Elektron notariat
Bu gün ölkəmizin hərtərəfli inkişafına uyğun olaraq, Azərbaycan notariatı təkmilləşir və müasirləşir, notariat fəaliyyətinin səmərəliliyinin artırılması, vətəndaş məmnuniyyəti və əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin artırılması istiqamətində mühüm tədbirlərin həyata keçirilməsi davam etdirilir. 2007-ci ildən etibarən respublikanın notariuslarını vahid şəbəkədə birləşdirən, yerinə yetirilmiş notariat hərəkətləri haqqında məlumaları arxivləşdirən və toplayan, notariuslar arasında real vaxt rejimində məlumat mübadiləsini təmin edən mərkəzləşdirilmiş “Notariat sənədlərinin elektron məlumat bankı” informasiya sistemi yaradılmış və istifadəyə verilmişdir. Bu sistemin ilkin mexanizmi belə idi: notarius iş yerindən xüsusi proqram vasitəsilə iş günü ərzində həyata keçirilmiş notariat hərəkətləri barədə məlumatları məlumat sisteminə göndərirdi. Bu proqramın ilkin tətbiqi zamanı, notariat sənədinin mətni praktiki olaraq iki dəfə tərtib olunurdu: əvvəlcə kağız daşıyıcıda, daha sonra kağız daşıyıcıdan informasiya sisteminə köçürülürdü, hansıki bu prosesdə texniki səhvlər istisna deyildi. Bu mexanizm notariat ofisinin iş həcmini iki dəfə artırırdı ki, bu da işçilərin yüksək iş yükünə və yorğunluğuna səbəb olurdu.
Buna görə də, dövlət elektron informasiya mənbəyi kimi müvafiq qaydada qeydiyyyata alınmış “Elektron notariat” avtomatlaşdırılmış sistemi yaradılmış və istifadəyə verilmişdir. Bu İnformasiya sisteminin fəaliyyətinin təşkili və inkişaf etdirilməsi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsi və İnformasiya-kommunikasiya texnologiyaları idarəsi tərəfindən təmin edilmişdir. Notariat hərəkətlərinin aparılması sahəsində yeni müasir texnologiyaların tətbiqi ilə notariat hərəkətlərinin elektron məlumat bazasının yaradılması –informasiya sistemi vasitəsilə fiziki və hüquqi şəxslərə daha çevik və keyfiyyətli hüquqi xidmətlərin göstərilməsinə, dövlət qurumları tərəfindən tələb edilən rəsmi sənəd və arayışların sayının azaldılmasına və bununla da həmin qurumlara müraciət edilməsi zərurətinin aradan qaldırılmasına xidmət etmişdir. Bu sistemin üstünlüyü və yeniliyi ondan ibarətdir ki, bütün notariat hərəkətlərinin layihələri notarius tərəfindən tərtib olunur və bu sistemdə saxlanılır. Bu mexanizm notarial sənədin elektron və kağız formatda mətninin fərqlənməsini və mətndə olan texniki səhvləri aradan qaldırır. Sistemdə qanuna uyğun olaraq bütün notariat hərəkətlərinin hazır formaları və mətnləri vardır. Lakin, bu, notariusun öz istəyinə uyğun notariat sənədini tərtib və düzəliş etməsini istisna etmir. Yəni sistemdəki notariat sənədlərinin mətnləri yalnız notariusların işini asanlaşdırmaq, işini sürətləndirmək, məhsuldarlığı artırmaq və işin keyfiyyətini artırmaq üçün sadə şablonlardır, nümunələrdir.
Elektron notariat sistemi 1999-cu il tarixdə qəbul edilmiş “Notariat haqqında” Qanuna uyğun olaraq yaradılmış və daxilində bütün notariuslar və notariat hərəkətlərinin aparılması mexanizmi barədə məlumatlar vardır.
Elektron notariat