Tez-tez verilən suallar
Hüquqi yardım almaq üçün tez – tez verilən suallar
Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Etibarnamə istənilən (nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə istisna olmaqla) müddətə verilə bilər. Əgər etibarnamədə müddət göstərilməyibsə, o, verildiyi gündən bir il ərzində qüvvəsini saxlayır. Verildiyi tarix göstərilməyən etibarnamə etibarsızdır. Nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə bir ildən artıq müddətə verilə bilməz. Xaricdə hərəkətlərin yerinə yetirilməsi üçün nəzərdə tutulan və qüvvədə olma müddəti göstərilməyən etibarnamə notarius tərəfindən təsdiqləndikdə, etibarnaməni vermiş şəxs tərəfindən ləğv edilənədək qüvvəsini saxlayır.
Vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər.Vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsi ilə tərtibinə yol verilmir
Vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. Vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir.
Notarius maraqlı şəxsin tərcümə etdirmək istədiyi sənədin əsli və yaxud notarial qaydada təsdiq olunmuş surətini ona təqdim etdikdən sonra həmin sənədin tərcüməsininin düzgünlüyünü təsdiq edə bilir. Sənədi tərcüməçi tərcümə etdikdə, onun imzasının həqiqiliyinin təsdiqi, sənədlərdə imzanın həqiqiliyinin təsdiqi qaydasında aparılır. Bu halda notarius tərcüməçi tərəfindən tərcümə edilmiş sənədin mətninə görə məsuliyyət daşımır. Bir neçə dilə tərcümə olunan sənəddə hər dil üzrə tərcüməçinin imzası ayrıca təsdiq olunur.