Media
Azərbaycan Hakimlər İttifaqı və Azərbaycan Notariat Palatasının birgə təşkilatçılığı ilə “Vərəsəlik hüququ: Müasir çağırışlar” mövzusunda elmi-praktik konfrans
2024-cü il martın 1-də Azərbaycan Hakimlər İttifaqı və Azərbaycan Notariat Palatasının birgə təşkilatçılığı ilə “Vərəsəlik hüququ: Müasir çağırışlar” mövzusunda elmi-praktik konfrans keçirilib.
Tədbirdə hakimlər, notariusların, vəkillərin, habelə aidiyyəti dövlət qurumlarının, ali təhsil müəssisələrinin nümayəndələri və xarici ekspertlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Hakimlər İttifaqının sədri Ramiz Rzayev bildirib ki, təşkilat Azərbaycan Respublikasında həyata keçirilən məhkəmə-hüquq islahatlarına və qanunvericiliyin təkmilləşdirilməsinə dəstək göstərməklə yanaşı, hüququn müxtəlif sahələri üzrə ictimaiyyətin maarifləndirilməsi, habelə aktual mövzulara həsr olunmuş müzakirələrin təşkili istiqamətində geniş fəaliyyət göstərir. Hakim korpusunu, notariusları, vəkilləri, mülki hüquq sahəsində fəaliyyət göstərən alimləri və digər hüquqşünasları bir araya gətirən konfransın vərəsəlik hüququnun həyata keçirilməsi üzrə ölkəmizin yeni dövrə keçidi ilə bağlı ortaya çıxan nəzəri və praktik problemlərin aradan qaldrılmasına öz töhfəsini verəcəyinə ümidvar olduğunu söyləyib.
Sonra Azərbaycan Notariat Palatasının sədri Hüseyn Məmmədov çıxış edərək deyib ki, vərəsəlik hüququ hər bir dövlətdə unikal sistemə və mexanizmlərə malikdir. Azərbaycan mülki hüququnda vərəsəlik zəngin tarixə malik olmaqla dövriliklə təkamül yolu keçib. O bildirib ki, hazırda Mülki Məcəllədə vərəsəliklə bağlı bu və digər normaların mövcud münasibətləri kifayət qədər əhatəli tənzimləməsi üçün təkmilləşdirməyə ehtiyac var. Son illər Konstitusiya Məhkəməsinin vərəsəlik hüquq normalarının tətbiqi üzrə qəbul etdiyi qərarların sayının artması da bu sahədə daim hüquqi tənzimləməyə və aydınlaşdırmalara ehtiyac olduğunu göstərir. Mirasın qəbulunun və ya ondan imtina edilməsinin önə çıxmasından asılı olmayaraq hər zaman vərəsəlik hüquq normalarının tətbiqi məsələsi, mülki hüququn digər sahələrində də olduğu kimi, məhkəmə və notariat orqanlarının hüquq tətbiqi praktikasında əlaqəli tənzimləmə həyata keçirilməsini zəruri etmişdir. Respublikamızda vərəsəlik hüquq münasibətlərinin reallaşdırılmasını məhkəmə və notariat orqanları hər biri öz səlahiyyətləri çərçivəsində həyata keçirirlər. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26.12.2023-cü il tarixli Qərarına əsasən, Mülki Məcəllənin 1246 və 1273-1-ci maddələri qüvvədən düşmüş hesab edilmiş və beləliklə, vərəsənin mirasdan imtina etmədiyi hallarda qeyd-şərtsiz vərəsə olması və mirasdan imtina etməyən, eyni zamanda mirası qəbul etməyən vərəsəyə də mütləq şəkildə pay ayrılmalı olması kimi yeni hüquqi vəziyyət yaranmışdır. Konstitusiya Məhkəməsinin məlum qərarından sonrakı yeni hüquqi vəziyyət şübhəsiz vərəsənin mirasa birbaşa mülkiyyət hüququnun yaranmasını şərtləndirmiş və mülkiyyət hüququnun konstitusyon təminatını möhkəmləndirmişdir. Vurğulamaq lazımdır ki, Mülki Məcəllədə vərəsəliklə bağlı bu və digər normaların mövcud münasibətləri kifayət qədər əhatəli tənzimləməsi üçün məcəllənin vərəsəlik hüququ hissəsinin təkmilləşdirilməsinə ehtiyac vardır.
Ali Məhkəmənin Mülki kollegiyasının sədri, Azərbaycan Hakimlər İttifaqının sədr müavini Sənan Hacıyev çıxışında bildirib ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il 26 dekabr tarixli Qərarı ilə vərəsəlik hüququ ilə bağlı yeni dövrə keçid hesab olunmaqla, bundan sonra vərəsəlik hüququna təminatın əks sistem olan mirasdan imtina sistemi əsasında həllinə yol açmışdır. Bununla yanaşı, Mülki Məcəllədə hələ də Konstitusiya Məhkəməsi Plenumunun qərarında əks olunmuş yeni hüquqi mövqe ilə ziddiyyət təşkil edən bir sıra normaların məsələn, 1247, 1248 və digərlərinin qalması hüquq ictimaiyyəti arasında çaşqınlığın yaranmasına səbəb olacağından Mülki Məcəllənin “Vərəsəlik hüququ” bölməsinin və digər aidiyyəti normativ-hüquqi aktların kompleks şəkildə təkmilləşdirilməsi də zəruridir.
Tədbirdə iştirak edən qardaş Türkiyə Notariuslar Birliyinin nümayəndə heyətinin üzvləri vərəsəlik hüququnun həyata keçirilməsi ilə bağlı Türkiyə təcrübəsi haqqında məlumat veriblər.
"Sosialist hüququ ilə çətin vida - vərəsəlik hüququna Konstitusiya təminatının mülki hüquq müstəvisində reallaşması" mövzusunda çıxış edən Almaniyanın Martin Lüter adına Halle-Vittenberg Universitetinin professoru Azər Əliyev mirasdan imtina sistemi üzrə Almaniya təcrübəsinin xüsusiyyətləri barədə təqdimat edib.
Ali Məhkəmənin hakimi Zaur Əliyev "Yeni dövrdə miras şərikliyi və mirasın bölüşdürülməsinin aktuallığı", Ədliyyə Nazirliyinin nümayəndəsi Seymur İsmayılov “Vərəsəlik münasibətlərinin tənzimlənməsinin hüquqi əsasları”, xüsusi notarius Kənan Rəhmanov “Vərəsəliyin notarial rəsmiləşdirilməsinin aktual məsələləri” mövzusunda çıxışlar ediblər.
Daha sonra Konfrans işini vərəsəliklə bağlı yeni hüquqi mövqelərin vərəsəlik hüquqlarının rəsmiləşdirilməsi sahəsində notariat orqanlarının fəaliyyətinə və məhkəmə təcrübəsinə təsiri ilə bağlı məsələlər ətrafında müzakirələrlə davam etdirib.
Digər Xəbərlər
6-7 dekabr 2024-cü il tarixlərində Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində “Notariat və müasirlik: nikah-ailə münasibətlərinin tənzimlənməsində notariusun rolu” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.
Azərbaycan Notariat Palatası ilə Belarus Notariat Palatası arasında Əməkdaşlıq haqqında Memorandum imzalanmışdır
Azərbaycan Notariat Palatasının üzvlərinin diqqətinə