Media

Vətən müharibəsinin ildönümü

27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının rəşadətli ordusu Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında erməni işğalçılarının növbəti təxribatının qarşısını qətiyyətlə alaraq işğal altında olan torpaqlarımızın azad olunması və respublikamızın ərazi bütövlüyünün bərpa olunması üçün uğurlu hərbi əməliyyatlara başladı. Vətən müharibəsinin ilk günlərindən etibarən xalqımız tək yumruq kimi Ali Baş Komandanın ətrafında birləşərək ordu ilə birliyini nümayiş etdirdi.

 

Azərbaycanın müzəffər ordusu 44 gün ərzində yüksək ruh yüksəkliyi, əzmkarlıq və şücayət göstərərək tarixi qələbə qazandı və bütün dünyaya öz qəhrəmanlığını, azərbaycan xalqının isə, böyüklüyünü və sarsılmaz döyüş ruhunu bir daha göstərdi.

 

Azərbaycan üçün 2-ci Qarabağ müharibəsi hesab olunan Vətən müharibəsində şanlı ordumuz kiçik uğurlardan böyük uğurlara doğru gedərək 30 ilə yaxındır ki, işğala məruz qalmış torpaqlarımızı azad etdi. Ali Baş Komandanın rəhbərliyi altında əsgər və zabitlərimizin qazandığı nailiyyətlər bütün dünyaya Azərbaycanın siyasi və hərbi gücünü sübut etdi.

 

Qarabağ müharibəsi yalnız ön cəbhə ilə məhdudlaşmadı. Bu müharibə göstərdi ki, vətəndaşlarımızın və bütövlükdə dünya azərbaycanlılarının birliyi sarsılmazdır və vətən eşqi hər birimizin müqəddəs amalıdır. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, eləcə də Azərbaycanın haqq işinə dəstək verən digər xalqların nümayəndələri erməni lobbisinin apardığı çirkin kampaniyalara qarşı fədakar fəaliyyət göstərərək ölkəmizin haqq mübarizəsinə dəstək oldular. Vətən müharibəsinin gedişində xalq-dövlət-ordu birliyi daha da möhkəmləndi. Azərbaycan Respublikasının bütün vətəndaşları etnik, sosial, dini baxımdan bütövlük nümayiş etdirdi, ön və arxa cəbhədə də mükəmməl birlik yarandı.

 

Ölkəmizin vətəndaşları, dövlət və ictimai qurumları da bu vətənpərvər birliyi əlaqələndirən və gücləndirən həlqələr oldu.

 

Azərbaycan notariatının təmsilçiləri də bu müqəddəs savaşda bir əsgər kimi mümkün imkanlarla öz vətəndaşlıq borcunu ruh yüksəkliyi ilə yerinə yetirərək şanlı ordumuza öz dəstəyini nümayiş etdirdi. Notariat ofislərindən Vətən müharibəsində notariat ailəsini təmsil edən qəhrəmanlar: 2 saylı “ASAN xidmət” mərkəzində notariat ofisinin aparıcı mütəxəssisi Abulbəyli Ozal Məstan oğlu, 2 saylı “ASAN xidmət” mərkəzində notariat ofisinin aparıcı mütəxəssisi Xodayev Nofər Nemət oğlu, 6 saylı “ASAN xidmət” mərkəzində notariat ofisinin aparıcı mütəxəssisi Eyvazlı Nicat Tərlan oğlu, Bakı şəhər 52 saylı notariat ofisinin aparıcı mütəxəssisi Məmmədli Ayxan Qüdrət oğlu, Şirvan şəhər 1 saylı notariat ofisinin aparıcı mütəxəssisi Ağazadə Ziya Əvəzağa oğlu, Bərdə regional “ASAN xidmət” mərkəzində notariat ofisinin aparıcı mütəxəssisi Zeynalov Şamxal Mübariz oğlu və Balakən regional “ASAN xidmət” mərkəzində notariat ofisinin aparıcı mütəxəssisi Novruzov Əli Novruz oğlu Vətən uğrunda gedən döyüşlərin, Vətən savaşının layiqli iştirakçıları olmuşlar. Onların xidmətləri və sücayətləri dəyərləndirilmiş və Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin müvafiq sərəncamı ilə müxtəlif medallarla təltif olunmuşlar.

 

Vətən müharibəsində öz canını sevdiyi Vətəninə qurban vermiş və şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızdan biri – Qəbələ regional “ASAN xidmət” mərkəzində notariat ofisinin notariusu Saday Osmanovun övladı Osmanlı Teymur Saday oğlu olmuşdur. O, 3 oktyabr 2020-ci il tarixdə Talış-Suqovuşan yaşayış məntəqələrinin düşməndən azad olunması istiqamətində gedən döyüşlərdə şəhid olmuş və əbədiyyətə qovuşmuşdur. Ölümündən sonra Osmanlı Teymur Saday oğlu “Vətən uğrunda”, “Cəsur doyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

 

Vətən müharibəsinin ildönümü və Anım günü ilə əlaqədar Azərbaycan notariatı öz qəhrəmanlarını yad etmişdir.

 

Azərbaycan Notariat Palatası, Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsi və İsmayıllı rayon İcra hakimiyyətinin birgə təşkil etdiyi xatirə tədbirində şəhid Osmanlı Teymur Saday oğlunun xatirəsi ehtiramla anılmışdır.

 

Tədbir iştirakçıları vurğuladılar ki, hər bir xalqın varlığı onun azadlığı, vətənpərvərliyi, mübarizliyi ilə ölçülür. Azərbaycan əsgəri qorxmadan, yorulmadan, qətiyyətlə, əzmlə torpaqlarının müdafiəsi uğruna savaşdı, can verdi.

 

Şəhidlik haqq yolunda qazanılan ölümdür və şəhidlər xalqın milli qürurudur və əzəmətidir. Şəhidlərimizin şərəfli həyat yolu növbəti nəsillərə örnək olacaqdır.