Notary activities banner

Haqqımızda

Notariat fəaliyyəti

Notariat fəaliyyəti – kompleks hüquq sahəsi olaraq, fiziki və hüquqi şəxslərin mülki hüquq və mənafelərinin həyata keçirilməsinin, həmçinin mülki dövriyyə münasibətlərinin mübahisəsiz rəsmiləşdirilməsinin hüquqi təminatçısıdır.

 

Notariat fəaliyyəti – dövlət hakimiyyətinin verdiyi səlahiyyətlərlə notariuslar tərəfindən mübahisəsiz hüquq və faktların təsdiqini və bu notariat hərəkətlərinin məcmusunu əhatə edir.

 

Azərbaycan Respublikasında notariat dedikdə “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hüquqi hərəkətləri, yəni notariat hərəkətlərini aparmağa müvəkkil edilmiş şəxslər birlikdə başa düşülür.

 

Azərbaycan Respublikasında rəsmi və doğru sənədlərin tərtibi üçün hüquqların, hüquqi əhəmiyyətli faktların təsdiqi və digər notariat hərəkətlərinin aparılması notariat fəaliyyətinə məxsusdur və belə fəaliyyət yalnız qanunverciliklə müəyyən edilmiş qaydada və nəzərdə tutulmuş şəxslər tərəfindən həyata keçirilə bilər.

 

Notariat fəaliyyəti ilə peşəkarcasına məşğul olan şəxs notarius adlanır.

 

Ali hüquq təhsilli, hüquqşünas ixtisası üzrə 3 ildən az olmayaraq iş stajına, mənəvi keyfiyyətlərə və peşə biliklərinə malik Azərbaycan Respublikasının vətəndaşı notarius ola bilər. İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan, şəxs, din xadimi, vəzifəsinin icrası ilə bağlı əvvəllər qanunvericiliyin tələblərini pozduğuna görə işdən azad edilmiş, qanunla müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab olunan, əvvəllər cinayət törətmiş və buna görə məhkum olunmuş, barəsində notariat fəaliyyəti ilə məşğul olmasının məhdudlaşdırılması və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarı çıxarılmış, habelə bəraətverici əsaslar olmadan cinayətin törədilməsi üzrə cinayət işinin xitam olunması haqqında qanuni qüvvəyə minmiş istintaq orqanı və ya məhkəmənin qərarı olan, tibbi rəyə əsasən fiziki və əqli qüsurlarına görə notarius işləməyə qadir olmayan, 65 yaşına çatmış şəxs notarius ola bilməz. Göstərilən tələblərə cavab verən və notarius olmaq istəyən şəxs notariat fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamə almalıdır.

 

Notarius “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa  əsasən aşağıdakı notariat hərəkətlərini aparır:

 

1) əqdləri və etibarnamələri təsdiq edir;

2) miras əmlakın mühafizə olunması üçün tədbirlər görür;

3) vərəsəlik hüququ haqqında şəhadətnamələr verir;

4) ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamələr verir;

5) yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr verir;

6) sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünü təsdiq edir;

7) sənədlərdəki imzaların həqiqiliyini təsdiq edir;

8) sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünü təsdiq edir;

9) şəxsin sağ olması faktını təsdiq edir;

10) şəxsin müəyyən yerdə olması faktını təsdiq edir;

11) şəxslə fotoşəkildəki şəxsin eyniliyini təsdiq edir;

12) sənədlərin təqdim olunduğu vaxtı təsdiq edir;

13) fiziki və hüquqi şəxslərin ərizələrini və sənədlərini başqa fiziki və hüquqi şəxslərə verir;

14) Öhdəliyin icra predmetini saxlamağa, pul məbləğlərini, qiymətli kağızları və vəsiyyətnamələri depozitə qəbul edir;

15) icra qeydləri aparır;

16) veksellərə protestlər tərtib edir;

17) çekləri ödənilmək üçün təqdim edir və çeklərin ödənilmədiyini təsdiq edir;

18) sənədləri saxlanmaq üçün qəbul edir;

19) dəniz protestləri tərtib edir;

20) sübutları təmin edir.

 

Notarius “Notariat haqqında” Qanunla müəyyən olunmuş həmin hərəkətləri apara bilər, əqdlərin, ərizələrin və digər sənədlərin layihələrini tərtib edə bilər, sənədlərin surətlərini və onlardan çıxarışları hazırlaya bilər, notariat hərəkətlərinin aparılması ilə əlaqədar məsləhətlər verə bilər, fiziki və hüquqi şəxslərdən həmin hərəkətlərin aparılması üçün sənədləri və məlumatları tələb edə bilər.

 

Notarius öz vəzifələrini yerinə yetirərkən – fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərməli, hüquqi məlumatsızlığın onlara vura biləcəyi ziyanın qarşısını almaq üçün notariat hərəkətlərinin aparılması nəticələri barədə onlara xəbərdarlıq etməli, qanunvericiliyin tələblərinə əməl etməli, peşə fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar ona məlum olan məlumatları gizli saxlamalıdır.

 

Notariuslar “Notariusun etik davranış kodeksi”nin tələblərinə riayət etməlidirlər.

Latın (kontinental) notariat sistemi