Media

Notariat ofisi əməkdaşı namizədləri üçün növbəti hazırlıq kursu keçirilmişdir.

Notariat ofislərini bilik və təcrübə baxımından hazırlıqlı kadrlarla təmin etmək məqsədilə Azərbaycan Notariat Palatası, Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsi ilə birgə tədbirlər həyata keçirir.

Bu məqsədlə hüquqi əsas kimi “Azərbaycan Respublikasında xüsusi qaydada fəaliyyət göstərən notariat ofislərində əməkdaşların kadr ehtiyatının formalaşdırılması və təkmilləşdirilməsi” Qaydaları hazırlanmış və Notariat Palatasının İdarə Heyətinin 18 iyul 2025-ci il tarixli qərarı ilə təsdiq edilmişdir.

Qaydalara əsasən, notariat ofisi əməkdaşı qismində fəaliyyət göstərmək istəyən namizədlər Azərbaycan Notariat Palatasında nəzəri və təcrübi hissələrdən ibarət olan hazırlıq kursunu keçməlidirlər. Hazırlıq kursunun nəzəri hissəsi onlayn qaydada təcrübəli notariuslar, Notariat, qeydiyyat və reyestr baş idarəsinin və Notariat Palatasının məsul əməkdaşları, həmçinin aidiyyəti üzrə cəlb olunmuş mütəxəssislər tərəfindən tədris olunur. Təcrübi kurs isə, namizədlərin notariat ofislərində 3 həftə ərzində Elektron notariat informasiya sistemindən istifadə qaydalarının, notariat hərəkətlərinin icra edilməsinin xüsusiyyətlərinin və vətəndaşlarla ünsiyyət qaydalarının öyrənilməsi qaydasında təşkil olunur. Ümumi hazırlıq kursu başa çatdıqdan sonra, hazırlıq kursunun nəticələri müsahibə vasitəsilə qiymətləndirilir və uğurlu nəticə göstərən namizədlərə müvafiq sertifikatlar təqdim olunur.

Bu günlərdə növbəti qrup namizədlərlə hazırlıq kursu yekunlaşmışdır.

Hazırlıq kursunu uğurla bitirmiş və müvafiq sertifikat almış namizədlərin əməkdaş vakansiyası olan notariat ofislərində işəgötürən və işçi arasında razılaşdırılmış əmək müqaviləsi əsasında işlə təmin olunması nəzərdə tutulur