Media

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümüdür

Azərbaycan tarixinin keşməkeşli dövrləri, yaşanılan zamanın həqiqətləri, şəxsiyyətləri salnamələrə yazılır. Tarixdə elə şəxsiyyətlər olur ki, onların həyat və fəaliyyəti bütöv bir xalqın, dövlətin inkişaf yolunu müəyyənləşdirir. Belə nadir şəxsiyyətlərdən biri də xalqımızın Ümummilli Lideri Heydər Əliyevdir.

 

Ulu Öndərin fəaliyyəti dünya siyasət sənətinin xəzinəsinə daxil olmuş, Onun adı Azərbaycan xalqının rəmzinə, keçdiyi ömür yolu doğma torpağa məhəbbət və sədaqət meyarına çevrilmişdir.

 

Müasir Azərbaycanın qurucusu Ümummilli Lider Heydər Əliyevin dövlətçilik strategiyasının həyata keçirilməsi nəticəsində Azərbayca n iqtisadi qüdrəti gündən-günə artan etibarlı tərəfdaş kimi dünyada yüksək nüfuza malik olan ölkəyə, regionun bütün siyasi və iqtisadi məsələlərinin həllində əvəzolunmaz iştirakçıya və əsas söz sahibinə çevrildi. Bu uğurlar xalqın düşüncə tərzində, dirçəlişində müstəsna rol oynamış bir Siyasi Liderin adı ilə bağlıdır. Respublikamızda milli müstəqilliyə etibarlı zəmin, sosial iqtisadi, hüquqi və mənəvi intellektual mühit formalaşdıran Ulu Öndər xalqımızın yaxın gələcəkdə möhkəm bünövrə üzərində azadlıq və müstəqillik ideallarına qovuşmasını təmin etmişdir. Ulu Öndər Heydər Əliyev zamanla ölçülməyən bir ömür yaşadı. Bu ömrün arxasında Azərbaycan, Azərbaycana xidmət məfkurəsi dayanır.

 

Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti, siyasi kursu nəticəsində Azərbaycan özünün müstəqilliyinin sütunlarını möhkəmlətdi, onun dünyaya inteqrasiya olunmasına töhfələrini verdi. Qısa zaman kəsiyində ölkənin həyatında dönüş yaradan islahatları xalqın sosial-mədəni həyatının mahiyyətinə zənginlik, ümümbəşərilik gətirdi. Xalqın milli ruhu, milli kökü zəminində formalaşan ideoloji xəttin əsasında azərbaycançılıq ənənələri dayanırdı.

 

Ulu öndərin başçılığı altında müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi, xalqın dövlət hakimiyyətinin yeganə mənbəyi olması, hüququn aliliyi, mülkiyyətin bütün növlərinə bərabər hüquqi status verilməsi ilə onun toxunulmazlığı və s. dəyərlərin, əsas insan hüquq və azadlıqlarının Konstitusiyada təsbit olunması ölkədə demokratiyanın inkişafı, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun səmərəliliyinin artırılması istiqamətində atılan ən əhəmiyyətli addımlardan olmuşdur.

 

Zaman xalqımızı ağır sınaqlara çəksə də, artıq yenidən tariximizin şərəfli səhifələri yazılır. Heydər Əliyevin müəyyənləşdirdiyi, İlham Əliyevin layiqincə davam etdirdiyi siyasi xəttin nəticəsi olaraq güclü Azərbaycan dövlətinin yaranması bu gün dünyanın etiraf etdiyi reallıqdır. Ötən 2020-ci il, 44 günlük Vətən müharibəsindəki qələbə də bu salnamənin parlaq səhifəsidir. Bu Qələbənin əldə olunması Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və möhtərəm İlham Əliyevin layiqincə davam etdirdiyi siyasətin nəticəsi və təntənəsidir.

 

İllər, qərinələr ötdükcə, bu nəhəng şəxsiyyətin Vətəni, xalqı qarşısındakı xidmətləri zamanın genişliyi və uzaqlığı fonunda daha aydın görünəcək, yeni nəsillər bu tükənməz irsdən qədərincə bəhrələnəcəklər.

 

Hər ötən il Heydər Əliyev dühasının böyüklüyünü, möhtəşəmliyini bir daha üzə çıxarır. Zaman Heydər Əliyevin siyasi baxışlarına yeni məna qazandırır, onun Vətənimizin bu gününə və gələcəyinə çox möhkəm tellərlə bağlı olduğunu daha yaxından göstərir.

 

Anadan olmasının 99-cu ildönümü ərəfəsində bir daha Ulu Öndəri ehtiramla anırıq.