Notary activities banner

Haqqımızda

Dünya notariat tarixi

“Notarius” sözü bir çox digər hüquqi terminlər kimi latın mənşəlidir. Latın dilindən tərcümədə “notarius” sözü katib, yazan (mirzə) deməkdir. Notarius sözünün kökü “nota” – latın dilindən “qeyd, işarə” kimi tərcümə olunur. Müasir notariatın uzun və mürəkkəb inkişaf tarixi vardır. Qədim notariatın izlərinə ilkin olaraq Şumer, Babil və Misir yazılı mənbələrində rast gəlinir. Daha sonra isə, qədim Romada müasir notariatın əsasları qoyulmuşdur. Notarius peşəsinin yaradıcıları əslində qədim sivilizasiyalarda rəsmiləşdirilən mülki dövriyyənin sənədlərini tərtib edən səlahiyyətli şəxslər – katiblər olmuşlar. Onlar hüquqi sübutları formalaşdırmaq və möhkəmləndirmək səlahiyyətinə malik olan etibar edilən peşə sahibləri, başqa formada desək xüsusi məmurlar idilər. Notariuslara tarixin bütün dövrlərində ehtiyac olmuşdur, lakin notariatın lazımi və rəsmi səviyyədə formalaşması mülki hüquq münasibətlərinin və mülki dövriyyənin inkişafı ilə başlamışdır.  Mülki münasibətlərin rəsmi formada inkişaf etdirilməsi və tənzimlənməsi   yalnız notariusların (katiblərin) həyata keçirdikləri hüquqi (rəsmi) prosedurlar nəticəsində formalaşa bilərdi.

Eramızdan əvvəl IV minillikdə dünyanın ən qədim və böyük sivilizasiyalarından biri Dəclə və Fərat çayları arasında və Mesopotamiyanın şərqində yerləşmiş Şumer dövləti yaranmışdır. Şumer dövlətinin III Urr sülaləsinin (e.ə. 2112-2003-cü illər) banisi olan Urr-Nammunun hakimiyyəti dövründə  qanunlar külliyyatı – “Urr-Nammu Məcəlləsi” tərtib edilmişdir. Bu, tarixdə indiyə qədər məlum olan ən qədim qanunnamələrdən hesab edilir. “Urr-Nammu Məcəlləsi” həmin dövrün məhkəmə prosedurlarını, həmçinin mülki müqavilələrin bağlanmasını və digər hüquqi münasibətləri tənzimləyirdi.

Hüquqi (rəsmi) işlərin məzmununu yazmaq, tərtib etmək işini “dubsar”lar adlandırılan, yazı işini mükəmməl öyrənmiş və o dövr üçün Şumerin qanunçuluq və katiblər məktəbi olan Edubbada təhsil almış katiblər yerinə yetirirdilər. Dubsar (katib) peşəsinə mükəmməl şəkildə yiyələnmək bəzən 15-20 il vaxt aparırdı və bu peşə dəyərli və nüfuzlu bir iş sayılırdı.Qədim Babildə notarius peşəsi barədə məlumatlar Kral Hammurapinin hakimiyyəti dövrünə (e.ə. 1760) aiddir. Həmin dövrdə ilk dəfə davranış qaydaları barədə Məcəllə dərc etdirilmiş və daş lövhələrə həkk olunmuşdur. Qədim Babildə, xüsusi mülkiyyət hüququ və sadə mülki dövriyyə yarandıqdan sonra əldə olunmuş hüquqların möhkəmləndirilməsini və təsdiq edilməsini inanılmış şahidlər həyata keçirirdi. Şahidlər yazılı formada müqavilə  bağlamaq adəti ortaya çıxana kimi notariat xidmətinə oxşar xidmət göstərirdilər. Belə ki, şahidlər müqavilə üzrə öhdəliklərin məzmununu  yaddaşlarında saxlamalı və ehtiyac olduqda danışmalıydılar. Yazılı formada müqavilə yaranandan sonra şahidlərin vəzifələri dəyişdi, onlar bağlanmış müqavilənin doğruluğunu təsdiqləmək üçün cəlb edilirdilər. Katiblər müxtəlif aktları gil lövhələr üzərində xüsusi qaydalarla hazırlayırdılar. Fironların hakimiyyəti dövründə gil lövhələr sonradan qiymətli kağıza çevrilən papiruslarla, papiruslar isə perqamentlərlə (heyvan dərilərindən hazırlanmış və yazı yazmaq üçün nəzərdə tutulmuş material) əvəz olundu. Qədim Misirdə, əsas fəaliyyətləri hüquqi sübutları qeydiyyatdan keçirmək, dövlət və xüsusi  qanunlara əsaslanan müqavilələr tərtib etmək olan katiblər “aqoronamoslar”, Yunanıstanda isə “iermemneslər”  adlandırılan din xadimləri idi. 

Dünya notariat tarixi