Könüllülük fəaliyyəti
Təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün də davam etdirilən gənclər siyasəti Azərbaycan gəncliyinin cəmiyyətin bütün sahələrində fəal iştirakını təmin etməkdədir. Bu sahədə ən təsirli vasitələrdən biri də könüllülük fəaliyyətlərinin təşkil edilməsidir. Azərbaycan yenidən müstəqillik əldə etdikdən sonra ölkəmizin güclü bir dövlətə çevrilməsində, insanların rifahının getdikcə yaxşılaşmasında könüllülər də mühüm rol oynayırlar. Son illərdə könüllülük hərəkatı respublikamızın davamlı inkişafının təmin olunmasında daha çox diqqət çəkir. Xüsusilə, 2015-ci il I Avropa Oyunları, 2017-ci il IV İslam Həmrəyliyi Oyunları, "Formula-1” və digər mötəbər və irimiqyaslı tədbirlərdə könüllülərin iştirakı böyük əhəmiyyət kəsb etmişdir.
Müasir Azərbaycanda könüllülük sahəsində real inkişaf ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başlayıb. Belə ki, dahi öndərin idarəçiliyinin ilk illərindən başlayaraq, hərtərəfli və davamlı inkişaf məqsədilə dövlət və özəl sektorlar, vətəndaş cəmiyyəti arasında əməkdaşlıq diqqət mərkəzində saxlanıldı. Bu prosesə insanları könüllü şəkildə cəlb etməyə, onların sahə təcrübəsindən yararlanmağa mühüm önəm verildi. Beləliklə, 1998-ci ildə Gənclər, İdman və Turizm Nazirliyi, BMT İnkişaf Proqramı və BMT Könüllüləri Proqramının birgə layihəsi fəaliyyətə başladı. 1998-2000-ci illərdə bu proqramın nəticəsi olaraq ölkədə güclü könüllü komandası yaradıldı və könüllülük prinsiplərinin geniş auditoriyaya təbliğinə start verildi.
Azərbaycanda könüllülük fəaliyyətinin yeni inkişaf mərhələsində təkanverici rolu 2009-cu ildə Milli Məclisin qəbul etdiyi "Könüllü fəaliyyət haqqında” Qanun oynadı. Bu geniş və əsaslı qanunla Azərbaycanda könüllülük fəaliyyəti davamlı inkişaf yoluna qədəm qoydu. 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) yanında aktiv və konstant könüllü təşkilat olan ASAN Könüllüləri Təşkilatı (AKT) yaradıldı. İlk dəfə Bakı şəhəri ərazisində başlanan könüllülük fəaliyyəti tezliklə bütün ölkə ərazisindəki “ASAN Xidmət” mərkəzlərində təşkil olunmağa başlandı.
Sevindirici haldır ki, tezliklə bu tendensiya digər dövlət orqanlarının fəaliyyətində də tətbiq olunmağa başlandı. Bunlara misal olaraq Ədliyyə Nazirliyi, Baş Prokurorluq, Miqrasiya Xidməti, Dövlət Gömrük Komitəsi və digər dövlət orqanlarının təcrübələrini göstərmək olar. Beləliklə, gənclərə öz bilik və bacarıqlarını praktiki cəhətdən inkişaf etdirmək və gələcək karyeralarını qurmaq üçün çox geniş imkanlar yarandı.
Azərbaycan Notariat Palatası da gəncləri cəmiyyətin bütün sahələrində aktiv iştirak etməyə çağırır və Palatada könüllülük fəaliyyəti üçün imkan yaradır. Könüllülük fəaliyyətinə hüquqşünaslıq ixtisası üzrə ali təhsil müəssisələrinin bakalavr səviyyəsinin sonuncu kurs tələbələri, habelə magistratura pilləsində təhsil alan tələbələr müraciət edə bilərlər.
Müraciət etmək istəyən şəxslərdən aşağıdakı müraciət formasını doldurub Azərbaycan Notariat Palatasının elektron ünvanına göndərmək xahiş olunur.