Media
6 sentyabr 2022 -ci il tarixdə Azərbaycan Notariat Palatasının videoformatda Ümumi yığıncağı keçirilib
Azərbaycan Notariat Palatasının videoformatda növbəti Ümumi yığıncağı keçirilib.
Yığıncağın işinə Nizamnamə tələblərinə uyğun olaraq sədrlik edən Azərbaycan Notariat Palatasının İdarə Heyətinin sədri Hüseyn Məmmədov iştirakçıları salamlayaraq Ümumi yığıncağı açıq elan edib və yığıncağın gündəliyini iştirakçıların diqqətinə çatdırıb.
Yığıncağın Hesablama Komissiyasına 7 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisinin notariusu Azər Hacıyev və Bakı şəhəri 42 saylı notariat ofisinin notariusu Tufan Məmmədov üzv, Bakı şəhəri 21 saylı notariat ofisinin notariusu Daxil Kərimov sədr, Bakı şəhəri 29 saylı notariat ofisinin notariusu İslam Mirzəzadə isə, Yığıncağın katibi seçilmişdir.
Notariat Palatasının İdarə Heyətinin sədri Hüseyn Məmmədov 2021-ci il üçün illik ümumi hesabatla çıxış edərək Notariat Palatası tərəfindən Ədliyyə Nazirliyinin dəstəyi ilə görülmüş işlər, o cümlədən Qeydiyyat və notariat baş idarəsi ilə birgə notariat ofislərində çalışan əməkdaşların Tədris Proqramının davam etdirilməsi, eyni zamanda respublikada fəaliyyət göstərən notariuslar üçün yerli və xarici mütəxəssislərin iştirakı ilə aktual hüquqi mövzularda təlimlərin təşkil edilməsi, “Vərəsəlik işlərinin rəqəmsallaşdırılması layihəsi” üzrə əsas işlərin davam etdirilməsi, Palatanın Elmi-Metodiki və Etika Şuralarının fəaliyyətə başlaması, həmçinin “Notariat sənədlərinin nümunələrinin hazırlanması üzrə” və “Elektron notariat informasiya sistemindən istifadə üzrə Metodiki tövsiyyələrin hazırlanması üzrə” işçi qruplarının yaradılması, mətbuatda edilən çıxışlar, Beynəlxalq Notariat İttifaqı və bir sıra xarici ölkələrin notariat palataları ilə əməkdaşlığın genişlənməsi, mütərəqqi xarici təcrübələrin öyrənilməsi və Notariat Palatasının nizamnaməsinə uyğun olaraq həyata keçirilən digər tədbirlər barədə ətraflı məlumat vermişdir.
Sonra Palatanın Təftiş Komissiyasının sədri Tamerlan Qurban hesabat ili üzrə maliyyə hesabatı ilə çıxış edib.
Notariat Palatasının 2021-ci il üzrə ümumi illik hesabatı və maliyyə hesabatı səsverməyə çıxarılmış və Yığıncaq iştirakçılarının tərəfindən qənaətbəxş hesab edilərək təsdiq edilmişdir.
Azərbaycan Notariat Palatasının Müşahidə Şurasının sədri, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin rəisi İlqar Məmmədov Notariat Palatasının fəaliyyəti ilə bağlı nəzarət orqanının adından çıxış edərək, Notariat Palatası tərəfindən görülən işlərin qənaətbəxş olduğunu, lakin bir sıra vəzifələrin yerinə yetirilməsinin və mövcud imkanlardan daha geniş istifadə olunmasının zəruriliyini bildirib. O, həmçinin dövlət başçısının bütün sahələrdə çağırışlarına uyğun olaraq Palatanın ölkədə keçirilən sosial layihələrdə fəal iştirakına diqqət çəkərək “Yaşat”, “Qarabağ Dirçəliş”, “Koronavirusla mübarizəyə dəstək” fondlarına və Azərbaycan Respublikası Silahlı Qüvvələrinə bu günə qədər Palata və notariat qurumları tərəfindən maddi dəstək olaraq 200 000 manata yaxın pul vəsaiti köçürülüb. Şəhid ailə üzvləri və müharibə iştirakçılarına növbədənkənar və güzəştli qaydada, o cümlədən notariusların hesabına xidmətlər göstərilib. Ölkə prezidentinin müvafiq sərəncamıyla işğaldan azad olunmuş ərazilərdə yenidənqurma işlərinə dəstək olaraq avqust ayında Zəngilanın Ağalı kəndində səyyar notariat xidmətləri göstərilib və bu tədbirin Şuşada davam etdirilməsi nəzərdə tutulmuşdur.
Daha sonra, AR Ədliyyə Naziriliyi Qeydiyyat və notariat baş idarəsinin rəis müavini, Notariat idarəsinin rəisi Mehman Soltanov çıxış edərək notariuslar tərəfindən yol verilmiş nöqsanlarla bağlı fikirlərini bildirib və notariat fəaliyyətinin inkişafı üçün bu nöqsanların aradan qaldırılmalı olduğunu iştirakçıların diqqətinə çatdırıb. O, həmçinin vurğulayıb ki, xidmətlərin keyfiyyətini artırmaq üçün vətəndaş axınının düzgün istiqamətləndirməsi, onlara dəqiq izah və məsləhətlərin verilməsi, informasiya resurslarının maksimum tətbiqi vacibdir və bu işçilərdən yüksək peşəkarlıq tələb edir. Xidmət göstərən hər bir şəxs qanunvericiliyi daim izləməli, ona tapşırılan işi məsuliyyətlə yerinə yetirməlidir. Texnologiyanın inkişafı əməkdaşların bu sahədə bilik və bacarıqlarının artırılmasını tələb edir.
Palatanın İdarə Heyətinin sədri H.Məmmədov Ümumi yığıncağın gündəliyində daxil olan Notariat Palatasının nizamnaməsinə edilmiş əlavə və dəyikliklər barədə iştirakçılara əlavə məlumat vermiş və onların bu barədə fikirlərini soruşmuşdur. İştirakçılardan Bakı 11 saylı notariat ofisinin notariusu İ.Məmmədov və 1 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin notariusu A.Qasımova Palatanın Nizamnaməsinə Təlim-Tədris Mərkəzinin yaradılması, strukturda katibliyin Aparatla əvəz olunması və onun funksiyalarının genişləndirilməsi kimi əlavə və dəyişikliklərin Palatanın gələcək fəaliyyətində müsbət rol oyanacağını vurğulayaraq, təlim-tədris işinin səmərəliliyinin artırılmasına, Palatanın qərarlarının və qarşıya qoyulan vəzifələrin icra olunması mexanizminin təkmilləşdirilməsinə imkan yaradacağını qeyd etmişlər.
Palatanın Nizamnaməsinə əlavə və dəyişikliklər layihəsi səsverməyə çıxarılaraq təsdiq edilmişdir.
Sonda notariat sahəsində uzun illər qüsursuz fəaliyyət göstərmiş və fəaliyyət müddətini başa vurmuş bir qrup notariusa Azərbaycan Notariat Palatası adından təşəkkür elan edilmişdir.
Digər Xəbərlər
Azərbaycan Notariat Palatası ilə ADA Universiteti arasında Əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilib.
31 may 2024-cü il tarixdə Azərbaycan Notariat Palatasının videoformatda Ümumi yığıncağı keçirilib
Notariat fəaliyyətində vərəsəliyin aktual məsələləri mövzusunda beynəlxalq seminar keçirilib