Media

Xocalı soyqırımı - qan yaddaşımız !

İnsanlığa qarşı öz vəhşiliyinə və qəddarlığına görə ən dəhşətli kütləvi terror hadisələrindən biri kimi tarixə düşmüş Xocalı soyqırımının törədilməsindən iyirmi doqquz il keçir. 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərində Ermənistan silahlı qüvvələrinin bölmələri, Dağlıq Qarabağdakı erməni terrorçu dəstələri və keçmiş sovet ordusunun Azərbaycanın Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyəti tərəfindən Xocalı soyqırımı törədilmişdir.

 

29 il əvvəl törədilmiş Xocalı soyqırımı zamanı mühasirədə olan şəhərin dinc əhalisi üzərinə ağır hərbi texnika yeridilərək yerli əhali xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Yandırılan şəhərdən qaçıb xilas olmaq istəyən insanlara aman verilməmişdir, dinc sakinlər yollarda, meşələrdə pusqu qurularaq xüsusi amansızlıqla öldürülmüşdür. Bu cinayət beynəlxalq hüququn norma və prinsiplərinin kobudcasına pozulması və dəhşətli soyqırım hadisəsidir. İnsanlığa qarşı törədilmiş bu dəhşətli cinayət əməli nəticəsində 613 nəfər dinc azərbaycanlı qətlə yetirilib, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olub. Eyni zamanda, 487 nəfər dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi hələ də məlum deyil. Soyqırımı zamanı 56 nəfər xüsusi qəddarlıqla öldürülüb, insanların başlarının dərisi soyulub, müxtəlif əzaları kəsilib, gözləri çıxarılıb, hamilə qadınların qarnı süngü ilə deşik-deşik edilib. Nəticədə 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.

 

Bütün bunlar erməni hərbçiləri tərəfindən xüsusi amansızlıqla və ağlasığmaz vəhşiliklə həyata keçirilmişdir. Xocalının işğalına dair istintaq materiallarında qeyd edilir ki, hücumda mayor Oqanyan Seyran Muşeqoviçin komandanlığı altında 366-cı alayın 2-ci batalyonu, Yevgeni Nabokixinin komandası altında 3-cü batalyonun, 1 saylı batalyonun qərargah rəisi Çitçyan Valeriy İsayeviç və alayda xidmət edən 50-dən artıq erməni zabit və praporşik iştirak etmişdir.

 

Xocalı faciəsi erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı yönələn işğal, etnik təmizləmə və soyqırımı siyasətinin dəhşətli təzahürüdür. Ermənistan tərəfindən yürüdülən bu siyasətin digər bədnam nümunəsi Qaradağlı faciəsidir. Belə ki, erməni işğalçılarına qarşı 4 il qəhrəmanlıqla mübarizə aparan Xocavənd rayonu, Qaradağlı kəndi 1992-ci il fevralın 17-də işğal edilərək yandırılıb, dinc əhaliyə qarşı soyqırımı həyata keçirilib. İşğal zamanı 118 nəfər əsir götürülüb, 33 nəfər güllələnib. Erməni cəlladlar öldürülənləri və yaralı halda olanları bir yerdə təsərrüfat quyusuna tökərək torpaqlayıblar. Ümumilikdə əsir götürülənlərdən 68 nəfəri öldürülüb, 50 nəfəri böyük çətinliklərlə əsirlikdən azad edilib. Əsir götürülənlərdən 10 nəfəri qadın, 2 nəfəri məktəbli olub. Azad olunanların 5 nəfəri qadınlar olmaqla 18 nəfər aldıqları sağalmaz yaralardan sonralar vəfat edib. Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi soyqırımı cinayəti nəticəsində Qaradağlı kəndində iki ailənin hər birindən 4 nəfər qətlə yetirilib, 43 ailə öz başçısını itirib, 146 uşaq yetim qalıb. Qaradağlıya Ermənistan silahlı qüvvələrinin həmlələri zamanı qətlə yetirilənlərdən 10-u qadın, 8-i məktəb yaşlı uşaq olub. Qaradağlı kəndində 91 nəfər, kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilib. İşğal nəticəsində kənddə 200 ev, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb binası, 25 çarpayılıq xəstəxana binası və digər obyektlər, azərbaycanlılara məxsus tarixi, dini, mədəni abidələr və qəbiristanlıq dağıdılıb. Kəndin 800 nəfərə yaxın sakini məcburi köçkün düşüb.

 

Ermənilər sağ qalmış insanlar üzərində ən alçaq formada təhqiredici hərəkətlər həyata keçirmişlər. Soyqırım qurbanlarının başının dərisini soymuş, başlarını və bədəninin digər orqanlarını kəsmiş, uşaqların gözlərini çıxarmış, hamilə qadınların qarnını yarmışlar. Bütün bunlar Ermənistanın Cenevrə konvensiyasının protokollarını kobud şəkildə pozaraq və müharibə qaydalarına zidd olaraq dinc sakinlərə qarşı həyata keçirilən soyqırımlar olduğunu təsdiqləyir.

 

Xocalı və Qaradağlı faciələri hər bir azərbaycanlıda mənəvi sarsıntı yaratdı və Azərbaycan əhalisinə qarşı milli mənsubiyyətinə görə törədilmiş bu hadisələr daim yaddaşlarda qalacaqdır. Bu hadisələrdən sonra Azərbaycan öz yaralarını sardı və xalqımız ayaqüstə möhkəm dayanmağı bacardı. Respublikamız daim inkişaf etdi və torpaqlarımız işğaldan azad olunması üçün zəmin hazırlandı.

 

Möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli iradəsiylə başlanmış İkinci Qarabağ müharibəsi Azərbaycan dövlətinin inamlı qələbəsi ilə başa çatdı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək 44 günlük Vətən müharibəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımızı geri qaytardı. Bu haqq döyüşündə tarix yazan Azərbaycan ordusu tərəfindən məhv edilən düşmən qüvvələri içərisində Xocalı soyqırımının cəlladları da vardı. Tarixi qələbə qazanan ordumuz bu qətliamın günahsız qurbanlarının qisasını aldı. Xocalıda, Qaradağlıda eləcə də Qarabağ uğrunda həlak olan bütün şəhidlərimizin ruhu əbədi rahatlığa qovuşdu. Qarabağ yenə də Azərbaycandır !