Media

28 May – Respublika günü

Xalqımızın varlığını, böyüklüyünü və mübarizliyini sübut edən tarixi məqamlardan biri Respublika günüdür. 1918-ci ilin 28 May günü Azərbaycan tarixində yeni və silinməz səhifə açımışdır. 103 il bundan əvvəl qurulmuş Xalq Cümhuriyyətinin varisi olan Müstəqil Azərbaycan Respublikası bu gün dünyada özünəməxsus inkişaf yolu ilə seçilən dövlətlərindən birinə çevrilmişdir.

 

28 May – Respublika günü Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olmuşdur. Çoxəsrlik dövlətçilik ənənələrimizin davamı olan Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir.

 

Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxmışdır. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi idi.

 

Azərbaycan Xalq Cümhuriyyəti 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. Demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların  bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, nizami milli ordunun, təhlükəsizlik strukturlarının qurulması və sair işlər Xalq Cümhuriyyəti hökumətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir. 

 

Bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilir. Ötən il 44 günlük Vətən müharibəsindəki qələbə də bu salnamənin parlaq səhifəsidir. Məhz Prezidentimizin – Ali Baş Komandanımızın və rəşadətli Azərbaycan ordusunun sayəsində xalqımız uzun illərdən sonra bu il ilk dəfə 28 May – Respublika Gününü dövlətçiliyin əsas şərtlərindən biri olan respublikamızın ərazi bütövlüyünün təmin olunması və torpaqlarımız işğaldan azad edilməsinin sevinci və Vətən müharibəsi zəfərinin qüruru  ilə qeyd edir.

 

Bu əlamətdar tarixi gün münasibətilə bütün xalqımızı ürəkdən təbrik edir, dövlətimizə əbədi müstəqillik, xalqımıza isə bu yolda əzmkarlıq və güc birliyi arzulayırıq.

 

Respublika günümüz mübarək!