Media

Azərbaycan Notariat Palatası respublikada fəaliyyət göstərən notariuslar üçün onlayn təlimlər təşkil etmişdir.

Azərbaycan Notariat Palatası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsi ilə birgə respublikada fəaliyyət göstərən notariuslar üçün onlayn təlimlər təşkil etmişdir.

 

11 və 18 sentyabr 2021-ci il tarixlərində onlayn qaydada keçirilən təlimlərin mövzusu “Notariat fəliyyətinin psixoloji aspektləri” olmuşdur.

 

Təlimi açılış nitqi ilə Azərbaycan Notariat Palatasının İdarə Heyətinin sədri Hüseyn Məmmədov açaraq və iştirakçıları salamlayaraq bildirmişdir ki, notariat fəaliyyətinin inkişaf istiqamətləri içərisində notariusların peşə hazırlığının və ixtisasının artırılması böyük əhəmiyyət kəsb edir. Notariusların peşə hazırlığının və ixtisaslarının artırılmasının və tədrisi məsələsinin zəruriliyi “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda və Notariat Palatasının Nizamnaməsində təsbit edilmişdir. Azərbaycan Notariat Palatası, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və notariat baş idarəsi ilə birgə notariusların, həmçinin notariat ofisi əməkdaşlarının ixtisas səviyyəsinin artırılması məqsədilə təlim-tədris kursları müəyyən etmiş və bu təlimlərin hazırki pandemiya şəraitinə uyğun olaraq videoformatda, onlayn qaydada həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bundan sonra söz çıxış etməsi üçün Qeydiyyat və notariat baş idarəsinin baş məsləhətçisi Vidadi Mailə verilmişdir.

 

Qeydiyyat və notariat baş idarəsinin baş məsləhətçisi Vidadi Mail öz çıxışında notariatın yaranmasından bu zamana qədər mülki hüquqi münasibətlərdə notariatın önəmindən danışaraq tarixdə və günümüzdə notariat fəaliyyətinin müqayisəli və psixoloji təhlilini aparmış, hüquq və fəlsəfə alimlərinin notariat sahəsi barədə fikirlərini və yanaşmalarını şərh etmiş və notariusla vətəndaşlar arasındaki, həmçinin ofisdaxili psixoloji aspektlərə toxunaraq bu münasibətlərin hansı formada tənzimlənməli olmasını və mülki dövriyyədə və vətəndaşların hüquqlarının təmin olunmasında notariusların üzərinə düşən vəzifələri notariusların nəzərinə çatdırmışdır.

 

Təlimin sonunda məruzəçi, təlimlərin mütəmadi olaraq davam edəcəyinin nəzərdə tutulmasını vurğulamış və təlimlərdə əldə edilən biliklərin hər bir notariusun ixtisasının artırılmasına və peşə hazırlığının yüksəldilməsinə müsbət töhvə verəcəyinə əminliyini bildirmişdir.