Notary activities banner

Haqqımızda

Notariat Palatası haqqında

Azərbaycan Notariat Palatası notariat xidmətinin inkişafı və təkmilləşdirilməsi məqsədilə notariusların məcburi üzvlüyü əsasında yaradılan, fəaliyyətini özünüidarəetmə prinsipi üzrə həyata keçirən qeyri-kommersiya hüquqi şəxsidir. Palata Azərbaycan Respublikasında xüsusi qaydada fəaliyyət göstərən bütün notariusları özündə birləşdirir. Palata öz fəaliyyətini AR Konstitusiyasına, Mülki Məcəlləsinə, “Notariat haqqında” AR Qanununa, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” AR Qanununa və öz Nizamnaməsinə əsasən həyata keçirir.
 

Palatanın yaranması


Azərbaycan Respublikasında ədliyyə sistemində aparılan davamlı islahatlara uyğun olaraq son illər xüsusi notariat institutunun inkişafı ilə bağlı bir sıra qanunverici və təşkilati tədbirlər həyata keçirilmişdir. Bu tendensiyaya uyğun olaraq, notariat fəaliyyətinin inkişaf etdirilməsi, qanunvericiliyin təkmilləşdirilməsi, notariat fəaliyyəti üçün zəruri olan kadrların tədris işinin təşkil edilməsi, həmçinin notariat sahəsində beynəlxalq əməkdaşlığın aparılması məqsədilə notariusları peşə birliyi şəklində birləşdirən Notariat Palatasının yaradılması zəruri olmuşdur.

Azərbaycan ədliyyəsinin 100 illiyi ərəfəsində Azərbaycan Respublikasının 15.11.2018-ci il tarixli Qanunu ilə “Notariat haqqında” Qanununa “Notariat Palatası” başlıqlı 26-2-ci maddə əlavə edilmiş və bununla da Notariat Palatasının fəaliyyətinin hüquqi əsası müəyyən edilmişdir.

Respublikada fəaliyyət göstərən notariuslar bu hüquqi zəmindən faydalanmış və 08.07.2019-cu ildə Ümumi yığıncaq keçirilərək notariat xidmətinin inkişafı və təkmilləşdirilməsi məqsədilə, notariusların məcburi üzvlüyü əsasında qeyri-kommersiya hüquqi şəxsi formasında fəaliyyətini özünüidarəetmə prinsipi üzrə həyata keçirən Azərbaycan Notariat Palatası təsis edilmişdir.


Təsis yığıncağında Notariat Palatasının Nizamnaməsi təsdiq edilmiş və Nizamnaməyə uyğun olaraq Palatanın idarəetmə orqanları – Müşahidə Şurası, İdarə Heyəti və Təftiş Komissiyası yaradılmış və idarəetmə orqanlarının tərkibi müəyyən edilmişdir. 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin notariusu Hüseyn Məmmədov Notariat Palatasının İdarə Heyətinin sədri seçilmişdir.

Təsis Yığıncağında respublikada fəaliyyət göstərən notariuslarla yanaşı, Ədliyyə Nazirliyinin səlahiyyətli şəxsləri, vətəndaş cəmiyyəti institutları və media nümayəndələri iştirak etmişlər.
 

Palatanın fəaliyyət istiqamətləri


Geniş müstəvidə baxsaq, görərik ki, notariusların peşə birliyi və özünüidarə orqanı olaraq notariat palataları notariat fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə dünyanın xeyli ölkəsində fəaliyyət göstərir. Kontinental hüquq sisteminə malik olan ölkələrin notariat palataları, eyni hüquq sistemli olan ölkələrin notariat palataları ilə həm ikitərəfli, həm regional formatda, həm də həm Beynəlxalq Notariat İttifaqı çərçivəsində uğurla əməkdaşlıq edirlər.

Notariat Palatasının əsas fəaliyyət istiqamətləri – notariat fəaliyyətinin təkmilləşdirilməsi və inkişafında iştirak etmək, notariusların fəaliyyətinin vahid peşə qurumunda əlaqələndirilməsi, notariusların hüquq və mənafelərinin müdafiəsi, onların peşə hazırlığının artırılması məqsədilə təlimlərin təşkili, notariat sahəsində müsbət təcrübələrin təşviqi, digər ölkələrin notariusları, həmçinin beynəlxalq notariat qurumları ilə səmərəli və qarşılıqlı fəaliyyətin həyata keçirilməsindən ibarətdir.

Azərbaycan Notariat Palatasının da yaradılmasında əsas məqsəd kimi notariat fəaliyətinin inkişafı, notariuslararası əlaqələndirmənin gücləndirilməsi, Beynəlxalq Notariat İttifaqı ilə əməkdaşlığın inkişaf etdirilməsi, notariusların təlimi sahəsində formalaşmış beynəlxalq təcrübə öyrənilməklə ölkə ərazisində tətbiq edilməsini və notariuslar tərəfindən qanunvericilikdəki yeniliklərin mütəmadi öyrənilməsini təşkil etmək müəyyən olunmuşdur.
 

Notariat Palatasının səlahiyyətlərinə

 

  • Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə notariat fəaliyyətinin səmərəli təşkilində yardım etmək;
  • notariusların peşə hazırlığının artırılması məqsədilə təlimlərin və notarius olmaq istəyən şəxslərin hazırlığının təşkilində iştirak etmək;
  • notariat təcrübəsinin formalaşdırılması üçün notariat hərəkətləri üzrə ümumiləşdirmələr aparmaq;
  • notariat fəaliyyətini tənzimləyən normativ hüquqi aktların təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təkliflər vermək;
  • digər ölkələrin notariusları, həmçinin beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək və notariusların beynəlxalq təşkilatlarının üzvü ola bilmək daxildir.


Notariat Palatası həmçinin, öz fəaliyyəti çərçivəsində bəzi hüquqlara malikdir. Belə ki, Palata notariusların işinin səmərəli təşkili üçün onların hüquqlarının müdafiəsi məqsədilə məhkəməyə və digər dövlət orqanlarına müraciət edə bilər, öz adından əqdlər bağlaya bilər, əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə edə bilər, vəzifələr daşıya bilər, məhkəmədə iddiaçı və ya cavabdeh kimi çıxış edə bilər, fəaliyyəti barədə məlumatı yaya bilər, banklarda hesablar aça və hesablaşmalar apara bilər və digər hüquqlardan istifadə edə bilər.

Azərbaycan Notariat Palatası fəaliyyətinə başladıqdan sonra, beynəlxalq notariat təcrübəsinin araşdırılması və təcrübə mübadiləsi aparılması məqsədilə xarici seminarlarda, konfranslarda və konqreslərdə təmsil olunmağa başlamışdır.

Notariat Palatası fəaliyyətə başladığı qısa dövr ərzində Qeydiyyat və notariat baş idarəsi ilə birgə Azərbaycan Respublikasında fəaliyyət göstərən Notariat ofisləri əməkdaşlarının peşə biliklərinin yoxlanılması və artırılması məqsədi ilə tədris proqramınının keçirilməsini təşkil etmiş və həmin kurslar səmərəli şəkildə keçirilməkdə davam etdirilir.

Notariat Palatası həmçinin, Dövlət Notariat Arxivi ilə birgə“Vərəsəlik işlərinin rəqəmsallaşdırılması”layihəsinin həyata keçirilməsinə də başlamışdır.