Media
20 Yanvar - tariximizin şərəf və qəhrəmanlıq səhifəsi
Qan yaddaşımıza əbədi həkk olunmuş 1990-cı ilin qanlı 20 Yanvar hadisələri Azərbaycanın taleyinə əhəmiyyətli təsiri olan dönüş anı və tariximizin faciə və qəhrəmanlığı ehtiva edən unikal səhifəsidir.
Keçmiş SSRİ rəhbərliyinin Azərbaycana qarşı qərəzli, ermənipərəst siyasətinə, əzəli torpaqlarımıza iddia edən Ermənistanın təcavüzkar siyasətinin açıq-aşkar dəstəklənməsinə və respublikanın ozamankı rəhbərliyinin xəyanətkar mövqeyinə etiraz əlaməti olaraq ayağa qalxmış geniş xalq kütlələrinin üzərinə sovet ordusunun iri hərbi birləşmələrinin yeridilməsi Azərbaycanda, xüsusilə Bakıda misli görünməmiş faciəyə gətirib çıxardı. Yanvarın 19-dan 20-ə keçən gecə Bakıya daxil olmuş sovet qoşun hissələri küçələrə çıxıb öz etirazlarını bildirən dinc əhalini pulemyot və avtomatlardan atəşə tutdu. Həmin gecə Bakının müxtəlif rayonlarında sovet əsgərləri tərəfindən 121 insan qətlə yetirilmiş, 700-dən artıq vətəndaş yaralanmış və xəsarət almışdır. Sonrakı günlər də daxil olmaqla 147 nəfər həlak olmuş, qeydə alınan 700-dən çox yaralının 25-i qadın, 20-si uşaq olmuşdur.
Həmin vaxt Moskvada yaşayan ulu öndər Heydər Əliyev qanlı qırğının ertəsi günü Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək dünyada analoqu olmayan bu faciə ilə bağlı bəyanat verdi. İmperiyanın paytaxtında - bu faciənin törədilməsinin planı cızılmış bir şəhərdə dünyanın onlarla aparıcı KİV nümayəndələrinin qarşısında verilən bu bəyanat beynəlxalq aləmdə böyük əks-səda doğurdu. Məhz ümummilli lider Heydər Əliyevin bu cəsarətli addımı sayəsində dünyanın mütərəqqi qüvvələri də Azərbaycan xalqının məruz qaldığı bu dəhşətli və amansız terroru qətiyyətlə pislədi.
1994-cü il martın 29-da “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qəbul edilən qərarda 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. 20 Yanvar hadisələri zamanı həlak olanların xatirəsinin əbədiləşdirilməsi istiqamətində də Ümummilli Liderimiz mühüm tədbirlər həyata keçirdi. Məhz Onun Sərəncamı ilə 20 Yanvar Ümumxalq hüzn günü elan olundu. Şəhidlər xiyabanı xalqımızın müqəddəs and yerinə, ziyarətgahına çevrildi. Şəhid ailələri dövlət qayğısı ilə əhatə olundu.
Bu siyasət Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilir. Prezident İlham Əliyev şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin yoluna qoyulmasına xüsusi diqqət göstərir, hər il yanvarın 20-də Şəhidlər Xiyabanını ziyarət edərək “Əbədi məşəl” abidə kompleksinin önünə əklil qoyur. 20 Yanvar şəhidlərin ailələrinə qayğı daim dövlətin diqqət mərkəzindədir.
Bu gün Azərbaycan Respublikası bütün dünya arenasında tarixin qanlı günləri ilə üzləşmiş, həm hərbi həm də milli iradə gücünü sübut etmiş dövlət olaraq tanınır. Ali Baş Komandanın Şərəfli Azərbaycan xalqı 30 ilə yaxındır işğalçı Ermənistanın təcavüzü altında qalmış vətən torpaqlarımızı da 44 günlük Vətən müharibəsində dəmir yumruq kimi birləşib qəhrəmancasına azad etdi və öz ruhunda daşıdığı mübarizə əzmi və sarsılmaz iradəsini bir daha təsdiq etdi.
Digər Xəbərlər
Azərbaycan Notariat Palatası ilə ADA Universiteti arasında Əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilib.
31 may 2024-cü il tarixdə Azərbaycan Notariat Palatasının videoformatda Ümumi yığıncağı keçirilib
Azərbaycan Hakimlər İttifaqı və Azərbaycan Notariat Palatasının birgə təşkilatçılığı ilə “Vərəsəlik hüququ: Müasir çağırışlar” mövzusunda elmi-praktik konfrans