə, notariuslar əqddə iştirak edən hüquqi şəxslərin hüquq qabiliyyətini yoxlayırlar. Əqddə iştirak edən hüquqi şəxslərin hüquq qabiliyyətini yoxlayarkən notariuslar hüquqi şəxslərin onun nizamnaməsi və ya əsasnaməsi ilə tanış olmağa və aparılan notariat hərəkətlərinin hüquqi şəxsin nizamnaməsinə və ya əsasnaməsinə uyğun olub-olmadığını yoxlayırlar.

 

Əmlakın özgəninkiləşdirilməsi və girov qoyulması haqqında əqdlərin təsdiq olunması – Qeydiyyatdan keçməli olan əmlakın özgəninkiləşdirilməsi və girov qoyulması haqqında əqdlər özgəninkiləşdirilən və ya girov qoyulan əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədlər, avtonəqliyyat vasitələri üzrə həmçinin onların Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi) tərəfindən müayinədən keçməsi barədə arayış təqdim olunduqdan sonra təsdiq edilir. Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Yaşayış evinin, mənzilin, bağın, bağ evinin, qarajın, torpaq sahəsinin, digər daşınmaz əmlakın özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında əqdlər təsdiq olunarkən əmlakın özgəninkiləşdirilməsinə qadağanın olub-olmamağı və ya əmlaka həbs qoyulub-qoyulmaması yoxlanılır. Qadağan olduqda əmlakın özgəninkiləşdirilməsi haqqında əqd yalnız borcun əmlakı əldə edənin adına keçirilməsinə dair kreditorun və əldə edənin razılığı olduqda təsdiq edilə bilər.

 

Vəsiyyətnamələrin təsdiq edilməsi – Notariuslar fəaliyyət qabiliyyəti olan ayrı-ayrı şəxslərin qanunvericiliyin tələblərinə uyğun surətdə tərtib etdikləri və şəxsən notariusa təqdim etdikləri vəsiyyətnamələri təsdiq edirlər. Vəsiyyətnamələrin nümayəndə vasitəsi ilə təsdiq olunması, eləcə də bir neçə şəxsin adından bir vəsiyyətnamə təsdiq edilməsi qadağandır. Yalnız ərlə arvadın qarşılıqlı vərəsəlik haqqında birgə vəsiyyətnamələrinin təsdiq edilməsinə yol verilir. Vəsiyyətnamə təsdiq edilərkən vəsiyyət edəndən vəsiyyət olunan əmlaka mülkiyyət hüququnu təsdiq edən sübutlar təqdim etməsi tələb olunmur.

 

Etibarnamələrin təsdiq edilməsi – Notarius bir və ya bir neçə şəxsin adından bir və ya bir neçə şəxsin adına verilən etibarnaməni təsdiq edə bilər. Etibarnamə istənilən (nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə istisna olmaqla) müddətə verilə bilər. Nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə bir ildən artıq müddətə verilə bilməz. Nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnamənin müddəti sürücülük vəsiqəsinin qüvvədə olma müddətindən artıq ola bilməz. Notarius, həmçinin etibar edilən şəxsin surucülük vəsiqəsi əsasında etibar edilmiş nəqliyyat vasitəsini idarə etmək üçün müvafiq dərəcəyə malik olub-olmamasını yoxlayır. Etibar edilmişi başqasına etibaretmə qaydasında verilmiş etibarnamə əsas etibarnamə üzrə verildiyindən artıq hüquqlar etibar etməməlidir və qüvvədə olma müddəti onun verilməsi üçün əsas götürülmüş etibarnamənin qüvvədə olma müddətindən artıq olmamalıdır.

Miras əmlakın mühafizə olunması üçün tədbirlər görülməsi – “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinə əsasən mirasın qəbul edilməsinə qədər mirasın açıldığı yerdəki notarius zərurət olarsa, mirasın qorunması məqsədi ilə tədbirlər görür. Həmin qayda vərəsənin məlum olmadığı və ya onun mirası qəbul edib-etməməsinin bilinmədiyi hala da şamil edilir. Miras qoyanın əmlakı və ya əmlakın bir hissəsi vərəsəliyin açıldığı yerdən kənardadırsa, vərəsəliyin açıldığı yerdəki notarius əmlakın qorunması üçün tədbirlər görülməsi haqqında miras əmlakın olduğu yerdəki notariusa və ya rayon, şəhər, şəhər rayonu İcra Hakimiyyətinin nümayəndələrinə tapşırıq göndərir. Miras əmlakın qorunması üçün tədbirlər görmüş notarius göstərilən tədbirlərin görüldüyü haqqında vərəsəliyin açıldığı yerdəki notariusa məlumat verir. Habelə, əmlakın yerləşdiyi yerdəki notarius mirasın açıldığı yerdəki notariusa xəbər verməklə, mirasın qorunması üçün tədbirlər görə bilər.

Vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi – “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 57-ci maddəsinə əsasən mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Vərəsəlik hüququ haqqında şəhadətnamə vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra verilir. Vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. Notarius qanun və vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verərkən miras qoyanın ölümü faktını, vəsiyyətnamənin olub-olmadığını, vəsiyyətnaməyə dəyişiklik edilib-edilmədiyini, vərəsəliyin açıldığı vaxtı və yeri, mirasda məcburi paya hüququ olan şəxslər olub-olmadığını, şəhadətnamə verilməsi haqqında ərizə vermiş şəxslərin miras qoyanla qohumluq münasibətlərini, barəsində şəhadətnamə verilən miras əmlakın tərkibini və olduğu yeri müvafiq sübutlar tələb etmək yolu ilə yoxlayır. Miras əmlakın tərkibində daşınmaz əmlak olduqda notarius daşınmaz əmlakın miras qoyana məxsus olması haqqında hüquqmüəyyənedici sənəd, daşınmaz əmlakın özgəninkiləşdirilməsinə qadağanın və ya bu əmlak üzərində həbsin olub-olmadığı barədə arayış tələb edir. Mirasın qəbulu müddətini ötürmüş vərəsələr mirası qəbul etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Razılıq notarius tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək təqdim olunur.

Ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamələrin verilməsi – “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 61-ci maddəsinə əsasən notarius ər-arvadın birgə yazılı ərizəsi əsasında onların birinə və ya hər ikisinə birgə nikah dövründə əldə edilmiş ümumi əmlakdakı paya görə mülkiyyət hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə ər-arvadın hər birinə həm nikahda olarkən, həm də nikah pozulduqdan sonra verilə bilər. Belə ki, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah müqaviləsində və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyəti sayılır.Ər-arvaddan biri öldükdə ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnaməni sağ qalmış ərin (arvadın) ərizəsinə əsasən yalnız mirasın açıldığı yerin notariusu verməli və bu barədə miras qoyanın mirası qəbul etmiş vərəsələrinə məlumat göndərməlidir.Şəhadətnamə ümumi əmlakın yarısına verilə bilər.

 

Mülkiyyət hüququ haqqında şəhadətnamədə mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsinə əsasən sağ qalmış ərin (arvadın) razılığı ilə, ölmüş ərin (arvadın) ümumi əmlakdan payı da müəyyən edilə bilər.

Yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələrin verilməsi – “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinə əsasən açıq hərracdan yaşayış evlərinin alınmasını evin yerləşdiyi yerin notariusu əldə edənə bu barədə şəhadətnamə verməklə rəsmiləşdirilir. Hərrac baş tutmadıqda yaşayış evinin əldə edilməsi barədə şəhadətnamə tələbkara verilir. Şəhadətnamə evin açıq hərrac yolu ilə satılması və ya hərracın baş tutmaması ilə əlaqədar olaraq evin tələbkara verilməsi barədə aktın surəti əsasında verilir.

Sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünün təsdiq edilməsi – “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinə əsasən notarius sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünü təsdiq edir. İdarələrin, müəssisələrin və təşkilatların verdikləri sənədlərin surətlərinin düzgünlüyü o şərtlə təsdiq edir ki, həmin sənədlər qanuna zidd olmasın, hüquqi əhəmiyyət daşısın, sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünü təsdiq etmək qanunla qadağan edilməmiş olsun. Şəxsin verdiyi sənədin surətinin düzgünlüyü o hallarda təsdiq edilir ki, sənədin əslində həmin şəxsin imzasının həqiqiliyini notarius, müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri) və ya şəxsin işlədiyi, təhsil aldığı və yaxud müalicə olunduğu yer üzrə idarə, müəssisə, təşkilat təsdiq etmiş olsun. Notarius həmçinin elektron informasiya sistemləri və ya ehtiyatları, o cümlədən internet informasiya ehtiyatları vasitəsilə əldə edilmiş məlumat və ya sənədlərin surətlərinin düzgünlüyünü təsdiq edir.

Sənədlərdəki imzaların həqiqiliyinin təsdiq edilməsi – “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən notarius qanuna zidd və əqdin şərhindən ibarət olmayan, eləcə də özündə insanın şərəf və ləyaqətini ləkələyən məlumatlar əks etdirməyən sənədlərdə imzanın həqiqiliyini təsdiq edir. Əqddə cismani qüsurlarına, xəstəliyinə və ya digər üzürlü səbəblərə görə şəxsən imza edə bilməyən şəxsin əvəzinə imza etmiş şəxsin imzasının həqiqiliyi təsdiq oluna bilər. Notarius imzanın həqiqiliyini təsdiq edərkən sənəddə şərh olunmuş faktları deyil, yalnız müəyyən şəxsin etdiyi imzanın həqiqiliyini təsdiq edir.

Sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünün təsdiq edilməsi – “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 68-ci maddəsinə əsasən notarius müvafiq dilləri bilirsə, sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünü təsdiq edə bilər. Notarius müvafiq dilləri bilmədiyi halda, sənədləri tərcüməçi tərcümə etməli, onun imzasının həqiqiliyini isə notarius təsdiq etməlidir. Bir neçə dilə tərcümə olunan sənəddə hər dil üzrə tərcüməçinin imzası ayrıca təsdiq olunur. Notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxs dövlət dilini bilmədiyi halda, notariusun izah və xəbərdarlıqları tərcüməçi tərəfindən müraciət etmiş şəxsə tərcümə olunur və bu barədə qeyd rəsmiləşdirilən sənəddə öz əksini tapır. Bu halda tərcüməçinin imzası notariat qaydasında təsdiq edilir.

Şəxsin sağ olması faktının təsdiq edilməsi – “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinə əsasən notarius şəxsin xahişinə əsasən onun sağ olması faktını təsdiq edir. 14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanların sağ olması faktı onların qanuni nümayəndələrinin (valideynlərinin, övladlığa götürənlərinin, qəyyumlarının) xahişi ilə təsdiq edilir, 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların sağ olması faktı isə onların xahişi ilə qanuni nümayəndələrinin (valideynlərinin, övladlığa götürənlərinin, himayəçilərinin) razılığı ilə təsdiq edilir. Şəxsin sağ olması faktı həm o, notariusa gəldikdə, həm də notarius bu faktı notariusun yerləşdiyi binadan kənarda təsdiq etdikdə müəyyən olunur. Notarius maraqlı şəxslərə şəxsin sağ olması faktını təsdiq edən şəhadətnamə verir.

Şəxsin müəyyən yerdə olması faktının təsdiq edilməsi – “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 70-ci maddəsinə əsasən notarius şəxsin xahişinə əsasən onun müəyyən yerdə olması faktını təsdiq edir. 14 yaşı tamam olmayan yetkinlik yaşına çatmayanların müəyyən yerdə olması faktı onların qanuni nümayəndələrinin (valideynlərinin, övladlığa götürənlərinin, qəyyumlarının) xahişi ilə təsdiq edilir, 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların müəyyən yerdə olması faktı isə onların xahişi ilə qanuni nümayəndələrinin (valideynlərinin, övladlığa götürənlərinin, himayəçilərinin) razılığı ilə təsdiq edilir. Şəxsin müəyyən yerdə olması faktı həm o, notariusa gəldikdə, həm də notarius bu faktı notariusun yerləşdiyi binadan kənarda təsdiq etdikdə müəyyən olunur. Notarius maraqlı şəxslərə şəxsin sağ olması faktını təsdiq edən şəhadətnamə verir.

Şəxslə fotoşəkildəki şəxsin eyniliyinin təsdiq edilməsi – “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 71-ci maddəsinə əsasən notarius şəxsin xahişinə əsasən onun təqdim olunan fotoşəkildəki şəxslə eyniliyinə şübhə etmirsə, həmin halı təsdiq edir və bu barədə həmin şəxsə şəhadətnamə verir. Notarius fotoşəkildəki şəxslə şəxsin eyniliyinə şübhə edirsə, bu halı təsdiq etmədən ona bu məsələ üzrə məhkəməyə müraciət etmək hüququnu izah edir.

Sənədlərin təqdim olunduğu vaxtın təsdiq edilməsi – “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 72-ci maddəsinə əsasən notarius ayrı-ayrı şəxslərin, idarə, müəssisə və təşkilatın ərizəsinə əsasən sənədin təqdim olunduğu vaxtı təsdiq edir. Bu notariat hərəkətinə ehtiyac o vaxt yaranır ki, ezam olunmuş şəxs ezam olunduğu təşkilata vaxtında gəlir, lakin həmin vaxt bu təşkilat ləğv edilmiş olur. Belə halda notarius ezamiyyə vərəqinin təqdim olunduğu vaxtı təsdiq edir.Təqdim olunduğu vaxt təsdiq edilən sənədlərə müxtəlif növ ixtiraların təsviri, avtoreferatlar və s. aiddir. Notarius sənədi təqdim etmiş şəxsin şəxsiyyətini müəyyən edir.Notariusa sənədin təqdim edildiyi vaxtın təsdiq edilməsinin təsdiq qeydi sənədin əslində və hökmən sənədi təqdim etmiş şəxs göstərilməklə qeyd edilir.Əgər eyni vaxtda bir neçə sənəd təqdim edilərsə, təsdiq qeydi hər bir sənədə ayrılıqda qeyd edilir və dövlət rüsumu hər bir sənəd üçün ayrılıqda tutulur. Əgər bir sənəd bir neçə vərəqdə ifadə edilibsə, notarius bu sənədlərdə təsdiq qeydi apararkən onları qaytanlamalı, vərəqlərin sayını göstərməklə imza etməli və şəxsi gerbli möhürünü vurmalıdır.

Ayrı-ayrı şəxslərin, idarələrin, müəssisələrin və təşkilatların ərizələrinin və sənədlərinin verilməsi – “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinə əsasən notarius ayrı-ayrı şəxslərin, idarələrin, müəssisələrin və təşkilatların məzmunu qanuna zidd olmayan və özündə insanın şərəf və ləyaqətini ləkələyən məlumatları əks etdirməyən kağız və ya elektron daşıyıcıda olan ərizələrini və ya sənədlərini başqa şəxslərə, idarələrə, müəssisələrə və təşkilatlara verir. Ərizələr və sənədlər kağız daşıyıcıda geri məlumat verilməsi şərti ilə poçt vasitəsi ilə və ya imza etdirmək şərti ilə şəxsən verilir.Kağız daşıyıcıda təqdim olunan ərizələr və ya digər sənədlər notarius tərəfindən başqa şəxslərə, həmçinin texniki vasitələrdən istifadə etməklə informasiya sistemləri vasitəsilə də verilə bilər. Bu halda notarius kağız daşıyıcıda təqdim olunmuş ərizə və ya digər sənəd əsasında onun elektron nüsxəsini hazırlayır. Kağız daşıyıcıda olan ərizə və ya digər sənəd ilə hazırlanmış sənədin elektron nüsxəsinin eyniləşdirilməsi notariusun elektron imzası ilə təsdiq edilir.Elektron formada təqdim olunan ərizələrin və ya digər sənədlərin məzmunu notarius tərəfindən hazırlanan kağız daşıyıcıya keçirilərək eyniləşdirilə bilər. Bu halda notarius ərizəni və ya digər sənədi göndərən şəxsin elektron imzasını "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yoxlayır, onu kağız daşıyıcıda çap edərək imzası və möhürü ilə təsdiq edir. Elektron ərizə və ya digər sənəd kağız daşıyıcıya keçirildikdən sonra bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş qaydada göndərilir.Ərizələrin və ya digər sənədlərin başqasına verilməsi, habelə kağız və ya elektron daşıyıcıda olan ərizə və ya digər sənədlərin hazırlanmış elektron və kağız nüsxələri ilə eyniləşdirilməsi haqqında şəhadətnamə verilir.

Öhdəliyin icra predmetinin saxlanmağa, pul məbləğlərinin, qiymətli kağızların və vəsiyyətnamələrin depozitə qəbul edilməsi – “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 74-ci maddəsinə əsasən notarius qanunvericilikdə nəzərdə tutulmuş hallarda kreditora verilmək üçün öhdəliyin icra predmetini saxlamağa borcludan pul məbləğlərini və qiymətli kağızları depozitə qəbul edir. Notarius Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1187-ci maddəsində nəzərdə tutulmuş vəsiyyətnamələrin saxlanmasını onların depozitə qoyulması ilə təmin edir. Notarius öhdəliyin icra predmetinin pul məbləğlərinin və qiymətli kağızların daxil olması haqqında kreditora məlumat verir və kreditorun tələbi ilə bu pul məbləğini və ya qiymətli kağızları ona verir.Öhdəliyin icra predmetini saxlamağa, pul məbləğlərini və qiymətli kağızları depozitə öhdəliyin icrası yerinin notariusu qəbul edir.

İcra qeydlərinin aparılması – “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borcu müəyyən edən sənədlərdə icra qeydləri aparır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi) tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur.

Veksellərə protestlərin tərtib edilməsi – “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 80-cı maddəsinə əsasən notariuslar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1032-1033-cü maddələrinə müvafiq olaraq ödənilməmiş, aksept olunmamış və ya aksept tarixi qoyulmamış veksellərə protest verirlər.

Çeklərin ödənilməyə təqdim olunmaq üçün qəbul edilməsi və çeklərin ödənilmədiyinin təsdiq edilməsi – “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən ödəyicinin olduğu yerdəki notariuslar çekin verildiyi gündən on gün keçdikdən sonra, xarici çeklər üzrə isə çekin verildiyi gündən altı ay keçdikdən sonra, lakin bu müddətdən sonra gələn gün saat 12-dən gec olmayaraq təqdim edilmiş çekləri ödənilməyə verilmək üçün qəbul edirlər. Çek ödənilmədikdə notarius çek üzərində müəyyən olunmuş formada qeyd aparmaqla çekin ödənilmədiyini təsdiq edir və bunu reyestrdə qeyd edir. Notarius çek üzərində qeyd aparmaqla yanaşı, çek verənə onun çekinin bank tərəfindən ödənilmədiyini və çek üzərində qeyd yazıldığı barədə xəbərdarlıq məktubu göndərir. Çekin ödənilmədiyi hallarda notarius çek saxlayanın xahişi ilə icra qeydi aparır.

Sənədlərin saxlanılmaq üçün qəbul edilməsi – “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 84-cü maddəsinə əsasən notariuslar sənədləri saxlanılmaq üçün siyahı üzrə qəbul edirlər. Siyahının bir nüsxəsi notariusda, ikincisi isə sənədləri saxlanılmaq üçün təhvil vermiş şəxsdə qalır. Sənədlər notariusun iştirakı ilə lazımi qaydada qablaşdırılmışdırsa, notarius şəxsin xahişi ilə sənədləri siyahısız qəbul edə bilər. Qablaşdırma notariusun möhürü, onun və sənədləri saxlanılmaq üçün təhlil verən şəxsin imzaları ilə təsdiq edilir. Sənədləri saxlanılmaq üçün təhlil vermiş şəxsə isə müəyyən olunmuş formada şəhadətnamə verilir. Saxlanılmaq üçün qəbul edilmiş sənədlər onları saxlanılmağa təhvil vermiş şəxsin və ya müvəkkil edilmiş şəxsin tələbi üzrə şəhadətnamə və siyahının nüsxəsi təqdim olunduqda, yaxud məhkəmənin qərarı əsasında qaytarılır.

Dəniz protestlərinin tərtib edilməsi – “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinə əsasən notarius səfər dövründə və ya gəminin dayandığı dövrdə baş verən, gəmi sahibinə əmlak tələbləri verilməsi üçün əsas ola biləcək hadisə haqqında gəmi kapitanının ərizəsini qəbul edir. Notarius gəmi kapitanının ərizəsinə, gəmi jurnalının məlumatına, habelə kapitanın özünün və imkan daxilində gəmi heyətindən olan azı dörd şahidin, o cümlədən komanda heyətindən olan iki şahidin dindirilməsinə əsasən dəniz protesti haqqında akt tərtib edir və onu öz imzası və möhürü ilə təsdiq edir. Aktın bir nüsxəsi kapitana və ya onun müvəkkil etdiyi şəxsə verilir.

Sübutların təmin edilməsi – “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 86-cı maddəsinə əsasən notarius məhkəmədə, istintaq və ya təhqiqat orqanlarında iş başlanarkən zəruri olacaq sübutları həmin sübutların təqdim edilməsinin sonralar qeyri-mümkün və ya çətin olacağını güman etməyə əsaslar olduqda, maraqlı şəxslərin xahişi ilə təmin edir. Notarius maraqlı şəxslərin ona müraciət etdikləri zaman məhkəmənin, istintaq və ya təhqiqat orqanının icraatında olan işlər üzrə sübutları təmin etmir. Notarius sübutların təmin edilməsi sahəsində prosessual hərəkətləri yerinə yetirərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq qaydalarını rəhbər tutur.